Ru
12:22 / 06 Oktyabr 2022

Şiddətə meyilli yeniyetmələr niyə çoxalıb? - Psixoloqdan SOS siqnalı

4062
"Biri evdə aşırı şiddət görən, amma əsla əzilməyəcəm deyən, digəri isə ailədə şiddət görsə də, heç vaxt şiddət göstərməyəcəm deyən tərəfdir. Böyük ehtimlla bunları müəllimlər görür. Məktəb açıldığı bir ay deyil, amma bullinqə məruz qalan yeniyetmələr artıq müraciət edir".


Bu fikirləri Bakupost.az -a psixoloq Vəfa Əkbər 112 saylı məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinə münasibət bildirərkən deyib.


Psixoloqun sözlərinə görə, uşaqlar bəzi müəllimlərin vecinə deyil, onlar sadəcə, "dərsimi keçdim, canımı qurtardım" deyib gedirlər:




"Yeniyetməlik elə bir dövrdür ki, insanın şəxsiyyəti formalaşır. İnsan artıq müstəqil fərd olmaq, öz qərarları, seçimlərini görmək istəyir. Bunu yanlış da edə bilər. Valideynlər onlara səbrlə yardım etməli və dinləməyi bacarmalıdır. Təəssüf ki, bu gün sosial vəziyyəti yaxşı olmayan ailələr çoxdur. Maddi vəziyyətin aşağı olmasından ailədə yaranan gərginlik, ailədaxili söz-söhbətlər və şiddət uşaqların psixologiyasına ciddi təsir edir. Şiddət təkcə fiziki olmur, eyni zamanda psixoloji, maddi və mənəvi də olur. Əgər uşaq eyni şiddəti oxuduğu məktəbdə də görürsə, artıq "mən yararsızam", "niyə yaşayıram", "heç bir faydam yoxudur" və "yoxluğum insanları daha rahat edir" kimi düşüncələrə qapılır. Digər problem ondadır ki, çox vaxt ailələrdə yeniyetməni hələ də uşaq kimi görürlər. Onun seçimlərinə, qərarlarına lağ edərək yanaşır, yaxud heçə sayırlar. Bu da böyüyən fərdin içində üsyana çevrilir. Səbəblərdən biri də ailədə ana və atanın bir-birinə sevgisinin olmamasıdır, bu, uşağa da yansıyır. Uşağı alət kimi istifadə edirlər. Məsələn, ana atadan, yaxud ata anadan şikayət edir və uşaq hər iki tərəfdən zədələndiyini hiss etdikdə tamamilə sınır, aqressivləşir".


V.Əkbər vurğulayıb ki, intihara təşəbbüs edən uşaq və yeniyetmələrin əksəriyyəti bu barədə əvvəlcədən informasiya verirlər:


"Onlar daha çox "bezmişəm, yorulmuşam, yaşamaq istəmirəm, canımı götürüb gedəcəm, ölsəm yaxşıdır, sizin övladınız olmaq istəmirəm" kimi üsyanlar edir. Bunu birinci ailə, daha sonra həmin yeniyetmnənin çevrəsi, dostları, sinif yoldaşları eşidir. Həmçinin bu bitkinliyi müəllimlər də şagirdin dərsə davamiyyətinin azalmasında, istəksiz, aqressiv davranışlarında görür. Hətta özünü ekstra müdafiəetmə məcburiyyəti duyur. Nəticədə cəmiyyətdə şiddətə meyilli uşaqlar böyümüş olur. Maraqlıdır ki, belə vaxtlarda məktəb psixoloqları nə iş görür? Məgər onlar bunu görmürlər? Niyə müəllimlər həmin psixoloqlarla söhbət aparmır? Daha neçə uşaq intihar etməlidir ki, müəllimlə psixoloq əməkdaşlığı formalaşsın? Bunlar artıq SOS siqnalıdır. Əgər müəllim özü şagirdlə bacara bilmirsə, ən azından valideynə, psixoloqa məlumat versin. Onlar birgə şəkildə çıxış yolu tapsınlar. Əfsuslar olsun ki, bu bağlar zəif olduğu üçün şiddətə meyilli şagirdlərin artığını görürük. Bunları gizlətmək əvəzinə kompleks tədbirlər görmək lazımdır".


Qeyd edək ki, son günlər Naxçıvanda məktəblinin intihar etməsi, eyni zamanda Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 112 saylı məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsi kimi hadisələr baş verib.


Fəridə
Baku Post




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər