Ru
15:56 / 20 Sentyabr 2022

Xalqın acıları üzərində qurulan çal-çağır dekorasiyası

16409
Günel Musa



Sentyabrın 13-dən bəri ölkənin dörd bir tərəfinə şəhid tabutları gedir. Bütün tədbirlər təxirə salındı. Siyasi arenada beynəlxalq aləmin hiylələri, sərhəddə çaqqal sürüsünün təxibatı ilə döyüşdüyümüz bir məqamda Mədəniyyət Nazirliyi Şuşada təntənəli Musiqi Festivalına hazırlıq görür. Bu gün Şuşada Xalq artistləri Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli və dünyanın dörd bir tərəfində üzünə qapılar bağlanan rus musiqiçilərin iştirakı ilə XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.


Yurdun dörd bir tərəfində böyük acılar yaşanır. 80-dən artıq evə atəş düşüb. Cəbhə bölgələrində əsgərlərimiz hələ də döyüş şəraitindədir. Belə bir vəziyyətdə festival təşkil edib, bayram qeyd etməyə vicdanınız necə əl verir, cənablar?


Sənət xalq üçündürsə, sənətkar da xalqın yanında olmalı deyilmi?


Bizim yaşı əsrin yarısını keçən Xalq artistlərimiz ömür boyu xalqın yanında olmadılar. Məsələn, mən sentyabrın 13-dən bəri, nə Fərhad Bədəlbəylini, nə Polad Bülbüloğlunu 44 günlük Vətən müharibəsinin şəhidlərini ziyarət edən görmədim. Allah bilir, heç yolu da tanımırlar. Halbuki hər ikisi də daxil bütün xalq azadlığımızı onlara borcluyuq. Onların ruhuna sayğı göstərmək bu qədərmi çətindir?


Xalqın sənətçisi həm də xalqın savaşçısı olmalı deyilmi?


“Şəhidlərimizə ithaf olunur” demək bu ayıbınızı sığortalamır, cənablar. Bundan sonra bu əmələ hansı donu geyindirsəniz, dar gələcək. Mədəniyyət də bir siyasətdir, amma bu siyasət ürəyi yanğın yeri olan xalqın ağrıları üzərində festival dekorasiyası qurmaqla olmaz.


Günlərdir davam edən məşqlər, Şuşada milyonlar hesabına başa gələn dekorasiyaların qurulması bu xalqa sayğısızlıqdan başqa bir şey deyil.


Matəmsevər insan deyiləm. Əksinə, belə vəziyyətlərdə başın hər zaman dik tutulmasının, hər zamankından daha güclü olmaq lazım olduğu düşüncəsindəyəm. Amma bu o demək deyil ki, musiqilər susmasın, vur çartlasın, çal oynasın davam etsin. Hazırkı atmosfer festival atmosferi deyil. Bu düşüncə ilə xalqın sənətçisi olmaq olmaz. Xalq artistinin mövqeyi təkcə sülh demək, sülhü təbliğ etmək deyil, həm də xalqının yanında olduğunu ifadə etməklə üzə çıxır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər