Ukrayna Təhlükəsizlik Xidməti (UTX) son 2 gün ərzində 2 uğurlu əməliyyat həyata keçirib.
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib.
“1. 26 iyundan 27 iyuna keçən gecə Rusiyanın Volqoqrad vilayətində yerləşən “Marinovka” aerodromunda 2 Su-34 qırıcı-bombardmançı təyyarəsi məhv edilib, daha 2 təyyarə isə zədələnib. Bu barədə UTX və Ukrayna SQ-nin Baş Qərargahı məlumat yayıb.
UTX-nin məlumatına görə, qırıcı-bombardmançılara zərbə uzaqmənzilli dronlar vasitəsilə endirilib. Həmçinin hücum nəticəsində aerodromun texniki-istismar hissəsində yanğın baş verdiyi bildirilir.
2. UTX 27-dən 28 iyuna keçən gecə Krım ərazisində yerləşən “Kirovskoe” hərbi aerodromuna dronlar vasitəsilə zərbələr endirib. Hücum aviasiya komponentlərinin yerləşdiyi ərazilərə, hava hücumundan müdafiə vasitələrinə, sursat anbarlarına, eləcə də düşmənin kəşfiyyat və zərbə PUA-larına edilib. Əldə olan məlumata görə, Mi-8, Mi-26, Mi-28 helikopterləri və "Pantsir-S1" özüyeriyən zenit-raket-top kompleksi məhv edilib. Gecə boyunca düşmənin aerodromunda ardıcıl partlayışlar baş verib.
UTX sistemli şəkildə Rusiyanın Ukrayna ərazisinə aviazərbələr endirmək imkanlarını azaltmaq üzərində çalışır”, - o qeyd edib.
Aygün,
BakuPost