Ru
14:09 / 02 Avqust 2024

Taksilərə avtobus zolağına daxil olmağa icazə verilə bilər - Ekspert

Taksilərə avtobus zolağına daxil olmağa icazə verilə bilər - Ekspert
Eye

Taksi islahatlarından sonra sürücülərlə sərnişinlər arasında yaşanan problemlərə biri də əlavə olunib. Belə ki, paytaxtın mərkəzi küçələrində aidiyyəti qurumlar tərəfindən taksilərə sərnişin götürmək və düşürmək üçün şərait yaradılmayıb. Avtobus zolağı, eləcə də dayanma-durma işarəsinə görə taksi sürücüsü cərimələnmək istəmir, sərnişin isə taksinin sifariş verdiyi ünvana qədər gəlməsini tələb edir. Nəticədə sürücü və sərnişin arasında mübahisə yaranır.




Məsələ ilə bağlı Bakupost.az -a danışan nəqliyyat eksperti Ərşad Hüseynov paytaxtda avtobus zolağı olan küçələrin sayının elə də çox olmadığını bildirib.

O, dünya təcrübəsində bu məsələnin qaydalar çərçivəsində həyata keçirildiyini deyib:

“Taksi fəaliyyəti xüsusi icazə istəyən fəaliyyətdir. Xüsusi icazə verildiyinə və ciddi nəzarət olunduğuna görə taksi fəaliyyəti ilə qeyri-leqal məşğul olanlar demək olar ki, yox dərəcəsindədir. Amma bizim ölkədə qaydalar tətbiq olunmasına baxmayaraq, problemlər tam həllini tapmayıb”.

Ekspert deyib ki, taksi fəaliyyətini tam qanun çərçivəsinə salmaq, səmərəli nəzarət qurmaq, bundan sonra isə "Yol hərəkəti haqqında" qanuna dəyişiklik etməklə, taksilərə də avtobus zolağı ilə hərəkət etmək icazəsi vermək olar:

“Bu, dünyada geniş yayılmış təcrübədir. Hətta taksilərə avtobus dayanacağında dayanmağa da icazə verilir. Ən yaxşı çıxış yolu budur. Taksi fəaliyyətini nizama salıb bunu həll etmək lazımdır”.

Ə.Hüseynov deyib ki, bəzi küçələrdə dayanma-durmayla bağlı qadağalara yenidən baxılmalıdır:

“Elə yerlər var ki, dayanmanı qadağan etmək lazım deyil. Elə yerlər də var ki, dayanmanı yox, durmanı qadağan etmək lazımdır. Hərəkətin təşkili məsələsinə yenidən baxılmalıdır. Taksi sürücüləri və bundan istifadə edən sərnişinlər də diqqətli olmalı, bir-birini başa düşməlidir. Dayanmanın qadağan olunduğu yerdə dayanmaq olmazsa, taksini icazə verilən yerdə gözləmək lazımdır. Mənzil başına çatanda taksi sürücüsündən harda gəldi dayanmağı tələb etmək olmaz”.



Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar