"Keyfiyyətli təhsil adı ilə şagirdləri ifrat dərəcədə yükləməklə təhsilin keyfiyyətini artırmaq olmaz. Bu, düzgün yanaşma deyil. Təhsilin keyfiyyəti çox təəssüf ki, çox yüksək bal toplamaqla ölçülür. Amma heç bir hüquqi-normativ aktda məktəbin vəzifəsinin ali məktəbə abituriyent hazırlamaq olduğu öz əksini tapmayıb. Unutmaq olmaz ki, kurikulumlar səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır. Amma biz yenə təhsilə, məktəbə həmin məktəbin məzunlarının ali məktəbə qəbul göstəricisinə əsasən qiymət veririk".
Bu fikirləri Bakupost.az -a təhsil eksperti Nadir İsrafilov söyləyib.
Ekspert bildirib ki, kurikulum təhsilə yeni gəldikdə dərsliklər bu proqrama uyğun hazırlanmadığından, əlavə vəsaitlərdən, iş dəftərlərindən istifadə edilirdi. Amma dərsliklər artıq kurikuluma uyğun hazırlandığından, əlavə vəsaitlərə, iş dəftərlərinə ehtiyac yoxdur:
“Təəssüf ki, bu gün yenə ayrı-ayrı məktəblərdə iş dəftərləri tələb edirlər. Həmin müəllimlərlə iş aparmaq lazımdır. On ildən artıqdır ki, Elm və Təhsil Nazirliyi iş dəftərləri komplektdən çıxardıb. Amma bəzi müəllimlər şagirdlərə iş dəftərləri aldıraraq onları artıq yükləyir, evə həmin əlavə vəsaitlərdən tapşırıqlar verirlər. Bəzi müəllimlərin iş dəftərlərini işləməyən şagirdin summativlərdə çətinlik çəkəcəyi barədə fikri əsassızdır. Sovet dövründə iki qəpiklik dəftərlə akademiya oxuyurdular. Çünki, həmin dəftərlərin arxasında şəkillər yox, vurma cədvəli var idi. İndi yenidən ayrı-ayrı məktəblərdə iş dəftərlərinin tətbiqi yolverilməzdir".
Sevinc,
BakuPost