Bir neçə gün əvvəl Tovuzda məktəb müəlliminin valideynlərdən zinət əşyası tələb etməsi ilə bağlı iddialar geniş müzakirələrə səbəb oldu. Sosial şəbəkələrdə yayılan görüntülərdə sıraya düzülən valideynlərin müəllimə qızıl üzük hədiyyə etməsi əks olunub. Məsələ ilə bağlı rəsmi araşdırma başladılıb və müəllimə töhmət verilib. Hadisə, həmçinin Milli Məclisdə də müzakirəyə çıxarılıb. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli komitənin iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, rayonların birində baş verən son hadisə ilə bağlı videonu media nümayəndələri yox, prosesin içində iştirak edən şəxslər çəkərək paylaşıblar:
“Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Eyni zamanda, rüşvət formasında müəllimə üzük hədiyyə edən şəxs də məsuliyyət daşıyır. Bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Mediada yalnız hadisənin üzə çıxması yer alıb. Lakin məsələnin hüquqi tərəfləri də var. Əgər media neqativ hallara yol verirsə, normativ-hüquqi aktlara uyğun olaraq onun fəaliyyəti tənzimlənməlidir və belə problemlərin ortaya çıxmasına şərait yaradılmamalıdır. Bu boşluqlar mövcud olduğu halda, xüsusilə regionlardakı məktəblər bizim daim mübarizə apardığımız reket jurnalistika ilə yaxından əməkdaşlıq edir. Reket jurnalistikanı “yemləyən” isə həmin regionlarda fəaliyyət göstərən məktəb direktorları və təhsil müəssisələrinin rəhbərləridir”, - deyə deputat qeyd edib.
Bəs belə hallarda valideynlər hüquqi baxımdan hansı məsuliyyət daşıyırlar?
Məsələ ilə bağlı hüquqşünas Babək Umudov Bakupost.az- a açıqlamasında bildirib ki, məsuliyyətin olub-olmaması hədiyyənin verilmə niyyətindən asılıdır:
“Valideynlər məsuliyyət daşıya da bilər, daşımaya da bilər. Deyək ki, hansısa bir valideyn və yaxud valideynlərin bir neçəsi müəllimin hərəkətlərinə təsir göstərmək məqsədilə bu hədiyyəni verirsə, bəli, bu, rüşvət sayılacaq. Müəllimin vəzifə öhdəlikləri dərsi keyfiyyətli icra etmək, uşaqları qiymətləndirmək, onların inkişafına dəstək olmaqdır. Bu hərəkətlərin qarşılığında üzük sadəcə, bir mükafat kimi nəzərdə tutulubsa, yox, burada rüşvətdən söhbət getməyəcək. Amma hansısa uşağın və yaxud uşaqların qiymətlərinə təsir etmək, onlara əlavə olaraq xüsusi diqqət göstərilməsi üçün, onları digər şagirdlərdən fərqləndirib daha çox qayğı göstərilməsi məqsədilə edilibsə, bəli, bu halda artıq məqsəd rüşvət kimi dəyərləndirilə bilər".
Hüquqşünas qeyd edib ki, hədiyyənin maddi dəyəri də məsuliyyətin müəyyən olunmasında rol oynayır:
“Təbii ki, üzüyün qiymətinin də önəmi var. Ən azından onun ümumi dəyəri 55 manatdan yuxarı olmalıdır və hər valideynin bu üzüyün alınmasına qatqısı 55 manatdan artıq olmalıdır ki, valideynlər də məsuliyyət daşısın. Bu halda Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, valideynlər məsuliyyətə cəlb oluna bilər.”
Lalə Novruz,
BakuPost