İdrak Liseyində 15 yaşında, 10-cu sinif şagirdi 29 yaşlı qadın müəllimini güllələyib.
Ciddi, narahatlıq doğuran hadisədir:
1. Hər bir halda günah bu qəsdi planlaşdıran yeniyetmədədir. Bir şəxsin digər şəxsə atəş açmasının alibisi yoxdur – onda qala, 15 yaşlı şagirdin müəlliminə qəsdi ola;
2. Məktəblərdə təhlükəsizlik bərbaddırmı? Özəl və yaxud dövlət qurumları (eyni hadisə dövlət məktəbində də ola bilərdi) təhlükəsizliyi təmin edə bilmirmi?
Bir məktəbə səhər 8:00 radələrində arxasında çantası, çantanın içində qələmdən tutmuş karandaşyonana qədər, müxtəlif “dəmir elementləri” olan əşyalarla 1000-2000 şagird daxil olur. Cəmi 10-15 dəqiqə ərzində bu qədər şagirdin çantasını və üst-başını necə yoxlamaq mümkündür ki!?
Şagirdin “yoxlanılması” onun məktəbli formasıdır, sinif yoldaşlarıdır, sıraya düzülərkən önündə dayanan sinif rəhbəridir. Təhlükəsizlik - yad şəxslərin məktəb binasına daxil olmasının qarşısının alınmasıdır; məsələn, ADNA hadisəsi kimi. O qətliam üçün təhlükəsizliyin təmin olunmamasından danışmaq yerindədir, bu insident üçün yox.
Məktəbin təhlükəsizliyi həm də hər bir valideyndən asılıdır: valideyn uşağın psixoloji durumuna, çantasına nələr yığmasına nəzarət edə bilmirsə, onda bu hadisəni törədənin ilk olaraq valideyni məsuliyyətə cəlb edilməlidir:
a) Ov tüfənginə şagirdin əli necə çatıb?
b) Ov tüfəngi sökülüb, şagirdin çantasına qoyulub və valideynin heç nədən xəbəri olmayıb? Niyə?
c) Övladında psixoloji problemlərin başladığını valideyn niyə görmür?
3. İdrak Liseyi kifayət qədər yüksək təhsil haqqı ilə seçilir. Burada illik təhsil haqqı 16 min manatı keçir. Azərbaycanda 2025-ci il üçün minimum maaş 400, orta aylıq əmək haqqı 1087 manatdır. Yəni orta aylıq maaş alan “orta statistik azərbaycanlı”nın övladı bu liseydə oxuya bilməz, çünki adam bütün maaşını gətirib bu məktəbə ödəsə, yenə illiyində 4 mindən çox borclu qalacaq – bəs, ailəsini nə ilə dolandıracaq?
Demək, burda təhsil alan maddi baxımdan kifayət qədər yüksəktəminatlı ailənin övladıdır.
İndi gəlsin valideyn, görək o yüksək təhsil haqqını ödəməyə imkan verən gəliri halaldırmı? Qazancı övladının qudurub, müəlliminə güllə atmasına səbəb olmayıb ki? Bu gün müəlliminə güllə atan uşaq sabah Əhmədə çevrilib, silahı o haramı evə daşıyana çevirməyəcək ki?
İddiaya görə, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini olub bu cinayəti törədənin atası. Prokurorluq onun da fəaliyyətini araşdırmalıdır.
O ki qaldı ABŞ-da hər gün məktəblərdə kriminal hadisələr, qətliamlar baş verməsini misal göstərib, bu hadisəni adiləşdirməyə çalışanların məntiqinə: Azərbaycan xalqı böyük ənənələrə malikdir, öz adətlərimiz, dəyərlərimiz, düşüncəmiz, ictimai baxışımız var. Bizim ölkədə şagird müəlliminin üzünə qayıtmaz (nəinki güllələmək); bizim ölkədə ən kriminal şəxs belə polisinə güllə atmaz – Gəncədə baş verən o hadisə buna görə ölkəni sarsıtmışdı...
Çünki bizim düşüncəmizdə müəllim – həm də valideyndir, anadır, atadır: bizim nəslin uşaqları xatırlayır – valideynlərimiz müəllimlərimizə “əti sənin, sümüyü mənim” deyib, göydə Allaha, yerdə müəllimlərimizə əmanət edirdilər. Məktəbdə müəllim töhməti, müəllim şilləsi görən şagird bunu qorxusundan evdə demirdi, çünki ata-ana o dəqiqə “gör müəllimi nə həddə çatdırmısan, nə qələt etmisən ki, səni döyüb” deyib, uşağı tənbeh edərdi.
Çünki doğrudan da o müəllimlər üçün uşaqlar övlad kimi idi.
İndi təhsilə cavabdehlər düşünməlidir: nə dəyişib, nə baş verib, hansı nizamı pozublar ki, müəllim şagirdin əzizi, canı, ciyəri yox, düşmənidir?
Yalnız “sertifikatlaşma”, yalnız “yüksək bal”, yalnız “test” meyarı ilə gənc, enerjili müəllimləri seçib-əzizləyib, 65 yaşında ağsaqqal-ağbirçək, bəlkə də 25 yaşlı gəncdən savad baxımından geri qalan, ancaq müdrikliyi, uşağa sevgisi, peşəkarlığı ilə valehedici və əvəzolunmaz müəllimləri pensiyaya göndərməklə məktəblərimizi başsız qoymuruq ki?
Pedaqoji keyfiyyətləri üstün tutmaq əvəzinə, yalnız və yalnız test suallarının cavab variantını “atdım-tutdum”la dolduranları daha yüksək maaşla iş yerlərinə doldurub, 60 yaşlı müəllimi “bal” çatışmazlığından təhsildən uzaqlaşdırmaqda doğrumu edirik?
İmtahanları hər keçən gün daha da çətinləşdirib, uşaqları günün yarısını məktəbə, digər yarısını hazırlıqlara, gecəni isə “test tapşırıqları” işarələməyə vadar etməklə, onların psixologiyasını məhv etmirik ki?
Qəbul imtahanlarını hər ötən il bir az da çətinləşdirib, ali təhsil almaq istəyən balalarımızı sanki bu doğal hüquqdan məhrum etmək istəyən bədheybətlərə çevrilmirik ki?
Biz məktəbdə həm də əylənirdik, oynayırdıq: məktəb yalnız təhsil vermir axı! Məktəb tərbiyə verir, ünsiyyət qurmaq bacarığı aşılayır, böyüyə-kiçiyə hörmət öyrədir...
Dərslər arasında tənəffüsü 10 dəqiqədən 5 dəqiqəyə endirməklə, böyük tənəffüsü yarıbayarı azaltmaqla, əlavə dərslər salmaqla düzmü etdik?
Böyük tənəffüs – təkcə yemək deyildi, həm də gizlənpaç idi, qaçdı-tutdu idi, demək-gülmək idi bizim məktəbli dövrümüzdə.
Biz uşaqların əlindən hər şeyi alıb, onları robota çevirdiyimizi nə vaxt dərk edəcəyik?
Biz uşaqların bütün əyləncələrini və uşaqlığını əlindən alıb, onları testlə yükləməkdən, repetitora məhkum etməkdən nə vaxt əl çəkəcəyik!
Hanı bu qədər ağır yükləmə ilə yetişdirdiyiniz fitri istedad? Hanı dahilər? Hanı dünyaya səs salan ixtiralar, kəşflər edən gənclər?
Bu uşaqları bu qədər yükləyib, bu qədər “testə oturdub”, beyinlərini qurutmuruq ki? Özlərinə, ətrafa, doğmalarına, müəllimlərinə və cəmiyyətə nifrət etmələrinə səbəb olmuruq ki?
Oturun, düşünün: bəlkə, bəsdir ilbəil testi çətinləşdirməyiniz, cəmiyyəti, təhsili repetitorlaşdırmağınız!
Bir neçə gün əvvəl öyrənmişəm: yeni imtahan proqramlarını mükəmməl öyrənən müəllimlər böyük qruplarla dərslər keçirlər – qrupda uşaqların sayı 20-25 nəfər, həftədə 3-4 qrup! Hər bir uşaq da 100-120 manatdan...
20-25 nəfər – tam-dolu sinifdir. Bu müəllim eyni ruhla məktəbdə-sinifdə niyə dərs keçmir?
Təxmini 1,5 milyon uşağın 1/3-nin hazırlıqlara getdiyini düşünüb, ortada milyardlar fırlandığını təxmin etmək çətin deyil!
Biz bu milyardlara görəmi uşaqlara zülm edirik, onları repetitorlara yönəldirik, qəsdən imtahanları çətinləşdiririk? Bütün bunları öz nəfsimiz naminəmi edirik?
Bəlkə, məktəblərdə yuxarı siniflər ixtisaslaşsın, bölünsün, kim hansı qrupu seçirsə, o qruplar üzrə siniflər təşkil edilsin – nəhayət, uşaqlar məktəbdən kənar bu qədər yüklənməsinlər; nəhayət, uşaqlar məktəb vaxtı da bunca ağırlıq altında qalmasınlar.
O ağırlıq böyük istedadları üzə çıxartmır, yalnız və yalnız psixi duruma təsir edir, uşaqları yalqızlaşdırır, tənhalaşdırır, özlərinə qapılmağa vadar edir və robotlaşdırır.
Çox arzulayardım ki, “İdrak”da müəllimə açılan bu atəş idrakımızı oyatsın – nəhayət, ayılaq, uşaqlardan əl çəkək, onları bu qədər yükləyib, məhv etməyək!
Nəhayət, ibtidai-orta təhsil kimi, hər bir uşağın ali təhsil haqqını da tanımış olaq!
Anar Niftəliyev
Yazını bəyəndim. Amma şərh yazan Leyla Əhməd xanımın müəllimlərə qarşı olan aqresiyasını heç cür başa düşmədim. Xanımın ya hansısa travması var, ya da ailəsində, qohumlarında, ümumiyyətlə ətrafında müəllim (ziyalı mühit) yoxdur. Ona görə ki, müəllimlərin necə psixoloji və emosional əziyyət çəkdiyindən məlumatı yoxdut. Çox güman ki övladı da yoxdur. olsa idi bilərdi ki, evdə bir uşağın tərbiyəsi ilə məşgul olmaq necə çətindir. Müəllim isə 20-25 uşaqla məşğul olur və həmin uşaqlaq müxtəlif ailələrdə tərbiyyə alıblar. Hələ tərbiyəsizcəsinə müəllimləri təlxək adlandırır. Repetitorluğun yaranma səbəbini müəllimdə yox təhsilin idarə olunmasında axtarmaq lazımdır. 1. Birinci növbədə Müəllimlərin maddi təminatı 1200 manat yox ( nəyə əsaslanıb 1200 yazır bilmirəm) indiki yaşam şərtlərinə uyğun ən azı 2500 manat olmalıdır ki, cəmiyyətdə statusuna uyğun yaşaya bilsin və əlavə zəhmət çəkərək repetitorluqla məşğul olmasın. .Tədris proqramları köklü şəkildə dəyişdirilməli, 10-11 siniflər qruplar üzrə ayrılmalıdır. 2. Müəllimlərin saat 8-dən 5-ə qədər məktəbdə qalmaları absurd məsələdir müəllimin boş-boşuna məktəbdə oturmasının mənası nədir? Yəqin o bılmır ki, müəllimlik ağır peşələr arasında ilk yerlərdən birini tutur. Bu səbəbdən bir çox ölkələrdə müəllimlər yaşa görə yox, iş stajına görə təqaüdə çıxa bilirlər. Fransa, İtaliya, Almaniya , Türkiyə, Rusiya təcrübəsi ilə maraqlana bilərsiniz. Yazı müəllifinin həyat təcrübəsini az olduğu yazdığı şərhdən hiss olunur. ona görədə müəllimləri təhqir etmək və inzibati qaydada təzyiq altında saxlamaq təklifi etmək əvəzinə psixologiya, sosiologiya və iqtisadi münasibətlər sahəsində elementar biliklər alması üçün bəyənmədiyi müəllimlərə müraciət etməsini tövsiyə edirəm.
Çox gözəl təhlil etmisiniz. Məktəblilər həddən artıq yüklənirlər. Bu qədər dərs ağırlığı, imtahan çətinliyi hər şeyi alt-üst edib. Məkətblilərdə dərsə maraq əvəzinə nifrət oyadır. Rüşvət də yerində qalır, pul yığmaqda yerində qalır. Necə olur ki, bir fənn üzrə olimpiada qalibi olan uşaqlar dünyanın ən nüfuzlu unuversitetlərinə qəbul olur. O uşaqlar digər imtahanları versələr burda qalıb əziyyət şəkən uşaqlar kimi yüksək bal yığa bilməz. Çünki o nüfuzlu unuversitetlərdə bunu soruşmurlar. Nəticədə o xaricdən ən yaxşı mütəxəssis kimi gəlib yuxarı başa keçmə şansı qazanır. Min-bir əziyyətlə ali məktəblərimizə qəbul olub zay olan uşaqlar isə təzədən işə girmək üçün imtahan verməli olurlar. Burada məntiq hardadır. Məktəblərin bərbad olması məkətb seçimində ciddi problemlər yaratmaqla şəhərdə tıxacların yaranmasının başlıca səbəbi olur. Bu sahədə problemlər çoxdur. Saymaqla qurtarmır ki.
Mükəmməl. Təşəkkür edirik. Tələbələrin qiymətlərini kəsən "müəllim"lər də çox yəqin ki, cəhənnəmdə qır qazanında haram yedirdikləri övladlarını haraylayırlar.....
Rüşvət alan və rüşvət verən əllər ("hörmət" istəyən və "hörmət" eləyən) kəsilməyincə, qohumbaz və yerlibazlıq xəstələri ölməyincə Azərbaycanda normal təhsil olmayacaq. Dediyiniz vicdanlı, valideyn - müəllimlərdən də qalmayıb, yoxdur elələri indi, tanıdıqlarımız da dəyişiliblər, əfsuslar olsun....... Ümid yoxdur!!!!
Sistem dəyişilməli,repetetorluq ləğv olmalıdır.Müəllimlər məktəbi evə daşıyıb,məktəb də veriləcək təlimi pozurlar.Pul üçün hər cür təlxəklik edilir 1.Təhsil nazirliyi tədris yükünü mövzuları proqramı peşəkar pedoqoalarla birlikdə yenidən işləməli.Yeni proqrama uyğun mövzular qısa aydın yığcam və şağirdlərin gələcək həyatı üçün nəzərə alınacaq şəl kildə hazırlanmalı,azaldılmalıdır.Nə qədər vərəq söz yığını olan dərslik o qədər də yorğun savadsız uşaq. 2.1-4 cü sinifdən 5-9-cu sinifə qədər ayrı ayrı proqramlar əsasın da mövzular şagirdlərə bütün fənlər üzrə müəllimlər tərəfindən tədris etməli. 3.10 və 11 siniflərdən ixtisaslaşma aparılmalı, artıq şağirdlər seçdikləri qruplara əsasən bölünməli yəni 1 2 3 4.Siniflər də şagirdlərin seçdiyi qruplar əsasında yaradılmalı. Repetetorluq fəliyyəti ilə məşgul olan müəllimlər bax bu vaxt 10 və 11 siniflər qruplara bölündükdən sonra zəhmət çəkib məktəbdə həftə də 4 dəfə 2 saat olmaqla mövzuları tədris etsin. Bütün iş sahələrində olduğu kimi müəllimlər də sabah saat 9-dan dan axşam saat 6- a qədər məktəb də iş də olmağı təşkil edilsin. 5. 10-11 sinifin proqramı abituriyent proqramı olmalı. 6.Müəllimlərin maaşı (ən ağlr peşə polis max 1800alırsa ) 1200 olmalı 7.Bununla razılaşmayan müəllimlərlə sağollaşmalı,gələcək penisyalarını yaşla bağlı hesablanmasını DSMN tapşırmalı.. Qeyd:Yuxarı siniflərin şagidlərin də böyüməklə bağlı hormanların qeyri stabil olması səbəbi ilə onlara fənni tədris edən müəllimin 40 yaş və üzəri üzəri olması təşkil edilsin.
Salam Anar müəllim. Çox gözəl məqamlara toxunmusunuz bu məqaləni yazmaqla.Bir valideyin kimi məndə öz evladlarımı repetitor yanına göndərirəm.Uşaqlarımız gün ərzində yüklənirlər, verilən mövzuları oxuyub testlərini etməyə belə vaxtları qalmır. Məktəbdə lazimi biliklər verilsə uşaqlarda, biz valideyinlərdə həm maddi, həm də mənəvi əziyyət çəkməzdik. Mənimdə valideynimi 65 yaşı tamam olduğu üçün məktəbdən uzaqlaşdırdılar. Halbuki həmin məktəbdə o müəllimə ehtiyac vardı. Həm savadı, həm dünyagörüşü, həm də uşaqlara yanaşması bir başqa idi.Valideyinlərdə onun sinifi qoyub getməsini istəmirdilər, səhhətidə imkan verirdi işləməyə. Müdiriyyət qoymadı qalıb işləməyə.Bizim evladlarımızın qayğıkeş mehriban müəllimlərə çox ehtiyacı var.Müəllim məktəbdə sinif rəhbəri olaraq öz öhdəsinə düşən işi icra etmir. Dərsə gələn uşaqlarla maraqlanmır, sinifdə uşaqlar özlərini necə aparır, bir-birlərini təhqir etmirmi, nə isə pisxoloji olaraq bir problemi varmı. Məktəbdə pisxoloq var o belə uşaqlarla işləmir. Nəysə, təhsilimizdə, təhsildəki nizam intizamda məhv olub gedir. Yuxardakıların heç birinə maraqlı deyil bizim evladlar.
Cox doğrudur...Inanın 3de 1 hazırlıga getmır,yerı qalan her bır şagırd mektebeqrderden tıtmus abıturıyente qeder herkes.Menım bu nesıl yazıgım gelır elevalıdeyınlerede
Tam raziyam. Lakin usaqlara mektebde kecilen dərslərə tam diqqetle qulaq asmagı öyrənməyi də evde basa salmalıdırlar. Usaq qulaq asmaq istemirsen öyrenmek istemirse muellim kecsin basa salsın özunu öldursun xeyri yoxdur. Evden usaqdan teleb edilməlidir. Gozleyirler 10 cu sinifde hazirliga geder onda hazirliq muellimin den teleb ederem. Ona gore de mektebde derslere laqeyd yanasılır.
Sizdə də günah var. Jurnalistikanın kökünə neft tökmüsüz. Televiziyada mental dəyərlərdən uzaq seriallar və proqramlar yayımlanır. İnternet media bərbad gündə. Başlıqla mətnin heç əlaqəsi olmur. Baxışa və bəyənməyə dayanmış jurnalistikadır. İndidə durub cəmiyyətdə səhvlər axtarırsınız.
Burda valideynin o qədər də günahı yoxdu. Valideyn uşağın arxasınca gəzməyəcək. Özdə 15 yaşlı uşağın. Burda günah müəllimdə direktordadiki, şagird içəri girəndə yoxlanib girməlidir. 10 15 dəq yoxlamaq olmursa dəmir yoxlayan aparat qoyulmalıdır. Özdə ki o nə boyda ov tüfəngi imiş ki, çantaya yerləşib.
Bu məqaləni yazan elə bil Qazax avtobusundan 12 dəqiqədir düşən Müşkünaz xaladır. Necə də savadsız, jurnalistikanın,, j,, hərfindən xəbərimolçayan adamlar var. Litseyin dəmir detektorunolmalıdır. Üstəlik bu nə havalı qoymətlərdir? Hələ utanmaz utanmaz kasıb və varlıya bölürsüz adamları. Orta məktəbdə elə uşaqlar var ki, sizin 5 müəllimdə elə savad yoxdur. Heeeey!!!!! Həddinizi aşmayın. Ömrü böyü bal toplayan rayon uşaqları olub, olacaq da. Istəyir sizin təhsiliniz 150000000 manat olsun. Şəkidə belə söz var,, uşaq ki parta dalından durub heç nə bilmədisə, apar tulla
Onlardan biridə sinif yoldaşım o qədər oxuyubki robotlaşıb ????????
Çox ağrılı həm də gerçək məqamlara toxundunuz, təşəkkür edirəm. Həqiqətən də təhsil təkcə ağır dərs yükü deyil, həm də müəllimlərimizdən aldığımız təlim-tərbiyədən, həyat dərsindən, davranış qaydalarından ibarət üstəlik də bilgi ilə birgə ümumi dünyagörüşünü yaradan, şagirdin xarakterini formalaşdıran özündə mərhəməti və qayğını da ehtiva edən yüksək insani keyfiyyətlərin cəmi idi. Bizlər bir zamanlar çətinliklər görsək də çox şanslı olmuşuq ki, həyatı məktəbdə öyrənib cəmiyyətə qoşulmuşuq. İndi bu dövrün şagirdlərinin cəmiyyətdə bir fərd kimi özünü hiss etməyə nə mənəvi nə də fiziki gücləri yoxdu. Bu hadisədə əlbəttə ki, ilk olaraq valideyn günühkardı, yanaşı olaraq təhsilimizi bu hala salan, müəllimi hörmətsiz edən, müəllimi uçağın gpzündə kiçik düşürən Təhsil Nazirliyi də birbaşa məsuliyyət daşıyır.
Çox sağ olun, yazan əlləriniz var olsun. Çox gözəl vurğulamısınız, hər kəsin ürəyindəki sözlər. Artıq rəyə ehtiyac yoxdur. İnşəallah ki, bu rəyiniz nəzərə alınar. Bir daha, çox sağ olun.
Sizinlə tam razıyıq,indiki təhsil Əhmədlərin çoxalmasına gətirib çıxarda bilər,burda çox qorxuludu