Ru
16:55 / 19 Yanvar 2024

Qanuni oğrular: Diktator Ağakərim rejim rəisini necə "sındırdı"?

12116



Bəhram Çələbi


O bütün məhbus həyatı boyu ikicə arzu ilə yaşayıb: anası ilə görüşmək və Bakının Xəzər qoxulu havasından bircə dəfə ciyərdolusu nəfəs almaq...

Arzularından biri 33 illik ayrılıqdan sonra qismətinə yazılıb. Anası ilə bir dəfə görüşə bilib. Özü də Sibir meşələrinin dərinliyindəki “zon”lardan birində.
İkinci arzusu isə ürəyində qalıb.




Dosye:

Yazınınqəhrəmanı kriminal aləmdə “Boq Urala”, “Zver Kerim”, “Diktator”, “Magiran”, “Myasnik Kerim” ayamaları ilə tanınan Ağakərim İbrahim oğludur. 1924-cü ildə Bakıda dağlı məhəlləsində anadan olan Ağakərim 1940-cı ildə həbs olunaraq, cəzasını Tiflis, Komi, İrkutsk, Çelyabinsk, Kolıma, Maqadan, 1953-cü ildən ömrünün sonuna, yəni 1973-cü ilə kimi isə Sverdlovk “zon”larında saxlanılıb. 1973-cı ildə barəsində güllələnmə hökmü çıxarılıb, 1976-cı ildə hökm icra edilib.

ŞİRZAD KİŞİNİN XATİRƏLƏRİ:

“Mən həmişə “polosatıy zon”dakı məhbusları daş ürəkli, insanlıq hisslərini itirmiş, hər şeydən ötrü bir-birinin boğazını qamarlamağa, parçalamağa, didməyə hazır olan canavarlarla, vəhşilərlə müqayisə edirdim. Doğrudan da zonlarda, illah da, xüsusi düşərgələrdə insan həyatının bir qəpiklik qiyməti yox idi. Həmişə Diktatoru görəndə fikirləşirdim ki, əgər məhbuslardan eşitdiklərim doğrudursa, onlarla adamın ölümünə fitva vermiş, digərlərini isə öz əlləri ilə qətlə yetirmiş bu qəssab xislətli adamın həyat amalı, ideyası nə ola bilər? Qarşımda, yan-yörəmdə oturanların hamısının qəzəbli gözlərində müdhiş xəyallar, bir-birinə sıxılmış çənələrində, düyünlənmiş yumruqlarında qorxunc və dəhşətli əməl həqiqətləri yaşayırdı. Onları həmişə təşvişli və vəhşi baxışlı, kin və nifrət dolu görmüşdüm. Məhbəsin uzun illər ərzində "zek"lərin içərisində yandırdığı məşəqqət tonqallarından ovurdları və hətta bəbəkləri belə qarsamış kimi görünürdü.

“Myasnik Kərim" dostunun pəncəsini baltaldı

Doktor danışdıqca çoxlarının uzun, çirkli, cod saqqalından yaş damcıladığını görəndə təəccüb qaldım. Həmişə senzuraya sığmayan lətifələr danışan, qarşısındakını insan yerinə qoymayıb kinayəli-tikanlı sözlərlə dalayan “Satana”nın da gözləri nəmlənmişdi.

Bircə Diktator sakit oturmuşdu. Keçmiş xatirələrin ağırlığı altında əzilə-əzilə danışan qozbel həkimin dodaqlarına zillənmiş gözlərdə soyuqqanlı biganəlik, duymamazlıq, hissiyatsızlıq olsa da, üzünün əzələlərinin hərəkətindən başa düşdüm ki, o da Doktorun hekayətinə biganə deyil. Daxilindəki hissləri iradəsi gücünə boğmağa qadir ikinci bir adam tanımıram desəm, inanın”.

Haşiyə

“Az sonra “Satana” lap kiçik, miniatür balta ilə gəldi. Sobanın yanındakı kötüyü stolun həndəvərinə yuvarlatdılar.
- Çıxar sapoqu...! – Diktator baltanı əlində yellədə-yellədə dilləndi və "xlebnik"ini ehmalca qucaqladı.
“Sosulik” xrom sapoqdan çıxardığı toppuş pəncəsini kötüyün üstünə qoydu və gözlərini yumdu.

Ağakərim sərrast zərbə ilə "Sosulik"in pəncəsinin bir parçasını kəsdi. Döşəməyə düşən hissədə iki toppuş barmaq tərpəndi. Ağrıdan gözlərini geniş açmış məhbus diqqətlə barmaqlara baxırdı. Doktor bayaq mənim qaladığım tonqaldan götürdüyü isti külü qan süzülən yaraya basanda “Sosulik” bayıldı”.

SALYANLI TÜRKANIN DEDİKLƏRİ:

Bizim doldurulduğumuz “Stolıpin” bir aya yaxın idi ki, yol gəlirdi. Mən vaqona Orenburq paylama məntəqəsindən oturmuşdum. Kuybışevdə bizim vaqondan otuza qədər dustaq düşürüb apardılar. Gecənin yarısı it hürüşməsi və konvoyların söyüş səslərinə gözlərimi açdım. Dustaqları apardıqdan sonra vaqonda sobanı yandırmağı yaddan çıxarmışdılar. Hiss edirdim ki, donuram. Vaqonumuza on səkkiz nəfər doluşdu. Sobanı yandırmaq üçün daş kömür də verdilər. Yeni gələnlər içərisində üzünü tük basmış bir nəfərin suyu mənə şirin gəldi. Yaxınlaşdım. Adı Məmməd, familiyası isə ya Muradov, ya da Məlikov idi. Ancaq Buzovnadan olduğu yaxşı yadımdadır. Siyasi dustaq idi. Düz on bir ildi Sibirdə, Qazaxıstanda, hətta Monqolustanda “zon”ları gəzib-dolaşırdı. On il vermişdilər. “Srok”u bitəndə yenidən məhkəmə olub və on il də “dobavka” eləmişdilər. Danışanda bütün bədəni əsirdi, nəfəsi boğazından aşağı getmirdi. Qəmli gözlərində böyük nisgil gizlənmiş bəbəkləri elə bil quyunun dibində parlayırdı.
Mən özüm də 61-ci ilə qədər Ekibastuz yaxınlığındakı “zon”lardan birində “srok” çəkirdim. Özümü oğru saymırdım, amma qazamat qayda-qanunu ilə durub-oturur, "zakonnik"lərin kölgəsində firlanırdım.
61-ci ildə orada böyük “müharibə” qalxdı. “Polskie vorı” gecə hücum edib, “Blatnoy”ların demək olar ki, hamısını bıçaqdan keçirmişdilər. Nədənsə konvoylar yalnız bir saatlıq qırğından sonra işə qarışdılar, avtomatla ona yaxın polyakı yerə sərdikdən sonra “müharibə”ni saxlaya bildilər. Səhər tezdən sağ qalmış “vor”ların kiçik dəstəsini paylama məntəqəsinə, oradan da elə birinci etapla Orenburqa göndərdilər. Mən də onların içində idim. Mənim də “srok”umu 6 il artırmışdılar. Orenburqda bizi “polosatıy”, “osobıy” zonlara payladılar. Orada hamını işləməyə məcbur edirdilər. İşə çıxmaq istəməyən “vor” görmədim. Sınmayanı öldürürdülər. Belələri çox idi. Bəziləri özləri intihar edirdi.
Üç il Orenburqda şpal yonan sexdə işlədikdən sonra etap ediləcəyimi eşidəndə təəccübləndim, amma səsimi çıxarmadım, taleyin bu sınağına da sinə gərməli idim.

Sosvada iki həfəlik karantin zamanı öyrəndim ki, burada iki həmyerlim var. Birinin adına “Kosoqlazıy” Abbas deyirdilər. Oğru idi. Digərini “Magiran” adlandırırdılar. Onun haqqında qorxa-qorxa danışırdılar, yaxud heç danışmaq istəmirdilər. Bəziləri ona “Zver”, digərləri “Diktator”, bir başqaları “Magiran” deyirdi.

Biz karantində olsaq da, işləyirdik. Mən yenə şalban yonurdum. Ancaq bu dəfə şpal deyil, barak tikmək üçün uzun kötüklərin iki üzünü çıxarırdım.

Bir gün yenə şalbanın üstündə oturub, balta ilə onu döyəcləyirdim. Kiminsə arxamda dayanaraq mənə baxdığını hiss etdim. Qanrıldım. Düz bir adddımlığımda dayanmışdı. Aşağıdan baxdığımdan mənə elə gəldi ki, başımın üstündə əjdaha boy-buxunlu birisi dayanıb. Ondan beş-altı metr aralıda rejim rəisi, mayor siqaret çəkirdi. Elə sərt, deşici baxışları vardı ki, qeyri-ixtiyari ayağa qalxdım.
– Buzovnadan olan sənsən? – deyə rus dilində soruşdu.
– Yox. Mən Salyanın kəndindənəm. Buzovnalı Mamedi “sançast”a yerləşdiriblər.
– Həmşəriyə oxşayırsan. Düzdür? – deyib gülümsündü. Iki qızıl dişi parladı.
– Elədir, babam iranlı olub, – dedim.
– Axşam gələrsən birinci baraka, söhbət eləyərik, – dedi və çevrilib getmək istəyəndə mən özümü sığortalamaq üçün:
– Karantindəyəm, bizi buraxmırlar, – dedim.
Qanrılıb elə tərs-tərs baxdı ki, ayaqlarımın heydən düşdüyünü hiss etdim.
– Deginən Kərimovun yanına gedirəm, – çevrilib sürətlə uzaqlaşdı.
İşdən sonra yuyunmağa hazırlaşırdım. “Kum” – barak komendantını belə adlandırırdıq – yaxınlaşıb çiynimə toxundu. Qoltuğunda təzə vatnik, ağ-qara xətlər olan pijama, hətta tiftikli dəsmal tutmuşdu.
– Gedək, hamamda çim, əynindəki tryapkanı bir kənara at. Bunları geyərsən, – dedi.
Həbs olunduğum gündən sonra birinci dəfə idi insan kimi, tələsmədən, sabunla çimdim. Duşun altında dayanmışdım, ağlamaq tutmuşdu məni. “İnsan kimi çimməkdən böyük səadət varmı dünyada?” – fikirləşir, isti suyun təsirindən bədənim yumşaldıqca ağlayırdım.

Axşam yeməyindən sonra “kum”a yaxınlaşıb: “Mənə Kərimovu görmək gərəkdir” dedim. Bir kəlmə danışmadan məni “vaxta”dan keçirdib, barmağı ilə uzaqdakı barakı göstərdi...

Sobanın yanına yığışmışdı hamı. Kərimov danışırdı:

– Oğru və onun yaxın ətrafı həmişə özünü uca tutmalıdır. Qayda-qanun və oğru ənənələrini qoruyan hər bir kriminal aləm avtoriteti saf və düzgün olmalıdır.

Buzovnalı Mamed lap sobanın yanında oturmuşdu. Bütün bədənini odeyalla bürümüşdülər, ancaq arıq, qızartı gəlmiş sifəti və sevinclə parlayan gözləri görünürdü.

Tam sakitlik idi barakda. Kərimov bir anlıq danışığına ara verəndə sobada yanan odunların çırtıltısı və alovun uğultusu pozurdu sükutu.
– Oğrudan başqa heç kəs "zek"in taleyini həll edə bilməz, – Ağakərim barmağını Buzovnalı Mamedə tuşladı. –Bu insan da akademiyada kitab tərcüməsi ilə məşğul imiş. Bunun siyasətlə nə işi? Amma belinə 53-cü ildə “57-1” qoyublar. Birinci amnistiyada bu kişi getməlidir. Mən adam öldürmüşəm, sən oğurluq etmisən, sənsə əllərini qaldırıb fritsə təslim olmusan. Yaxşı. Biz otururuq. Bu insan ki, ancaq yaxşılıq, yaxşılıq və yenə də yaxşılıq etmək niyyətində olub. Bu kişi "volya"ya getməlidir. Bunu mən deyirəm!

O vaxtlar Xruşşovu lap təzəcə atmışdılar bayıra. Bütün söhbətlər ancaq ondan gedərdi, haqqında lətifələr danışır, gülüşürdülər. Arıq bir kişi lətifə danışmağa başladı. Sonradan öyrəndim ki, “Satana” deyirlər ona.

Xruşşov barədə olan lətifələrin əksəriyəti kənd təsərüfatı ilə, xüsusən də qarğıdalıyla bağlı idi. Lətifə danışan oğlan da "zon"da sözükeçənlərdən idi. Həmişə ona deyərdilər ki, Tolik, iki ildən sonra sənin ilindir.

Xəstəlik

Şaxta olmasına baxmayaraq, təzə gələn etapın "zek"ləri eyni zamanda dörd barak tikintisinə başlamışdı. Əvvəlki düşərgənin ərazisi xeyli böyüdülürdü. Tikanlı məftillər vurulan ikiqat dirəklərin hamısını bir neçə saat içində basdırdıq. Yüz nəfər məhbus qarışqa kimi dayanmadan işləyirdi.

Üçüncü gün bu işlər sona çatdı və bizə elə təzə barakların içindəcə iki norma yemək verdilər. Qaynar noxud balandası hamının xoşuna gəldiyindən “miska”larımızı doldurub tələsik, tərimiz üzümüzdən süzülə-süzülə yedik. Mən bilirdim ki, belə işdən sonra öyrənməmiş mədəyə bu qədər yağlı maye doldurmaq olmaz. Ancaq nəfsimi saxlaya bilmirdim. Ağzıma apardığım hər qaşıqdan sonra ürəyimdə özümə “bəsdir, bu axırıncıdır” deyirdim, amma yenə yeməyə davam edirdim.
İki saatdan sonra məhbusların çoxunu “ponos” tutmuşdu. Hələ naraları tam inşa olunmamış sonuncu barakı düşərgə xəstəxanası kimi istifadəyə verdilər və elə həmin axşam iyirmidən artıq "zek"i lazaretə yerləşdirdilər. Mən sevinirdim ki, məhbus həyatında ən dəhşətli xəstəlik sayılan ponosa mübtəla olmamışam. Sevincim səhərə qədər oldu...

Səhər tezdən sıra düzüləndə hiss etdim ki, işlər korlanıb. Lepila – düşərgə feldşeri –hamının üzünə diqqətlə baxa-baxa "razvod"da dayanan məhbus sıralarını başa vurdu və daha dörd "zek"i barmağı ilə "nadzor"lara göstərdi. Onları da ayırıb təzə xəstəxanaya apardılar.

Bilirdim ki, xəstəxanaya düşənlərin 90 faizi bu dünyadan köçüblər.. Onu da bilirdim ki, xəstəlik zamanı maye qəbulu qətiyyən yaramaz. Orada isə ancaq balanda verilirdi... Dörd gün çörəyi nazik dilimlərlə doğrayıb, tonqalın alovunda qurudaraq yesəm də, xeyri olmadı. Beşinci gün Lepila məni də "razvod"dan xəstəxanaya göndərdi.

Dərman yox idi. Mədə bərkidici yeməklər: düyü yarması, suxariki haqqında düşünməyə belə dəyməzdi. Labüd ölüm gözləyirdi bizi. Buna “pellaqrik ponos” deyirdilər. Hələ Orenburqda olarkən bu dəhşətli xəstəlik haqqında eşitmişdim. “Mədə-bağırsaq yolu çox nazilir, hiss edirsən ki, nə isə içində indicə qırılacaq” - deyirdi orenburqlu tale yoldaşlarım.

İkiyaruslu naraların birinci mərtəbəsində tam taqətsizlər, son nəfəslərini alanlar, ikincidə isə hələ oraya dırmaşmağa gücü qalanlar yatırdılar.
Birinci “yarus”da yatanlar gözümün qarşısındaca əriyirdilər. Ölüm qabağı onlar əvvəlcə iştahlarını itirir, hətta papiros çəkmək belə istəmirdilər. Sonra huşsuzluq, beyinin parçalanması və pellaqrik dəlilik başlanır. Mən birinci mərtəbədə uzananlara baxırdım və qeyri-ixtiyari göz yaşlarım süzülürdü. Amma nədənsə bilirdim, əmin idim Allah mənimlədir, özümdə iradə, güc, bacarıq tapacağam, ölməyəcəyəm. Haradan idi bu qətiyyət? Bilmirəm...

Palataya radio çəkdilər. Moskvadan konsert verirdilər... Haray, qışqırıq, alqışlar. Orada şənlənir, gülür, yaşayırlar, - fikirləşirdim, – burada isə murdar nəcis qoxusu, söyüş, ölümlə çarpışma...

Üçüncü sutka da iztirablar içində əriyib getdi... Səhər yuxudan oyananda hətta başımı qaldırmağa qorxurdum. Mənim altımdakı naradan meyiti sürüyüb çıxardılar. Üzüyuxarı uzanmışdım.. Yenə yumdum gözlərimi.
Yenidən yuxulamışdım. Çiyinimə toxunan əlin təmasından oyandım. Diktator idi... “svita”sı ilə... Qozbel həkim də onunla yanaşı dayanmışdı. Nə dediyini anlamırdım, qəhər boğurdu məni. Ovucunu alnıma qoyub:
– Heç nə yoxdur ki.. Sən heç xəstə deyilsən. Mərd ol, öz-özünə təkrar etginən... "Mən xəstə deyiləm! Sağlamam! Sağlamam, sağlamam!" Sənə şariklər verəcəklər, onu atarsan, – dedi, sonra uzaq küncdəki naraya tərəf getdi.

Onunla gəlmiş Tolik – Ponçik qonur rəngli noxud boyda dörd şarik verdi, - “ancaq bunları ud, heç nə yemə” – dedi və tələsik uzaqlaşdı.
Etiraf edirəm ki, onların verdiyi həblərə, onların təbibliyinə o qədər də inamım yox idi. Özüm tikinti texnikumunu qurtarmışdım. Amma “batan adam saman çöpünə əl atar” – deyib atalar.
Onlar verən qonur həblərdən ikisini atıb yenə yuxuladım. Ayağa qalxmağa taqətim onsuz da yox idi.
Günotraya yaxın düşərgə feldşeri altı nəfər seçib əsas xəstaxanaya köçürtdü. Mən də onların içərisində idim. Bunların hamısı Diktatorun səhər yaxınlaşdığı zeklər idilər.
Bir həftə sonra artıq hər şey keçmişdə qalmışdı. Düzdür, çox arıqlamışdım. Amma istirahət etdiyimdən, doyunca yatdığımdan özümü quş kimi hiss edirdim.
Sağ qalmağıma görə Ağakərimə borclu idim. Tək mən deyil, on nəfərə yaxın məhbus hələ xəstəxana mətbəxində oturub o vaxtlar adını hətta unutduğumuz süd sıyığı yeyərkən Diktatoru "Səcdəgah" adlandırır, ona dualar edirdik. Birisi hətta ona dualar oxuyandan sonra xaç çevirdi:

–Mən Allah qarşısında söz verirəm ki, Kərimovun təbəəsi olacağam. Diktator həqiqətən başçıdır, - dedi.

Düşərgənin həyətində yaradılan barak xəstəxanada da Tolikin verdiyi qonur noxudlardan sonra çoxu ponosdan yaxa qurtarmışdı....Amma onlar üzülmüşdülər, hətta otura bilmirdilər. Onurğaları bədənlərini saxlaya bilmirdi. Onları “daxodyaqa”lar adlandırırdılar. Ponos xəstəliyi keçirib sonradan sağalanların hamısını Ağakərimin barakına yerləşdirdilər. Düşərgədə olan yeddi barakdan ancaq ikisində məhbus vardı. Cəmisi 70-80 “polosatı” qalmışdıq...

Bir səhər "razvod"dan sonra rejim rəisilə Diktatorun bir kənara çəkilib söyüşdüklərini gördük. Satana, Tolik, mən və bir neçə məhbus onlara tərəf qaçdıq ki, görək nə hadisə baş verib. Ağakərim əlinin bərəkətilə bizə “yaxınlaşmayın!”, bəlkə də “Rədd olun!” deyə, acıqlı işarələr edirdi.

Rejim rəisinin "vorotnik"ində iki "şpal" saralırdı... Podpolkovnik çini almışdı. Ağakərim hirslə, barmağını silkələyə-silkələyə danışır, hər kəlmədən sonra söyüş yağdırırdı. Birdən o dayandı..., daha danışmaq istəmədiyini bildirib, bir neçə dəfə “Basta!” dedikdən sonra çevrilib bizə tərəf gəldi. Rejim rəisi də sıraya yaxınlaşdı:

– Dağılın baraklara... Artıq bir nəfəri də düşərgənin həyətində görməyim! – qışqırdı.

Həftənin axırına qədər “doxodyaqalar”a ikiqat payok verildi. Hətta qreçka kaşalarının üstündə kiçik kotletlər də peyda oldu. Hamı başa düşürdü ki, bu, Dikatatorun rejim rəisilə söyüşməsinin nəticəsidir.

Həftənin sonunda hələ “podyom” əmri verilməmiş haray-həşir, it hürüşməsinə yuxudan ayıldıq... Etap gəlmişdi. Azından iyirmi it mırıldaşırdı ətrafda.

(Ardı var)
Şərhlər
  • ƏTRAF KAZIMOV

    MARAQLI MƏLUMATDIR

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər