Bakı şəhər sakini Sadiq İsrafilov Batıgöz Klinikasından şikayətçidir.
Onun sözlərinə görə, bir müddət əvvəl klinikanın həkimləri Lənkərana səfər ediblər və sığorta ilə işləyəcəklərini vəd edərək, xəstələri Bakıya - Batıgöz Xəstəxanasına yönəldiblər:
"Lakin xəstəxanaya gedən zaman, xəstələr uzun növbələrə dayanır və son nəticədə məlum olur ki, Batıgöz bu cür xəstələri qəbul etmir. Bacım oğlu Elşən İsrafilov da eyni problemlə üzləşib. O, Yardımlı şəhərində yaşayır. Bölgənini digər göz xəstələri kimi o da ümidlə Lənkəranda Batıgöz Klinikasının həkimlərinə üz tutub. Amma həkimlər problemləri burda deyil, Bakıda həll edəcəklərini deyiblər. Bacım oğlu da atasıyla "Gənclik" metrosunun yaxınlığında yerləşən həmin klinikaya gəlib. Xeyli gözlədikdən sonra məlum olub ki, sən demə, ümumiyyətlə, Batıgöz bu cür xəstələri qəbul etmir! Nəticədə boşuna vaxt və xeyli pulu xərcləyiblər".
Şikayətçi deyir ki, Bakıya gəldikdən sonra həkimlər ona əməliyyat olunmağı təklif ediblər:
"Sənədləri hazırlayanda bütün linzaların qiymətlərini elan etdilər. Biz də bildirdik ki, tibbi sığorta ilə gəlmişik. Çünki bizə demişdilər ki, Bakıya gəlin, sığorta ilə əməliyyat olunacaqsız. Bizdən 500 manat pul istədilər. Dedilər ki, sığortanın verdiyi linzalar gənc adamlar üçün tövsiyyə olunmur. 500 manat ödəyənlər əməliyyat olundu, verməyənlər qapı dalında qaldı".
(Sadiq İsrafilov)
Məsələ ilə bağlı Batıgöz Klinikası ilə əlaqə saxladıq. Klinikanın insan resursları departamentinin rəhbəri Günel Məmmədli
Bakupost.az -a açıqlamasında bildirib ki, şikayətçi Lənkəranda müayinə olunub və gözündə anadangəlmə ləkə olduğu üçün Bakıya gəlmək tövsiyə olunub:
“Xəstə katarakt əməliyyatı üçün göndərişi alıb. Lakin biz burada onu iki həkimlə yoxladıqdan sonra xəstənin gözündə başqa problemlərin də olduğu üzə çıxdı. Ona görə də həkimlər tərəfindən xəstəyə ağıllı linza məsləhət görülüb. Ağıllı linza görməni 100 faiz təmin etmək üçündür. Lakin ağıllı linza icbari tibbi sığorta zərfində yoxdur".
Lalə Novruz, BakuPost