Ru
17:38 / 25 Dekabr 2022

“TURAN QAPISI” NAXÇIVAN: bu strateji bölgəmizə qayıdışı necə təmin etməli?

28550


Elxan Şükürlü

Prezident İlham Əliyevin öz ata-baba yurdu, gözəl Şahbuzdan çıxan Fuad Nəcəfli kimi təmiz reputasiyalı, savadlı, hər hansı bir qruplaşmaya və ya oliqarxa bağlantısı olmayan, cavan bir kadrı Naxçıvan Muxtar Respublikasında özünün səlahiyyətli nümayəndə təyin etməsi bütövlükdə bölgənin gələcəyi ilə bağlı atılacaq addımları da indidən proqnozlaşdırmağa imkan verir.


Görünən odur ki, son 27 ildə sürətlə boşalan Naxçıvanın həyatında artıq yeni bir mərhələ başlayır və inşallah, bu mərhələ əhalinin kütləvi köçünün dayandırılması, bölgəyə yenidən qayıdışın təmin edilməsi, sosial həyatın canlandırılması və sürətli tərəqqi dövrü olacaq.


Hər kəs yaxşı bilir ki, Naxçıvandan əhalinin kütləvi köçünə əsas səbəb dözülməz dərəcədə sərt inzibati idarəçilik, monopoliya, işsizlik və gənclərin sosial həyatının yoxluğu olub.



Muxtar Respublikanın yeni rəhbərliyi də, ilk növbədə, bölgəyə qayıdışı təşviq edən addımlara daha çox diqqət yetirməlidir və yəqin ki, belə də olacaq. Çünki “Turan qapısı” Naxçıvana əhalinin kütləvi qayıdışını təmin etmək və böyük güclərin əsas diqqət mərkəzində olan bu strateji məkanı yad təsirlərdən qorumaq indi Qarabağa, Şərqi Zəngəzura qayıdışı təmin etmək qədər önəmli və üstəlik, onlardan daha tez başa gələn bir prosesdir. Bu gözəl yurdlarımızı biz zamanında doldurmazsaq, başqa güclər dolduracaq, sahiblənəcək – necə ki, bu siyasət tarixən və indi də digər ölkələrdə həyata keçirilir!


Əlbəttə, Fuad Nəcəfli xalqdan çıxan, bölgənin problemlərinə yaxşı bələd, savadlı və prinsipial şəxs olsa da, ilk ayların onun üçün çox çətin keçəcəyini də nəzərə almalı və fəaliyyətinin dərhal deyil, zamanla, nəticəylə qiymətləndirilməsinə daha çox üstünlük verməliyik. Çünki o, bir tərəfdən, kritik bir dönəmdə və olduqca strateji bir bölgədə siyasi sabitliyin qorunub saxlanmasını təmin etməli, eyni zamanda, 27 il ərzində sıxışdırılıb güncə sıxılmış, haqqı tapdanmış, malı-mülkü əlindən alınmış, ah-naləsi indiyədək eşidilməmiş əhalinin üst-üstə qalaqlanan sayısız şikayətlərini dinləyib araşdırmalı, onların ədalətli həllinə nail omalı, o biri tərəfdən də, kütləvi şəkildə Naxçıvanı tərk etmiş insanların bölgəyə qayıdışına gətirib çıxaracaq layihələr həyata keçirməldir.


2019-cu ildən bu yana həyata keçirilən kadr islahatlarının təcrübəsi göstərir ki, postundan uzaqlaşdırılan “köhnələr” “yenilər”in işbilməz, özlərinin isə əvəzedilməz olduqlarını nümayiş etdirmək üçün əhali arasında müxtəlif şayiə və dezinformasiyalarla onları əvəzləyən kadrları ləkələməyə, gözdən salmağa çalışır, ən müxtəlif vasitələrlə görülən ən yaxşı işləri belə, qəsdən sabotaj edirlər.

Böyük ehtimalla, həm Talıbovun 27 il ərzində bölgədə formalaşdırdığı və bölgənin bütün iqtisadiyyatını, sərvətini əlində cəmləmiş klan, həm də Talıbovun yerinə öz namizədini keçirmək istəyən, ancaq bu istəyinə çata bilməyən Bakıdakı naxçıvanəsilli oliqarxlar çalışacaqlar ki, ənənəvi metodları indi Fuad Nəcəfliyə qarşı da tətbiq etsinlər.


Sözsüz ki, belə situasiyadan çıxışın ən yaxşı yolu təcrübəli, yüksək intellektual hazırlığa və enerjiyə malik, Muxtar Respublikanın hər bir rayon və kəndinin camaatının, nəsillərin xarakterik xüsusiyyətlərini bilən nüfuzlu şəxslərdən ibarət idarəetmə komandasının formalaşdırılmasıdırsa, digəri də yeni rəhbərin özünün xalqla davamlı təması, vətəndaşlarla birbaşa ünsiyyət imkanlarını artırması, müntəzəm şəkildə xalqın içərisində olmasıdır.


Həyat sübut edir ki, insanlar eşitdiklərinə yox, gördüklərinə daha çox inanırlar və öncə xalqın inamını qazanmaq üçün də Fuad Nəcəfli özünün üstün keyfiyyətlərini, Talıbov idarəetməsindən fərqli bir idarəetmənin artıq Naxçıvana gəlib çatdığını camaatımıza əyani şəkildə göstərməyi bacarmalıdır.


Əlbəttə, çox yaxşı olardı ki, ilk məzmunlu və ümidverici çağırışlardan biri Talıbovların sıxışdırıb Naxçıvandan məqsədli şəkildə uzaqlaşdırdıqları nüfuzlu adamlara, xüsusilə də Naxçıvanəsilli biznesmenlərə olsun.


Son 30 ildə istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda əslən Naxçıvandan olan xeyli varlı adamlar ortaya çıxsalar da, onlar yerli camaatın sevgisini və hörmətini qazanmasınlar deyə, Talıbovlar onları Naxçıvana buraxmırdılar. İndi bu qadağanı götürmək və hər hansı təmənna güdməyən naxçıvanlılara rayonlarını, kəndlərini dirçəltmək, bölgəyə kapital yatırmaq, iş yerləri açmaq və Azərbaycanın və dünyanın müxtəlif yerlərinə səpələnmiş qohum-əqrabalarını yenidən o boşalmış müqəddəs yurd yerlərimizə qaytarmaq imkanlarının yaradılması vaxtıdır...


Naxçıvanımızı qızdıran, isidən Günəş gözəl təbiətə, olduqca saf və zəhmətkeş əhaliyə malik əzəmətli Şahbuz dağlarından doğur. Mən çox istərdim ki, bizim gözəl və ucqar Kolanı kənd müəllimlərinin yetirməsi olan Fuad Nəcəflinin adı tarixə Naxçıvanımızın ən islahatçı və qurucu, ən ədalətli, zəhmətiylə tükənməz xalq sevgisini qazanmış ən bacarıqlı liderlərindən biri kimi düşsün!


Çünki o, indi təkcə bir ailəni, bir nəsli yox, həm də uzun illər gözdən-könüldən uzaq saxlanılmış gözəl bir kəndi, qədim bir el-obanı, bir rayonu, dünyaya yenidən Günəş kimi doğa biləcək bir bölgəni təmsil edir!



Mən bütün vicdanlı və qeyrətli naxçıvanlılarımızı bu mərhələdə Fuad Nəcəfliyə dəstək verməyə, “Turan qapısı”nı qorumaqda və Cənnətə aparan yola çevirməkdə ona yardımçı olmağa, yırtıcılar qarşısında tək qoymamağa çağırıram!


Allah köməyi, qədəmləri isə məmləkətimizə uğurlu olsun!
Şərhlər
  • Kişi

    Naxçıvanı kürd mafiyasından təmizlədi, qaldı Azərbaycan!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər