Ru
21:30 / 24 Dekabr 2025

ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər

ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər
Eye

Yaponiyada dövlət pensiya sistemi ilə yanaşı yaşlı əhali üçün əlavə sosial dəstək mexanizmlərinin mövcudluğu bu kateqoriyanın rifahının qorunmasına xidmət edir. Belə ki, müntəzəm pensiya ödənişlərinə əlavə olaraq sosial bonuslar, birdəfəlik yardımlar və kommunal xidmətlərdə güzəştlər tətbiq olunur. Bu yanaşmanın Azərbaycanda da tətbiq edilib-edilməyəcəyi müzakirə mövzusudur.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycanda pensiyaçılara münasibətdə pensiya məbləğindən əlavə müəyyən sosial dəstək təcrübələri artıq mövcuddur. Onun sözlərinə görə, buna nümunə olaraq pensiyaçıların icbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsini göstərmək olar:

“İcbari tibbi sığorta mexanizmi pensiya sistemindən sonra formalaşıb. Əgər bu məsələ qanunvericilikdə əksini tapmasaydı, pensiyaçılar hər il təxminən 200 manat məbləğində sığorta haqqı ödəməli olacaqdılar. Hazırda isə bu yük dövlət tərəfindən qarşılanır”.

İqtisadçı xatırladıb ki, 2022-ci ildə inflyasiya göstəricilərinin yüksək olması fonunda pensiyaların indeksləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib və pensiyaçılara birdəfəlik əlavə dəstək göstərilib:

“Həmin il pensiyaçılara ümumilikdə 200 manat məbləğində – rüblər üzrə 50 manat olmaqla əlavə bonus verildi. Sonradan bu məbləğ pensiyanın əsas hissəsinə daxil edilərək indeksləşdirilmə yolu ilə artırılmağa davam etdirildi”.



Rəşad Həsənovun sözlərinə görə, müxtəlif dövrlərdə pensiyaçılara birdəfəlik maddi yardımların verilməsi ilə bağlı da qərarlar qəbul olunub. Xüsusilə minimum pensiya alan, azgəlirli və tək yaşayan şəxslər üçün davamlı sosial dəstək mexanizmlərinin yaradılması mühüm çağırışdır:

“Şəhər yerlərində yaşayış xərcləri kifayət qədər yüksəkdir. Minimum pensiya məbləği ilə bu xərcləri qarşılamaq çətindir. Bu baxımdan davamlı bonuslar və maddi yardımlar ahıllıq dövründə insanların rifahının daha yüksək səviyyədə təmin olunmasına imkan yarada bilər”.

Lakin iqtisadçı yaxın perspektivdə Yaponiyadakı kimi davamlı sosial bonus mexanizmlərinin tətbiqinin çətin olduğunu da vurğulayıb. Onun fikrincə, aidiyyəti qurumlar bu məsələdə daha mühafizəkar mövqe nümayiş etdirir:

“Əsas narahatlıq pensiya sisteminin gəlirlərinin xərcləri ödəməməsi ilə bağlıdır. Demoqrafik strukturun dəyişməsi fonunda uzunmüddətli maliyyə risklərinin artacağı ehtimalı bu sahədə ehtiyatlı davranılmasına səbəb olur. Bu yanaşmanı nəzərə alsaq, qısa müddətdə davamlı əlavə dəstək mexanizmlərinin tətbiq ediləcəyini düşünmürəm”.

Beləliklə, ekspertlərin fikrincə, Azərbaycanda pensiyaçılar üçün əlavə sosial dəstək təcrübələri mövcud olsa da, Yaponiyadakı kimi sistemli və davamlı sosial bonusların tətbiqi hələlik real görünmür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar