Rusiyanın Ukraynanın Xarkov şəhərinin mərkəzinə raket zərbəsi nəticəsində xəsarət alanların sayı 30-a çatıb, bir qadının vəziyyəti ağırdır.
Bakupost.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov və Ukrayna Prezidenti Volodimir Zelenski məlumat veriblər.
Dəqiqləşdirilmiş məlumata görə, Kiyev rayonundakı beşmərtəbəli yaşayış binası zərbə nəticəsində tamamilə dağılıb. İlkin məlumatlara görə, Rusiya ordusu Xarkova iki raket zərbəsi endirib.
"Bu, sadəcə yaşayış məntəqəsi idi. Binalardan birinə ciddi ziyan dəyib. Hazırda bütün fövqəladə xidmətlərin cəlb olunduğu xilasetmə əməliyyatı davam edir. Yaralıların dəqiq sayı hələ müəyyənləşdirilir", - Zelenski teleqramda yazıb.
Ukrayna Baş Prokurorluğu zərbənin "İsgəndər" raketləri ilə həyata keçirildiyini bildirib. Yaşayış binalarından əlavə, mağazalar, kafelər və supermarketlər də zərər görüb. Xarkov Şəhər Şurasının məlumatına görə, Kiyev rayonunda 22 binaya ziyan dəyib, 841 pəncərə sınıb.
Xilasetmə əməliyyatı davam edir.