Xalq artisti Polad Bülbüloğlunun 81 yaşında üçüncü dəfə ailə qurması barədə yayılan xəbər son günlər Azərbaycanda ciddi rezonans doğurdu.
Polad Bülbüloğlu sonradan xəbəri təkzib edərək həyat yoldaşı Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirsə də müzakirələr davam edir.
Belə bir məqamda
“Bakupost” ahıl yaşında ailə həyatı quran məşhur şəxslərin siyahısını hazırlamağa çalışıb.
Məlum olur ki, siyasət, incəsənət və biznes dünyasında 75, 80, hətta 90 yaşdan sonra nikah masasına əyləşən kifayət qədər tanınmış sima var.
93 yaşında beşinci dəfə evləndi
Dünyanın ən məşhur media maqnatlarından Rupert Merdok 2024-cü ildə 93 yaşında beşinci dəfə ailə qurdu.
Onun həyat yoldaşı 67 yaşlı təqaüdçü molekulyar bioloq Yelena Jukova oldu. Toy Kaliforniyada Merdoka məxsus üzüm bağında keçirildi. Cütlüyün münasibətlərinin nikahdan təxminən bir il əvvəl başladığı bildirilirdi.
Aya ayaq basdı, 93 yaşında evləndi
Bəşər tarixində Aya ayaq basan ikinci insan Buzz Aldrin də 90 yaşdan sonra evlənən məşhurlardandır.
Əfsanəvi astronavt 2023-cü ildə, düz 93-cü doğum günündə uzun müddət birlikdə olduğu Anka Faurla nikaha daxil oldu. Bu, Aldrinin dördüncü evliliyi idi.
Toydan sonra astronavt özlərini “qaçıb evlənən yeniyetmələr” qədər həyəcanlı hiss etdiklərini bildirmişdi.
86 yaşlı Hollivud ulduzunun 40 yaşlı gəlini
Amerika kino və televiziya tarixinin məşhur simalarından Dik Van Dayk 2012-ci ildə 86 yaşında vizajist Arlin Silverlə evləndi.
Onların arasında 46 yaş fərq vardı. Cütlük 2006-cı ildə Kinoaktyorlar Gildiyasının mükafatlandırma mərasimində tanış olmuşdu. Silver həmin tədbirdə vizajist işləyirdi. Altı il sonra münasibətləri nikahla nəticələndi.
Borxes – 86 yaşında, ömrünün son aylarında…
Dünya ədəbiyyatının böyük simalarından Xorxe Luis Borxes də ömrünün son çağında ailə qurub.
Argentinalı yazıçı 1986-cı il aprelin 26-da, 86 yaşında uzun illər yanında olan yazıçı və tərcüməçi Mariya Kodama ilə evləndi.
Bu nikah çox qısa sürdü. Borxes həmin il iyunun 14-də Cenevrədə vəfat etdi.
Entoni Kuinn – 82 yaşında yeni ailə
İki dəfə “Oskar” mükafatı qazanan məşhur aktyor Entoni Kuinn 1997-ci ildə 82 yaşında Keti Benvinlə evləndi.
Benvin aktyordan təxminən 47 yaş kiçik idi. Bu, Kuinnin dördüncü nikahı oldu.
İlk dəfə 81 yaşında evləndi
Amerikalı aktyor Hyu O’Brayenin hekayəsi isə digərlərindən fərqlənir.
O, 81 yaşında ikinci və ya üçüncü dəfə deyil, həyatında ilk dəfə nikah masasına əyləşdi.
“Wyatt Earp” serialı ilə məşhurlaşan aktyor 2006-cı ildə uzun illər birlikdə olduğu Virciniya Barberlə münasibətlərini rəsmiləşdirdi.
Mandela 80 illiyini toyla qeyd etdi
Cənubi Afrikanın əfsanəvi lideri, Nobel Sülh Mükafatı laureatı Nelson Mandela isə 80-ci doğum günündə evləndi.
1998-ci ildə onun həyat yoldaşı Mozambikin keçmiş prezidenti Samora Maşelin dul xanımı Qrasa Maşel oldu.
Onların evliliyi Mandelanın 2013-cü ildə vəfatına qədər davam etdi.
Azərbaycanda da belə nümunə var
Azərbaycanda tanınmış şəxslərin 75-80 yaşdan sonra ailə qurmasına dair açıq mənbələrdə təsdiqlənmiş nümunələrə çox rast gəlinmir.
Maraqlı faktlardan biri müğənni Tacir Şahmalıoğlunun atası ilə bağlıdır. Müğənni 2019-cu ildə televiziya verilişində atasının 76 yaşında evləndiyini və həmin nikahdan bir oğlunun dünyaya gəldiyini açıqlayıb.
Yaşlı insanların evliliyi ilə bağlı Azərbaycanda böyük müzakirə doğuran hadisələrdən biri isə 2012-ci ildə yaşanıb.
Həmin vaxt Milli Məclisin İnsan hüquqları komitəsinin sədri olan Rəbiyyət Aslanova 60 yaşında professor İlham Rəhimovla ailə qurub. Onların nikahı mediada geniş müzakirə olunub, sosial mühitdə isə xeyli qınaqla qarşılanıb.
Lakin evlilik uzun sürməyib. Cütlük bir neçə ay sonra boşanıb.
İndi Polad Bülbüloğlu haqqında yayılan xəbər ahıl yaşda evlilik mövzusunu yenidən gündəmə gətirdi. Dünya nümunələri isə göstərir ki, nikah masasına əyləşmək üçün 80, hətta 90 yaş da maneə olmayıb.
Görünür, sevginin təqvimlə arası heç vaxt yaxşı olmayıb.
Elnur, Bakupost