Bu gün mərhum pilot, Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür.
Tələbə yoldaşı Yaşar Xəlilov qəhrəman pilotla bağlı xatirələrini
Bakupost.az ilə bölüşüb:
“Bu şəkil 1980-ci illərin əvvəlində çəkilib. Həmin vaxt Zabrat Hava Limanında çalışırdıq. Biz Kşnyakinlə 2 il 10 ay Rusiyada - Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Uçuş Məktəbində birlikdə oxumuşuq, parta yoldaşı olmuşuq. Dil problemim olduğu üçün çətinlik çəkirdim. Məhz İqorun dəstəyi ilə mən aviasiya təhsilimi tamamlaya bildim. Kşnyakin imtahanlardan əvvəl də məni hazırlaşdırırdı, bilmədiyim terminləri mənə öyrədirdi. O, bir bakılı kimi orada həmişə mənə dəstək olub. Təhsilimizi bitirdikdən sonra Yevlaxda və Zabratda birlikdə çalışmışıq. Həmin dövrdə An -2 təyyarəsi ilə rayonlardan xəstələrin evakuasiyasını həyata keçirirdik. SSRİ dağıldıqdan sonra iş yerlərimiz dəyişdi. Mən Zabratda qaldım, o isə Binə aeroportuna getdi".
Yaşar Xəlilov İqor Kşnyakinin faciəli qəza nəticəsində həlak olmasından sarsıldığını bildirib:
"Biz qardaş kimi idik, ağır itki oldu. Hadisəni eşidəndə Mir Mövhsüm ağaya nəzir dedim ki, təki o sağ tapılsın. Təəssüf ki, olmadı. Çox böyük itki oldu. Allah rəhmət eləsin! İndi də oğlu ilə tez-tez əlaqə saxlayıram, o da pilot kimi Tümendə çalışır.”
Qeyd edək ki, İqor Kşnyakin 2024-cü il dekabrın 25-də AZAL-a məxsus “Embraer-190” təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus Pantsir-S1 zenit raket kompleksi ilə vurulub. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov təyyarənin idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, onu Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə doğu aparıblar. Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılıb. Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Pilotların qəhrəmanlığı nəticəsində 29 nəfər sağ qalıb.
Aysel,
BakuPost