Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 27-də növbəti imtahan keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM)
Bakupost.az -a verilən məlumata görə, imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
Həmin şəxslər sentyabrın 26-sı saat 16:00-dan oktyabrın 20-si saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "
Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.