Neftçalanın tanınmış ziyalılarından biri, yazıçı-publisist, veteran jurnalist Əlövsət Polad 83 yaşında vəfat edib.
"Bakupost" xəbər verir ki, ömrünün yarım əsrdən çoxunu jurnalistikaya və ədəbi yaradıcılığa həsr edən Əlövsət Polad bölgə mətbuatının tanınmış nümayəndələrindən olub.
Əlövsət Polad 1943-cü ildə Neftçala rayonunun Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən rayonun “Gündoğar” qəzetində fəaliyyət göstərib, eyni zamanda Azərbaycan radiosunun “Xəbərlər” proqramı ilə əməkdaşlıq edib.
1990-cı ildən bədii yaradıcılıqla da məşğul olan jurnalist “Bitməmiş povestlər” (2004), “Mənim dünyam”, “Yazılan qalır”, “Qalan yazılarım”, “Narahatlıq”, “Qurama”, “Qiyamət” (2017) və “Ölümə hazırlıq” kitablarının müəllifidir.
Uzun illər mətbuat və ədəbiyyat sahəsində çalışan Əlövsət Polad Neftçalanın ictimai və ədəbi-mədəni həyatında özünəməxsus iz qoyub.
Allah rəhmət eləsin!
BakuPost