Ru
19:06 / 18 Mart 2026

Sosial-əyləncə verilişlərinin dayandırılmasının PƏRDƏARXASI

Sosial-əyləncə verilişlərinin dayandırılmasının PƏRDƏARXASI
Eye

Azərbaycan teleməkanında son dövrlər baş verənlər – reytinqli və gəlirli verilişlərin dayandırılması kifayət qədər müzakirə yaradan, eyni zamanda ziddiyyətə yol açan addım oldu.

Uzun illər efirləri sözün həqiqi mənasında zəbt etmiş sosial yönümlü və əyləncə xarakterli verilişlərin birdən-birə dayandırılması həm tamaşaçılar, həm də media mütəxəssislərini təəccübləndirdi.

Bakupost.az xəbər verir ki, hər nə qədər daha ziyalı kateqoriyadan olan insanlar belə verilişlərə qarşı çıxsalar da, intellektual proqramlar tələb etsələr də publika bu verilişləri nəinki izləyir, hətta hər buraxılışdan edilmiş çıxarışlar sosial şəbəkələrin də gündəm mövzusu olurdu.

Ziddiyəti yaradan da bax elə budur: adətən reytinqi az olan, reklam gəlirləri məhdud verilişlər sıradan çıxarılır, onların yerinə daha baxımlı verilişlər gətirilir. Amma Azərbaycan teleməkanın “bəzəyi” olan bu verilişlər reytinqləri alt-üst edəcək qədər səs-küylü idi. Üstəlik bu telekanalların özəl olduğunu nəzərə alsaq, həm də belə verilişlərə yayımlandığı kanalın kassası demək olardı.

Bəs eləsə bu qədər tamaşaçı kütləsi olan gəlirli verilişlər niyə dayandırıldı?

Bizim.media səbəbləri rəsmi mənbədən öyrənmək üçün həmin telekanalların məsul şəxslərinə müraciət edib. Həm ATV (“Bizimləsən”, “Rəngarəng”), həm də ARB (“Səni axtarıram”, “Elgizlə izlə”, “Həmin Zaur”) telekanallarının mətbuat xidmətindən bildirildi ki, bu verilişlərin yayımı daxili qaydalara əsasən dayandırılıb:

“Yaradıcı heyətlə rəhbərlik arasında müzakirələr davam edir. Hər hansı yenilik olarsa ictimaiyyətə məlumat veriləcək. Hələlik qərar budur”.

Həmçinin bildirildi ki, efir cədvəlinə dəyişiklik ediləcək. Amma yeni verilişlərin olması və bağlanan verilişlərin heyətinin gələcək taleyi barədə hələ ki hər hansı məlumat verilmir.

Hansı dəyişikliklər gözlənilir?

Görünən odur ki, dəyişikliklər təkcə proqram cədvəlinin yenilənməsi deyil, efir siyasətində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Amma sözügedən kanallardan konkret səbəb göstərilmədiyinə görə, bizə yalnız ehtimal etmək qalır. Belə baxanda bu verilişlər kifayət qədər reytinq toplayan və reklam bazarı olan layihələr olsa da son illərdə onların məzmun keyfiyyəti ilə bağlı tənqidlər artmışdı.

Xüsusilə süni şəkildə dramatizasiya və şəxsi sərhədlərin pozulması ön plana çıxırdı, yəni ailə problemlərinin şouya çevrilməsi, özəl həyatın ifşası geniş narazılıq doğururdu. İlk mərhələdə maarifləndirici olsalar da, sonrakı etapda bu funksiya zəiflədi: bəzən cəmiyyətə faydalı olmaq bir yana, hətta zərərli mesajlar ötürülürdü. Hər nə qədər tamaşaçı ilə emosional bağ qurmağı bacarsalar da, getdikcə tənqid edən auditoriya tərəzinin bir gözünü ağırlaşdırdı. Artıq izləyicilər milli dəyərlərə uyğun istiqamətdə verilişlər tələb edirdi.

Hazırkı dəyişikliklər göstərir ki, yeni layihələrin hazırlanması qaçılmazdır.

Rəsmi olaraq efirin yeni verilişlərlə doldurulacağı bildirilsə də, hərəsi 2-3 saat olan bu verilişlərin yaratdığı boşluq əlbəttə ki, hiss olunacaq. Ədəbi-mədəni, tarixi, ciddi sosial proqramlara üstünlük verilə bilər, amma bu seçim özəl kanalların gələcək maddi fəaliyyətini necə tənzimləyəcək? Bu sual açıq olaraq qalır.

Üstəlik kadr məsələsi də var. Böyük bir komanda – aparıcılar, redaktorlar, texniki heyət və s. Bu dəyişikliklər onların taleyi ilə bağlı da suallar doğurur. Böyük ehtimalla tamaşaçı rəğbətini qazanmış kadrlar yeni layihələrə cəlb olunacaq. Hər bir vətəndaş milli teleməkanda daha mədəni əyləncə, səviyyəli yumor, ciddi maarifləndirici veriliş istər, başqa sözlə, tamaşaçı böyük ümidlə daha keyfiyyətli televiziya məkanına keçid gözləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar