Ru
14:13 / 25 İyul 2023

"Torpağı Vətən edənlər..." - Zahir Məliklinin yeni kitabı Yardımlı şəhidlərinə həsr olunub

22014
Pedoqoq, tərcüməçi, rəssam-heykəltaraş Zahir Məliklinin "Torpağı Vətən edənlər" adlı yeni kitabı işıq üzü görüb.


Bakupost.az xəbər verir ki, kitab I və II Qarabağ müharibələrində şücaətlər göstərən Yardımlı şəhidlərinə həsr olunub.


Qeyd edək ki, Vətən Müharibəsinə qədər Qarabağ münaqişəsində Yardımlı 75 şəhid verib. II Qarabağ müharibəsində isə Yardımlı Səfərbərlik Xidmətindən yola salınanlardan 25 nəfər şəhid olub, 120 nəfər yaralanıb. Yaralananlardan 25 nəfərə əlillik təyin olunub.


Yardımlı şəhidlərindən 21 nəfəri həqiqi hərbi xidmətdə olan əsgər və hərbi qulluqçu, 4 nəfəri – Tural Aslanov, Elməddin Talıbov, Şamil Mirzəyev və Rüstəm Eminli isə qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına uyğun olaraq orduya çağırılanlardır.


Vətən Müharibəsində Yardımlının ən çox şəhid verən kəndləri isə Zevin və Kürəkçi kəndləridir. Zevin kəndindən 5, Kürəkçidən isə 4 nəfər şəhid olub.


Z.Məliklinin "Torpağı Vətən edənlər" kitabında 37 şəhidimizin döyüş yolundan bəhs olunub.

Kitabda həmçinin 2017-ci ildə şəhid olan əfsanəvi kəşfiyyatçı, baş leytenant Şahlar Nəzərovun xidmətləri, onunla bağlı xatirələr də yer alıb. Onu da vurğulayaq ki, Ş.Nəzərovun qəhrəmanlığı və şəhadəti rayon gəncləri arasında vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsində müstəsna rol oynayıb. Təsadüfi deyil ki, kitabda haqqında bəhs olunan şəhidlərin əksəriyyəti hərbi xidmətə gedərkən Şahlara oxşamaq arzusunda olduqlarını bildiriblər.


Z.Məliklinin bildirdiyinə görə, müharibənin ağrı-acısı onların da ailəsindən yan keçməyib.

Belə ki, müəllifin dayısı oğlu Səyyar Şabiyev I Qarabağ müharibəsi zamanı canını doğma torpaqlarımız ugrunda fəda edib."Torpağı Vətən edənlər" kitabında şəhid Səyyar Şabiyevin qəhərmanlıqlarla dolu döyüş yolu da əks etdirilib.

Bundan başqa müəllif kitabda Ermənistanın 2022-ci il sentybar təxribatı zamanı şəhid olan 3 şəhidimizdən də bəhs edib.

Beləliklə, yüksək keyfiyyətlə, nəfis tərtibatla nəşr olunan "Torpağı Vətən edənlər" kitabında 37 tale, 37 həyat hekayəsi və döyüş yolu ilə tanış olacaqsınız.

Qeyd edək ki, Zahir Məlikli "Yerlə göy arasında", "O və yerdə qalanlar", "Enmək təhlükəsi" kitablarının müəllifidir. O, həmçinin bir sıra kitabları dilimizə tərcümə edib.




Aynur İbrahim
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər