Ru
13:28 / 16 Noyabr 2026

Qusma, hərarət, ağrılar: Koronavirus geri qayıdıb?

Qusma, hərarət, ağrılar:  Koronavirus geri qayıdıb?
Eye

Son aylarda uşaqlar və böyüklər arasında qusma, ishal, hərarət və kəskin kürək ağrısı kimi əlamətlərlə müşayiət olunan virus infeksiyalarına tez-tez rast gəlinir. Xəstəliyin əlamətlərinin bir-birinə bənzəməsi isə hansı virusun yayıldığını müəyyənləşdirməyi çətinləşdirir. Mütəxəssislər hesab edirlər ki, hazırda bir neçə virusun eyni vaxtda yayılması mümkündür. Bu səbəbdən xəstəliyin konkret törədicisini yalnız müvafiq laborator analizlər vasitəsilə müəyyənləşdirmək olar.

"Bakupost" xəbər verir ki, həkim-pediatr Gülşən Əliyeva mövzu ilə bağlı Musavat.com-a hazırda yayılan infeksiyalar arasında rotavirus, COVID-19-un mutasiyaya uğramış forması və mövsümi qrip virusu ola bilər deyib.

"Hazırda fikrimcə, yayılan viruslar arasında həm rotavirus, həm də COVID-19 virusunun mutasiyaya uğramış forması var. Eyni zamanda, adi qrip virusu da mövsümi olaraq hər il yeni formada, yeni mutasiyaya uğramış variantda yayılır. Hazırda elə bir dövrdə yaşayırıq ki, müxtəlif viruslar eyni vaxtda yayılır.

Ona görə də onların klinik əlamətləri bir-birinə çox oxşardır. Konkret xəstədə hansı virusun olduğunu yalnız törədicini müəyyənləşdirmək üçün müvafiq analizlər verməklə bilmək mümkündür. Hətta analizlərin nəticələri də bəzən üst-üstə düşür, bəzən isə fərqli olur".

Həkim qeyd edib ki, klinik əlamətlər həm rotavirusda, həm COVID-in mutasiyaya uğramış formalarında, həm də qrip virusunda oxşar şəkildə müşahidə edilir:

"Xəstələrin şikayətləri, demək olar ki, eyni olur. Müalicə də əsasən ümumi prinsiplər əsasında aparılır. Virus infeksiyalarında, simptomatik müalicə tətbiq edirik. Virusun növündən və xəstənin vəziyyətindən asılı olaraq, ehtiyac yarandıqda etiotrop müalicə də təyin olunur. Xəstəliyin gedişatını izləyirik, əsas məqsədimiz ağırlaşmaların qarşısını almaqdır".

Gülşən Əliyevanın sözlərinə görə, infeksion xəstəliklərin özünəməxsus mərhələləri var:

"Başlanğıc, klinik yüksəliş və sağalma dövrləri. Bu mərhələlər ərzində çalışırıq ki, xəstənin vəziyyəti ağırlaşmasın. Klinik gedişatı daim izləyir, xəstənin vəziyyətinə uyğun müalicə təyin edirik. Əsas diqqətimiz xəstəliyin ağırlaşmasının qarşısını almağa yönəlir”.

Məsələ ilə bağlı Musavat.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır:

"Digər mövsümi respirator viruslarla yanaşı ümumi epidemioloji müşahidə çərçivəsində izlənilir və bu istiqamətdə monitorinq tədbirləri davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınmaqla, əhalinin sağlamlığının qorunması məqsədilə müvafiq nəzarət və profilaktik tədbirlər icra olunur".

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar