Ru
05:10 / 26 Fevral 2023

Qalib xalqın ədalət yürüşü: Xocalıya doğru!

25696

Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini

Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı faciəsi kimi! XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olaraq Dünyanın qanlı tarixinə düşdü. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.




Xocalı soyqırımını törətməkdə erməni işğalçılarının məqsədi nə idi? Niyə məhz Xocalı hədəfə alınmışdı? Bu suallara cavab axtararkən hər şeydən əvvəl Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalının Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqe, həm də yağı düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə olmasına diqqət yetirmək lazımdır. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı quldur birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa çalışırdılar. Erməniləri narahat edən məsələlərdən biri də Xocalının strateji mövqedə - separatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi, Qarabağdakı yeganə aeroportun da burada olması idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərinin yuxularını ərşə çəkmişdi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.




Ermənilərin digər məqsədləri isə, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu. Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Bu mədəniyyətin, tarixi faktların və yazılı mənbələrin araşdırılması göstərir ki, Azərbaycanın böyük bir qismində – Göyçə hövzəsi, Qarabağ və Naxçıvanda məskunlaşan bu tayfalar Şərqi Anadolu və Urmiya hövzəsinədək irəliləmiş, Şərq tarixində böyük rol oynamışlar. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapmışdır. Çox təəssüf ki, Xocalı-Gədəbəy mədəniyyət abidələrinin əksəriyyəti Sankt-Peterburq Antropologiya və Etnoqrafiya Muzeyinə, Moskvanın Tarix Muzeyinə və başqa muzeylərə daşınıb aparılmışdır. Erməni işğalçılarının Xocalı hədəfində məqsədlərdən biri də Qarabağda xalqımızın minilliklər öncədən varlığını sübut edən tarixi yer üzündən silmək idi.
Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Elə bu səbəbdən o gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.



Ötən illər ərzində Xocalı soyqırımına düzgün siyasi- hüquqi qiymət verə bildik və bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdlra bildik. "Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımına hüquqi siyasi qiymət verdi və “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlətimiz xarici siyasət sahəsində böyük diplomatik uğurlar əldə etdi, o cümlədən Xocalı soyqırımının dünyada tanınması istiqamətində davamlı səylər göstərildi. Onu da qeyd etməliyik ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008- ci ildən keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Milli Məclis deputatlarının da yaxından iştirak etdiyi " Xocalıya ədalət" humanitar- siyasi missiyası qısa vaxt ərzində kifayət qədər beynəlxalq dəstək qazana bilmişdir. Görülən məqsədyönlü diplomatik tədbirlər nəticəsində Xocalı soyqırımı dünyanın 17 ölkəsi, habelə, ABŞ- ın 30- a yaxın ştatı tərəfindən tanınmış və bu qətliama beynəlxalq siyasi qiymət verilmişdir.



Beləcə Xocalı faciəsi bizim hər birimizin əbədi olaraq qan yaddaşına yazıldı! Həm də təkcə Xocalı faciəsi yox, Ermənilərin ötən əsrin 1918-1920, 1937-1940, 1948- 1953-cü illərində Bakıda, Şamaxıda, Zəngəzurda törətdikləri kütləvi qırğınlar. Biz tariximizin bu qara səhifələrindən dərs alaraq, anladıq ki, gözəl Vətənimizə göz dikən. xalqımızın qanına susayan əbədi düşmənimiz var və biz torpağımızı yağmalamağa fürsət gözləyən qarı düşmənin gələcək fitnə-fəsadlarının qarşısını almağa həmişə hazır olmalıyıq. Biz Xocalını, digər itkilərimizi başımız üzərinə qaldırıb elliklə düşmənin üstünə getməliyik. Bu bizim zəfər yürüşümüz olmalıydı! Bu illər ərzində döşəyi Vətən torpağə, yastığı Vətən daşı olan qəhrəman əsgərlərimiz hər şeyin nə zaman, necə ediləcəyini yaxşı bilən Ali Baş Komandanın hücum əmrini gözləyirdilər. Onlar intiqam hissi ilə alışıb-yanırdılar. Çünki Xocalı faciəsi yaddan çıxmamışdı; elindən-obasından, doğma yurd-yuvasından didərgin düşmüş, doğmalarını itirmiş anaların ah-naləsi qulaqlardan çəkilməmişdi; Vətənin aldığı dərin yaralar sağalmamışdı... Və o an yetişdi! Ordumuz əsarətdə olan əraziləri ardıcıl şəkildə düşmən tapdağından xilas etdi. Vətən müharibəsi 44 günə başa çatdı. Azərbaycan Böyük Zəfərə imza atdı. Amma bu da son deyil! Ən yaxında Xocalıda da üçrəngli bayrağımızı dalğalandıracağıq, bax onda, Xocalının yarasına məlhəm qoyulacaq, şəhidlərimizin ruhu aram olacaq. Biz Xocalı cəlladlarının cəzasını elə verməliyik ki, Ermənistandakı revanşist qüvvələr birdəfəlik anlasınlar: Azərbaycan xalqı ilə zarafat etmək onların başları üçün deyil! Biz bunu edəcəyik! Mütləq edəcəyik! Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və Ordusu növbəti yürüşünü Xocalıda edəcəkdir. Bu qaliblərin ədalət yürüşü olacaqdır!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər