Ru
09:30 / 09 Dekabr 2022

Xaricə qanunsuz pul köçürənlər həbs ediləcək - Qubad İbadoğlunun ŞƏRHİ

5006

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu qanunsuz pul köçürülməsi üzrə qanun yeniliklərinə münasibət bildirib.


Dekabrın 6-da prezident İlham Əliyev Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri imzalayıb.

Cinayət Məcəlləsində yeniliyə görə, qaçaqmalçılıq əlamətləri olmadan xarici ölkəyə və ya xarici ölkədən əvəzləşdirmə və başqa qarşılıqlı hesablaşma üsulları ilə xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ) qanunsuz pul köçürülməsi cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə və ya həmin miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməlləri vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə etməklə törətdikdə; əməllər külli miqdarda (iki yüz min manatdan artıq olan məbləğ) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Həmin əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğ) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, xarici ölkəyə və ya xarici ölkədən az miqdarda (əlli min manatadək) qanunsuz pul köçürülməsi inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cəriməyə gətirir.


Qubad İbadoğlu yazır ki, dünyada maliyyə amnistiyası tətbiqi və gəlirin, əmlakın bəyan edilməsi ilə şəffaflığın, hesabatlığın artımı müşahidə edildiyi bir zamanda Azərbaycanda xarici valyutaya nəzarətin gücləndirilməsi bir neçə zərurətdən yarana bilər:

“Əvvəla, Naxçıvan bölgəsi istisna olmaqla quru sərhədlərin bağlanması ölkədən xaricə kapital axınının banklarla həyata keçirilməsinə tələbatı artırır. İkincisi, ölkədə iqtisadi idarəetmə və biznes idarəçiliyinin oliqarx formatından ailə podratına keçirilməsi birincilərin əlindəki kapitalın xaricə çıxarılmasını sürətləndirir. Üçüncüsü, dünya bazarında neftin ucuzlaşması, hasilatın kəskin azalması ölkənin valyuta gəlirlərinin azalmasına və devalvasiya risklərinin artmasına gətirib çıxarır.

Qanunvericilikdə yenilik avtoritarizm bazasında pulun azadlığının məhdudlaşdırılmasına, kapital diktaturasının qurulmasına və maliyyə axınlarına mərkəzləşdirilmiş nəzarətə yönəlib. Bu, arzuolunmaz şəxslərə cinayət işi açılmasına gətirib çıxaracaq, qanuni yollarla pul qazanıb xaricdə tələbə oxutdurmaq və digər fəaliyyətləri maliyyələşdirmək istəyənlər üçün əlavə problemlər yaradacaq.

Ölkəyə xarici sərmayənin gəlişi, daxildəki əcnəbi investorların fəaliyyəti daha da məhdudlaşacaq. Bir sözlə, yenə də hakimiyyət və kapitala nəzarət marağı dövlətin mənafeyindən önə keçəcək”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər