Ru
23:23 / 02 Avqust 2025

Kəramət Böyükçöl Arif Babayev haqda sözlərinə aydınlıq gətirdi

Kəramət Böyükçöl Arif Babayev haqda sözlərinə aydınlıq gətirdi
Eye

Dünən jurnalist zəng edib Arif Babayev haqda məndən fikrimi soruşdu. Dedim, Allah rəhmət eləsin. Oxumağını xoşlamırdım. Amma indi bunu sayta versən, yaxşı çıxmaz-filan, dünyasını təzə dəyişib. Bir həftə sonra verərsən, onda heç kimin vecinə olmayacaq.

Bakupost.az xəbər verir ki, bunu yazıçı-publisist Kəramət Böyükçöl Xalq artisti Arif Babayevin vəfatından sonra mətbuatda dərc olunan qalmaqallı fikirlərinə aydınlıq gətirərkən qeyd edib.

O bildirib ki, jurnalist ardınca həmin günün həm də ana dili günü olduğunu xatırladıb:

"Qayıtdım ki, ana dilidir, şirindir, öz dilimizdir, bu sözlər bizə xoş gələ bilər. Amma məsələn, ingilis dilində 1 milyon 200 min söz var, Azərbaycan dilində isə 35-40 min söz var, onun da təxminən 20 mini işləkdir. İnsanın elə hissləri var ki, onu ifadə eləməyə Azərbaycan dilində söz yoxdur. Gərək iki səhifə uzun-uzadı yazasan ki, nə demək istədiyin anlaşılsın. İmmuniteti bu qədər zəif olan dilin içində hələ nə qədər ərəb, fars, rus sözləri də var.

Belə-belə danışdığımız yerdə birdən jurnalist qayıtdı ki, onda Arif Babayevin ölümü simvolikdir, əslində ölən həm də ana dilimizdir? Qayıtdım ki, muğam deyəndə mənim gözümün qabağına Hacıbaba Hüseynov, Qulu Əsgərov, Sabir Mirzəyev gəlir, bir də Alim Qasımov idi, o da keçdi repə. Yenə soruşdu ki, bəs Arif Babayev? Axırda dedim ki, ədəbiyyatda elə adamlar var, nəzəri şeyləri çox əla bilir. Dindirsən, bütün dünya ədəbiyyatını oxuyub, altını üstünə çevirib. Amma özü iki səhifə yazı yaza bilmir. Bədii mətn duyumu, istedadı yoxdur. İndi muğamı da bilmək ayrı şeydir, çoxlu tələbələri olmaq ayrı şeydir, oxumaq ayrı şeydir. Mehman Əhmədli meyxana deyə bilmədiyi kimi, Arif Babayev də muğam oxuya bilmirdi. Bu gün muğamın çiyinlərindən ağır bir yük götürüldü. Sonra jurnalistə yenə qayıtdım ki, Arif Babayev dünyasını dəyişib. Bu gün onun haqqında tənqidi fikirlərimi demək zamanı deyil. Bəlkə sayta verməyəsən? Söhbətimiz bu cür də yekunlaşdı".

Böyükçöl, həmçinin jurnalistlə problemi olmadığını vurğulayıb:

"Ona da iki cümlə lazımdır ki, götürüb yazsın saytına. Bəs bu adamlar niyə söz azadlığının düşmənidir? Özü də fikir verirəm, səhifələr paylaşır, ilk iki cümlədə kim nə rəy yazırsa, qalan hamı da o cür rəy yazır. Səhifənin birində birinci rəy belədir ki, Kəramət düz deyir. Mən də Arif Babayevin muğam oxumağını sevmirdim. Qalan rəylərin hamısı bu tip rəylərdir. O biri səhifədə birinci rəy yazan deyir, Kəramət haranın tulasıdır ki, Arif Babayevə dil uzadır. Ardınca gələn rəylərin hamısı bu cürdür. Heyvani instinktlərdir. Bir nəfər aparıb divarın dibinə iki selofan zibil atır, camaat elə bilir ora zibilxanadır, səhər baxırsan ki, hamı gətirib zibili o yerə atır.

Hələ o xalamın ərinə bax, zəng eləyib ki, sən o Arif Quliyev haqqında niyə elə demisən? Telefonu söndürdüm.

Bu adamlara niyə elə gəlir ki, hamı hər şeydə onunla eyni fikirdə olmalıdır? Arif Babayevi dövlət sevir, ölkə başçısı sevir, hökumət sevir, müxalifət sevir, saysız-hesabsız bu qədər insan sevir. Bir nəfər də iki cümlə fərqli bir söz deyib, tökülüblər üstünə ki, niyə belə düşünürsən? Bilirsiniz bizim nə qədər fikir ayrılıqlarımız var? Amma heç kim demir. Çünki Azərbaycanda hamı bir-birinə danışmaq qadağası qoyub. Hamı öz içində boğulur.

Allah Arif Babayevə rəhmət eləsin. Ruhu şad olsun".

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar