Ru
14:49 / 27 Sentyabr 2026

“Vəzifə kürsüsündə əyləşərkən unutmamalıyıq ki, bu zəfəri bizə yaşadanlar...”

“Vəzifə kürsüsündə əyləşərkən unutmamalıyıq ki, bu zəfəri bizə yaşadanlar...”
Eye

Dünyanın ən yaxşı nitqləri sırasına daxil edilən və 2500 il yaşı olan məşhur bir çıxış var: Qədim Yunanıstanda Afinalı Periklin öz döyüşçülərinin dəfni zamanı onların məzarı üstə söylədiyi nitq!

Çox möhtəşəm, olduqca təsirli bir çıxışdır, rəhmətlik Hikmət Hacızadənin tərtib etdiyi “Demokratiya: gediləsi uzun bir yol” kitabında tam mətni yer alıb.

Afina şəhər-dövlətinin başçısı Periklin həmin qəbirüstü nitqi bu cümlələrlə bitir:

“...Şəhərimizin əzəmətinə görə fərəhlənərkən, unutmayın ki, bu şəhəri şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən insanlar yaradıblar... Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi təhlükələrin gözünə dik baxın!”.

Bu gün – 27 Sentyabr artıq 6 ildir ki, bizim yenidən doğulduğumuz, yaradıldığımız, həyatımızı büsbütün dəyişən, azadlıq və xoşbəxtlik uğrunda canlarını qurban verən həqiqi örnək insanlarımızın döyüş meydanına atıldıqları bir tarix sayılır!

Məhz bu tarix müharibədə uduzmuş, iç ziddiyyətlərlə bölünmüş, məyus əhvalda və başıaşağı olan bir xalqı yenidən toparlayıb birləşdirdi, dirçəltdi, ayağa qaldırdı, qeyrət və şərəf hissiylə düşmən üzərinə apardı və sonda da Allahın lütfüylə böyük bir zəfərə çatdırdı!

Gərək, qədrini bilək, əvvəlki halımızı unutmayaq, təkəbbürlə davranıb Allahı qəzəbləndirməyək, Ona şükrümüzü əsirgəməyək!

İndi və bundan sonra da ölkəmizin uğurlarına, özümüzün və övladlarımızın isti evlərdə rahat, təhlükəsiz həyatlarına görə sevinib fərəhlənərkən, onların başına sığal çəkib xəyallar qurarkən, hansısa yüksək vəzifə kürsülərində əyləşərkən, heç vaxt unutmamalıyıq ki, bu böyük zəfəri bizə yaşadaraq, gözəl gələcəyimizin təməllərini atanlar məhz şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən, onu vicdanla yerinə yetirən, hərbi təhlükələrin gözünə dik baxaraq düşmən üzərinə cəsarətlə yeriyən igidlərimiz, döyüşçülərimiz, şəhidlərimiz olublar!

Adlarını xalqımızın şərəf və qürur tarixinə qanlarıyla əbədi olaraq yazmış bu örnək övladlarımızı sonsuz minnətdarlıq və şükranlıq hissiylə anır, tükənməz ehtiramımızı bildiririk!

Onlara ən böyük qiyməti və mükafatı isə Uca Allah verib, ancaq biz bunu hələ dərk etmirik: “...Onlar həmişə diridirlər, lakin siz bunu anlamırsınız”!

Anladığımız hələlik yalnız odur ki, xalqımız var olduqca, onlar da yaşayacaqlar!

Həmişə diri İgidlərimizə salam olsun!

Elxan Şükürlü

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar