Bakıda yerləşən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya silahlı hücum edən şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət və silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub.
Bakupost.az xəbər verir ki, bu barədə Anews.az-a etibarlı mənbə məlumat verib. Belə ki, bundan əvvəl məktəb administrasiyası onun müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.
Buna baxmayaraq, şagirdin dərslərə davamiyyəti və akademik göstəriciləri yüksək olduğundan, hadisənin bu cür ağır nəticə ilə bitəcəyinə nə məktəb kollektivi, nə də ətrafındakı şəxslər inanmayıb.
Məlumata görə, şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb.
Əldə etdiyimiz məlumata görə, hadisədən bir gün əvvəl şagirdin “Telegram” platformasında naməlum bir qrupa qoşulduğu müəyyən edilib.
Həmin qrup cinayət xarakterli fəaliyyətlə məşğul olub və şagirdə konkret “öhdəlik” verilib. Ona qurban seçmək imkanı təqdim olunub və şagird müəllimi hədəf seçərək onu öldürmək niyyəti güdüb.
Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları məsələni araşdırır.
Bir gün əvvəl Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 29 yaşlı Şəhla Kamilova məktəbin onuncu sinif şagirdi tərəfindən güllələnib. Onun boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Müəllimə əməliyyat olunub.