Ru
10:11 / 14 İyul 2022

Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO

6487
Məlum olduğu kimi, tanınmış jurnalist Mirşahin Ağayev müəllif və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində bir sıra telekanalları sərt tənqid edib.


Aparıcı son zamanlar Azərbaycan teleməkanında inkişaf meyillərinin olduğunu, AzTV-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişikliklərin müşahidə olunduğunu, lakin qalan bir neçə kanalın ictimai zövqü korladıqlarını vurğulayıb: "Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var".




Mirşahin Ağayevin bu ittihamlarına reaksiya özünü çox gözlətmədi...


ATV prezidenti Azər Xəlilov sosial şəbəkədə Mirşahinə cavab verdi. Ardınca məsələ ilə bağlı ATV və ARB rəhbərliyi birgə bəyanat yaydı, Mirşahinin "bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi" barəsində ittihamının cəfəngiyat olduğunu bildirdilər və onu məhkəmə ilə hədələdilər.


Maraqlıdır, telekanal rəhbərləri arasında bu qarşıdurmanın əsl səbəbi nədir?


Mövzu ilə bağlı fikirlərini Bakupost.az -la bölüşən Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib ki, televiziya kanallarının bir-biriləri ilə açıq şəkildə çarpışması xoşagələn deyil.


Onun fikrincə, tərəflər üz-üzə oturub müəyyən debatda məsələni həll edə bilərlər:


“Problemlər ola bilər, oturub sakit, rahat həll etmək mümkündür. Bunun müsbət tərəfi ondan ibarətdir ki, televiziyalarda hansı narahat məqamlar varsa, mübahisələrdə aşkar görünür. Burada tərəf tutmaq çox çətindir. Çünki hər iki tərəf müəyyən arqumentlərlə danışır. Arzulayardım ki, bu konflikt tezliklə sona yetsin. Televiziyalar özlərinin əsas işi ilə, yəni, maraqlı, keyfiyyətli verilişlər hazırlamaqla məşğul olsunlar.


Tamaşaçıların tələbatına cavab verən yüksək səviyyəli, reytinqli verilişlərlə ekranda görüşə bilək.


Tərəflərdən kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindir. Amma vəziyyətdən çıxış yolu müəyyən bir debatda üz-üzə oturub, problemi çözmək və tamaşaçıları da bununla bağlı məlumatlandırmaqdır. Bütün hallarda hesab edirəm ki, televiziyaların ictimai rəyə təsiri var. Eyni zamanda insanların televiziyalardan gözləntiləri daha çoxdur. Televiziya kanalları diqqətlərini daha çox həmin gözləntilərin reallaşdırılmasına yönəltməlidir”.


Aynur İbrahim
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Cabir

    elə Qulu da Mirşahinin tayıdır.Apar qaytar.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər