Ru
22:15 / 05 Noyabr 2022

TÜRKSOY-un iclası Şuşada keçiriləcək

2558
Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclası keçirilib.



Bakupost.az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu toplantısında iştirak etmək məqsədilə Türkiyəyə rəsmi səfərə yollanıb.


İclasda TÜRKSOY ölkələrinin mədəniyyət nazirləri və mədəniyyət üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, eləcə də Türk dünyası beynəlxalq təşkilatlarının rəhbərləri iştirak ediblər.


Tədbirdə “paytaxt ili” çərçivəsində Bursa şəhərində həyata keçirilmiş layihələrə dair hesabat, növbəti ildə reallaşdırılması planlaşdırılan yeni proqram və layihələr, 2023-2024-cü illər üzrə Türk dünyasından görkəmli şəxsiyyətlərin elan ediləcək xatirə ili barədə müzakirələr aparılıb.


Tədbirdə eyni zamanda TÜRKSOY-un 2023-cü il üzrə fəaliyyət proqramı və digər məsələlər müzakirə olunub.


Toplantının rəsmi açılışında nazir Anar Kərimov çıxış edərək Bursa şəhərində bu il keçirilmiş tədbirləri yüksək qiymətləndirib.


Sonra Daimi Şuranın 39-cu iclasının Yekun Bəyannaməsi qəbul olunub. 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində keçiriləcək tədbirlərdə üzv ölkələrin fəal iştirakının razılaşdırılması və dəstəklənməsi haqqında qərar qəbul edilib.


Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasından sonra “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı: 2023” adlı fotosərginin açılışı keçirilib. Mədəniyyət naziri Anar Kərimov sərginin açılışını edib. Daimi Şuranın iclasının iştirakçıları və digər qonaqlar sərgi ilə tanış olublar. Sərgi çərçivəsində Şuşaya həsr olunmuş videoçarx da nümayiş etdirilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər