Ru
23:31 / 01 İyul 2025

Rusiya 90 ildə dəyişməyib, 1937 davam edir: İndi babalarımız yox, soydaşlarımız...

Rusiya 90 ildə dəyişməyib, 1937 davam edir: İndi babalarımız yox, soydaşlarımız...
Eye

Azərbaycan Vəkillər Kollegiyası Rusiyanın Yekaterinburq şəhərində həbs olunan “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinski ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək.

Bakupost.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

O vurğulayıb ki, Ş.Şıxlinskini uzun illərdir şəxsən tanıyır, özü və oğlu Rusiyada təcrübəli vəkillərdir:

"Onların bir tək "günahı" son günlər qanunsuz həbs olunmuş diaspora üzvlərinin hüquqlarını müdafiə etmələridir. Dünən bütün dünyaya yayılmış vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə bu gün onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğul qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur, döyülürlər. Şahin müəllim həmçinin tanınmış iş adamıdır, diaspora rəhbəridir".

A.Bağırov qeyd edib ki, artıq vəkillər, hüquqşünaslar peşə fəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur: "Ən qısa zamanda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından bu dəhşətli faktlarla bağlı beynəlxalq hüquqmüdafiə təşkilatlarına müraciət olunacaq. Rusiyanın güç strukturları tərəfindən soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır, barbarlıqdır. Görünən odur ki, Rusiyada hüquq və hüquqlar mövcud deyil, orada istənilən şəxsi küçədə döyüb alçaldırlar, milli mənsubiyyətinə, peşə fəaliyyətinə görə insanlar öldürülür, döyülür, işgəncəyə məruz qalırlar. Dövlətin güc strukturları işgəncə makinasına çevrilib, cəlladlar qanun üzərində rəqs edirlər. 1937-ci ildə üç babam millətçilikdə ittiham olunaraq "xalq düşmənləri" adlandırılıb və Stalin repressiyası qurbanları olaraq kontslagerlərdə öldürülüb. Görünən odur ki, 90 il sonra heç nə dəyişməyib və babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər. Stalin cəlladları Ejovların, Yaqodalarının nəticələri bu gün yenə iş başındadılar. Davam edir 37, daha kəskin, daha ciddi..."

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar