Ru
11:38 / 31 Oktyabr 2022

Tehranda aldığım cavabı heç zaman unutmaram - Türk deputatla MÜSAHİBƏ

52582
Türkiyənin Zəfər Partiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Ümid Özdağ Bakupost.az -a müsahibə verib.


Həmin müsahibəni təqdim edirik:



- 44 günlük savaşdan sonra bölgədə yaranan yeni reallıq heç də bəzi qonşuların ürəyincə deyil. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınır. Ancaq bu dəhlizə qarşı Ermənistandan daha ciddi müqavimət göstərən, daha doğrusu, İrəvanı bu öhdəliyini yerinə yetirməməyə ruhlandıran özünü İslam Respublikası adlandıran İrandır. Bu məsələdə AB və ABŞ-ın da İranla birgə hərəkət etdiyi sezilir...


- Zəngəzur Azərbaycanı Türkiyə və Türk dünyası ila ayırmaq üçün Sovet Rusiyası tərəfindən həyata keçirilmiş geopolitik bir həmlədir. Əgər Türkiyə baş, Azərbaycan boyun, Türküstan bədəndirsə, bu bədən ilə başı birləşdirən yerdəki boyuna, yəni Zəngəzura xəncər saplanmışdır. Deməyim odur ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanı bölmür, eyni zamanda, bütün türk dünyasını bölür.


Əminliklə qeyd edirəm ki, indiki durumdan İran çox məmnundur və bunun davam etməsini istəyir. Azərbaycansa haqlı olaraq ona aid olan coğrafiyaya dönməkdə israrlıdır. Türkiyə bu tələbi, təbii ki, dəstəkləyir və dəstəkləyəcək. Ermənistan üzərinə götürdüyü öhdəliyi mütləq icra etməlidir və bu məsələyə İranın müdaxilə etməyə haqqı yoxdur. Tehran başqa dövlətlərin daxili işlərinə qarışmaq siyasətini dayandırmalıdır.


- İranın bir bəhanəsi də regionda başqa ölkələrin güclərini görmək istəmədiyi haqda iddiasıdır. Halbuki Avropanın bir çox ölkəsindən hazırda Ermənistana müşahidəçi adı altında mülki geyimli yüksək rütbəli əsgərlər gəlib. ATƏT və AB müşahidəçilərini bölgəyə gətirən isə Ermənistandır. Buna baxmayaraq, İranın bu məsələdə “sərt mövqeyi”ni görmürük.


- Çünki Tehranın niyyəti başqadır. Tehran Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbədən və torpaqlarını işğaldan azad etməsindən çox narahatdır və bu narahatlığını müxtəlif yollarla hiss etdirməkdədir. Güney Azərbaycanda türklərin böyuk dirənişinə baxmayaraq, müharibə zamanı da, müharibədən sonra da Tehran ermənilərin yanında olduğunu açıq şəkildə göstərdi. Hətta hərbi dəstəyə qədər. Savaş zamanı biz bunu gördük. O zaman mən ən yüksək kürsüdən İran hökumətinə çağırış edərək, “Güney Azərbaycan türklərinin iradəsini diqqətə almadan Quzey Azərbaycana qarşı hər hansı addım atsanız, bunun bədəlini ağır ödəyəcəksiniz” demişdim.
 

Hazırda başqa bir boyutda molla rejimi bu istiqrarsızlığın fəsadlarını yaşamaqdadır. Və bu fəsadları yaşayarkən belə Zəngəzurla bağlı iddialarını kənara qoymur, əksinə, hər fürsətdə dilə gətirir və bunu açıq hiss etdirir. Hətta Türkiyə-Azərbaycan, eyni zamanda, Türk dünyasının birliyinə mane olmaq üçün ermənilərlə hər cür işbirliyinə gedir. Ancaq İran özü içəridə elə bir durumdadır ki, Azərbaycan və Türkiyəyə qarşı Ermənistana verdiyi dəstəyin nəticəli olması mümkün deyil. Ona görə mən tarixin çarxının Azərbaycan və Türkiyə, o cümlədən Türk dünyasından yana döndüyünə inanıram. Təbii ki, bu nöqtədə sürəcin bitdiyini düşünmək yanlış olar. O üzdən daha diqqətli addımlar atılmalıdır, məsələni nəzarət altında saxlamağa davam etməliyik.


- Sizin Güney Azərbaycanla bağlı vaxtaşırı qəti mövqeyiniz diqqət çəkir. Hazırda baş verən proseslər fonunda Güney Azərbaycan türklərinə nə demək istərdiniz?


- Tehranda bir kitab sərgisinə qatılmışdım. Orda söhbət edərkən bir türk məndən soruşdu ki, hardan gəlmisiniz? “Türkiyədən gəldim” söyləyərkən, o da “Türksünüz” dedi. Mən də qarşılığında yanlışlıqla “Siz də azərisiz” dedim. Mənə dönüb, “Qardaş, biz özümüzə türk deyirik. Bizə “azəri” bir Türkiyədə deyirlər, bir də Qüzey Azərbaycanda “azərbaycanlı” deyirlər”. Bu sözü heç unutmadım və unutmaram. Ona görə bir daha Güney Azərbaycan türklərinə - qardaşlarıma sevgilərimi çatdırıram, onlara arzuladıqlarını əldə etmələrini diləyirəm.


Nigar Ögeday
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər