Ru
14:30 / 04 Aprel 2024

“Xarici şirkətlər ölkədə taksi xaosu yaradıb” - Ekspert

2749
“Yeni tələblərini əsas məqsədi yəqin ki, taksilərin sayının azaldılmasıdır. Onların sayının həddən artıq çox olması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat vermişdi. Demişdilər ki, məqsəd taksi sayını 20 minə qədər azaltmaqdır. Görünür tələblər də buna hesablanıb”.



Bunu Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, bu sahəylə bağlı şərtlər sadə olsaydı, yəqin ki, taksi sayını azaltmaq mümkün olmayacaqdı:

“Taksi sayı dərhal deyil, mərhələli şəkildə azalacaq. Amma indi dəqiq rəqəmi proqnozlaşdıra bilmirik. Bu, iyul ayının 1-dən sonra məlum olacaq. Sahibkar və taksi sürücülərinin bununla bağlı narazılığı və müvafiq qurumlara müraciəti müşahidə edilmir. Əgər sahibkarlar düşünürsə ki, bu məsələ media və müstəqil ekspertlər tərəfindən həll ediləcək, yanılırlar. Bu, mümkün deyil”.
Ekspert hansısa sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni avtomobillər haqda da danışıb:

“Bir qrup şəxsin ölkəmizə yeni avtomobil gətirməsi məsələsi də normaldır. Taksi fəaliyyəti ilə məşğul olan sahibkarlarımız çoxdur. Onların ölkəyə yeni istehsal olunan avtomobillər gətirməsi normaldır. Bunun heç bir mənfi tərəfi yoxdur. Azərbaycanın avtomobil bazarı çox aktivdir. Bu gün dünyanın müxtəlif ölkələrindən ölkəmizə həm yeni, həm də işlənmiş avtomobillər gətirilir. İnanmıram ki, taksi fəaliyyəti ilə bağlı dəyişiklik ölkəyə gətirilən yeni avtomobillərə görədir. Bu tələblər 2019-cu ilin fevral ayından irəli sürülüb”.
Ekspert qeyd edib ki, vaxtilə şəhərdə taksi sayının məhdudlaşdırılmasının əleyhinə olub:

"İnsanlar işsiz qalmasın deyə bunun əleyhinə idim. Amma sonradan gördüm ki, vəziyyət nəzarətdən çıxır. Xarici transmilli şirkətləri ölkədə taksi xaosu yaradıblar, öz bildiklərini edirlər. Vergi ödəmirlər, həm sürücülərin, həm də sərnişinlərin hüquqlarını pozurlar. Belə şərtlərdən istifadə edən elə vətəndaşlarımız da var ki, bu sahəyə ancaq əyləncə və başqa məqsədlər naminə gəlirlər. Kriminal ünsürlərin də, narkotik vasitənin, alkoqolun təsiri altında avtomobil idarə edənlərin də sayı artmışdı. Ona görə də bu sahə tənzimlənməli, taksi xidmətində ancaq peşəkarlar çalışmalıdır. Əgər buna görə işsizlik olacaqsa, vətəndaşlar müvafiq qurumlara müraciət edib problemlərini həll etməlidirlər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər