Ru
11:40 / 22 Noyabr 2026

Bir ailənin taleyində bütöv xalqın faciəsi – Tənzilə Rüstəmxanlının kitabının təqdimatı keçirildi

Bir ailənin taleyində bütöv xalqın faciəsi –   Tənzilə Rüstəmxanlının kitabının təqdimatı keçirildi
Eye

Milli Məclisin deputatı, tanınmış ictimai-siyasi xadim Tənzilə Rüstəmxanlının “Soy ağacım – sonsuz acım” kitabının təqdimat mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, elm, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kitabda müəllifin ailəsinin, mənsub olduğu nəslin yaşadığı faciələr, sürgünlər, deportasiyalar, doğma yurddan ayrılıq və bütün bunların insan talelərində buraxdığı izlər əks olunub. Bir ailənin tarixindən başlayan hekayə bütöv bir xalqın son yüzilliklərdə yaşadığı tarixi hadisələrlə qovuşur.

Təqdimat mərasimində çıxış edənlər əsərin tarixi və mənəvi əhəmiyyətindən, eləcə də Tənzilə Rüstəmxanlının milli azadlıq hərəkatında, Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında, türk dünyasının birliyi və Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində fəaliyyətindən danışıblar.


Fəzail İbrahimli: “Tənzilə xanım həyatını millət yolunda şam kimi yandıran insanlardandır”

Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib ki, kitabın ən böyük özəlliyi bir insanın həyat hekayəsində bütöv bir millətin tarixinin əks olunmasıdır:

“Burada bir insanın tarixi, bir soy-kökün tarixi, bu tarixin gərdişi, ətrafında cərəyan edən hadisələr öz əksini tapır. Bir ailənin tarixi taleyində bir millətin yaşadıqları görünür.

Bir sülalənin keçdiyi yola nəzər salmaqla Azərbaycan tarixinin də bir nəslin, bir tayfanın, bir sülalənin timsalında keçdiyi tarixi yolu, çəkdiyi əzabları görürük”.

Deputat Tənzilə Rüstəmxanlının ictimai-siyasi fəaliyyətini də yüksək qiymətləndirib:

“İnsan özü üçün həyatda üç formada yol seçir. Birinci qrup insanlar bu dünyada sakit yaşayıb, ətrafına nəzər salmadan, heç kimi görmədən yalnız öz mühitini düşünürlər.

İkinci qrup insanlar var-dövlət yığan, ətrafındakılara mənfi enerji verən insanlardır.

Üçüncü qrup isə həyatını şam kimi yandırıb millətin, xalqın yolunda özünü fəda etmək səviyyəsinə qədər gedib çıxan insanlardır.

Bax, Tənzilə xanım o üçüncü yolu seçmişdir. Nəyi varsa, bu millətin yolunda xərcləməyə hazır idi.

Sərhəd bölgələrinə getmək o dövrdə kifayət qədər riskli idi. Bəzi kişilərimizin belə qaçıb gizləndiyi bir dövrdə bir xanım ortaya çıxır, ətrafına insanları yığır, əlində olanı, Tanrının ona verdiyi payı milləti, xalqı, əsgərləri ilə bölüşürdü.

Bax, bu kitabın ən böyük məziyyətlərindən biridir. Kitab haqqında çox danışa bilərəm. Mən onu başdan-ayağa oxumuşam”.

Əziz Ələkbərli: “Bir nəslin tarixini sənədləşdirmək millət qarşısında xidmətdir”

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında hər bir insanın Vətən və millət qarşısında mənəvi borcu olduğunu vurğulayıb.

“Hər bir insanın Vətəni və milləti qarşısında bir övladlıq borcu var və bu borcu həyatı boyu ödəməyə çalışmalıdır.

Tənzilə xanım Rüstəmxanlı Vətəni və milləti qarşısında bu günə qədər çox böyük xidmətlər göstərib. Hamımız bunun şahidi olmuşuq.

Xarici ölkələrdə Azərbaycan naminə keçirilən beynəlxalq tədbirlərdə Tənzilə xanımın Azərbaycan həqiqətlərini müdafiə etmək üçün ekspertlərlə, mütəxəssislərlə necə mübarizə apardığının, dialoqlara, debatlara girdiyinin əyani şahidi olmuşuq.

Tənzilə xanım bütün ömrü boyu Vətəni, milləti üçün bacardığını edib, bu gün də edir, sabah da edəcək”.

Əziz Ələkbərli soy-kökün öyrənilməsi və tarixi yaddaşın qorunmasının vacibliyindən də danışıb:

“Bizim xalqımızda soy ağacını öyrənmək ənənəsi o qədər geniş yayılmayıb. Qərb ölkələri ilə müqayisə etdikdə çox az adam tapmaq olar ki, yeddinci, səkkizinci babasının adını çəkə bilsin. Hətta beşinci, altıncı babasını belə tanımayanlar var.

Tənzilə xanımın mənsub olduğu Süleymanlı nəslinin böyük tarixi var. Bu nəslin tarixini sənədləşdirmək, kitaba gətirmək həm el-obası, həm də milləti qarşısında böyük xidmətdir. Buna görə hörmətli Tənzilə xanıma təşəkkür edirik”.


Məlahət İbrahimqızı: “Tənzilə xanım türkçülüyü təbliğ etmir, onu yaşayır”

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı kitabı böyük maraqla oxuduğunu bildirib:

“Bu işıqlı kitabı Tənzilə xanım mənə bir müddət əvvəl vermişdi. Mən onu sevə-sevə oxudum və əminəm ki, siz də sevə-sevə oxuyacaqsınız.

Kitabın hər səhifəsi, hər cümləsi insanı özünə çəkir.

Çünki Tənzilə xanımın yazdığı bu kitab hər birimizin kitabıdır. Hər bir azərbaycanlının, hər bir türkün kitabıdır”.

Deputat Tənzilə Rüstəmxanlının türk dünyasına bağlılığından danışarkən xüsusi bir məqamı vurğulayıb:

“Tənzilə xanım haqqında yazıblar ki, türkçülüyü təbliğ edən insandır. Mən isə belə deməzdim.

Tənzilə xanım türkçülüyü təbliğ edən deyil, türkçülüyü ən yüksək səviyyədə yaşayan insandır. O, türkçülüyü də, turançılığı da yaşayır. Onun yaşaması özü elə ən böyük təbliğdir”.

Məlahət İbrahimqızı 1980-ci illərin sonlarında milli azadlıq hərəkatı zamanı Tənzilə Rüstəmxanlının fəaliyyətini də xatırladıb:

“O zaman Azərbaycanın müstəqilliyini qazanıb-qazanmayacağını heç kim bilmirdi. Amma Tənzilə xanım meydanlarda idi. Türkçülükdən, Türkiyə–Azərbaycan birliyindən, turançılıqdan danışmağın belə qorxulu olduğu dövrdə o, bu fikirləri açıq şəkildə səsləndirirdi”.

Deputat son dövrlərdə Azərbaycan–Türkiyə münasibətlərində yaranan gərginlik zamanı Tənzilə Rüstəmxanlının fəallığını xüsusi vurğulayaraq Sabir Rüstəmxanlının da bu məsələdə ziyalı mövqeyi nümayiş etdirdiyini bildirib.


Firudin Cəlilov: “Qədim torpaqlarımızın adlarını düzgün işlətməliyik”

Filologiya elmləri doktoru, professor, Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov Tənzilə Rüstəmxanlının milli azadlıq hərəkatında fəal iştirak edən qadınlardan biri olduğunu bildirib.

O, Tənzilə və Sabir Rüstəmxanlılarla bağlı şəxsi xatirələrini bölüşərək Türkiyədə Tənzilə xanımın çıxışlarından birini dinlədikdən sonra ona hörmətinin daha da artdığını söyləyib.

Professor çıxışında Qərbi Azərbaycan ifadəsinin tarixi-coğrafi baxımdan işlədilməsi məsələsinə də toxunub.

Firudin Cəlilov İrəvan xanlığının tarixi ərazisinə aid terminlərin də nəzərə alınmasını vacib hesab etdiyini bildirib:

“Əziz dostlarım, gəlin qədim torpaqlarımızın, qədim yurdlarımızın adlarını düzgün işlədək”.


Səbinə Salmanova: “Tənzilə xanım bütün türk dünyasının övladıdır”

Milli Məclisin deputatı Səbinə Salmanova Tənzilə Rüstəmxanlının həm ictimai-siyasi fəaliyyəti, həm də şəxsi keyfiyyətləri ilə örnək olduğunu bildirib:

“Mən Tənzilə xanımı yaxından tanımamışdan əvvəl, qiyabi tanıyanda düşünürdüm ki, böyük vətəndaşdır. Sonra yaxından tanıyanda gördüm ki, Tənzilə xanım vətəndaşlıq sözünə belə sığmır.

O, bütün türk dünyasının övladıdır. Mən şəxsən Tənzilə xanımla qürur duyuram.

Onun ictimai-siyasi fəaliyyəti haqqında danışmaq istəmirəm. Amma onu bir ana, bir həyat yoldaşı kimi həmişə özümə örnək görmüşəm.

Hər dəfə sözünün əvvəlində də, sonunda da “Sabir bəy” deyərək başlayır və bitirir. Buna görə düşünürəm ki, gənclərimiz üçün doğrudan da örnək bir xanımdır”.


Sabir Rüstəmxanlı: “Tənzilə xanım bir ailənin tarixini yazıb, amma hər ailənin belə kitabı olmalıdır”

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında kitabın əhəmiyyətindən, Qərbi Azərbaycana səfərlərindən və azərbaycanlıların deportasiyası ilə bağlı şəxsi xatirələrindən danışıb.

O bildirib ki, bir çox kitablar indiyədək tam araşdırılmamış tarixi hadisələrə işıq salır və mühüm suallara cavab verir.

“Azərbaycanlıların Ermənistanda yaşadığı dövrlərdə mən o yerlərdə olmuşam. Harada maşını saxlamışam, yol soruşmuşam, qarşıma azərbaycanlı çıxıb. Hara getmişəmsə, azərbaycanlılarla rastlaşmışam.

Gördüm ki, Ermənistan deyilən ərazidə nə qədər bizim yurdlarımız, kəndlərimiz, izlərimiz var”.

Sabir Rüstəmxanlı Qərbi Azərbaycandan köçürülmüş ailələrin hər birinin tarixinin yazılmasına ehtiyac olduğunu bildirib:

“Tənzilə xanım bir ailənin tarixini yazıb. Amma Ermənistandan qovulan insanların hər birinin tarixi haqqında belə kitablar yazılmalıdır.

Mən vaxtilə Fərman Kərimzadə ilə köçürülmüş insanların evlərinə gedib onların söhbətlərini dinləmişəm. Görmüşəm ki, hər ailə necə faciələr yaşayıb.

Köçürüb gətiriblər Beyləqana, Mil-Muğan düzünə. İnsanlar orada yaşaya bilməyiblər. Yenidən dağlıq yerlərə qayıtmaq istəyiblər”.

O, həyat yoldaşının Türkiyə, ABŞ və Kanadada Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində gördüyü işləri də xatırladıb:

“Türkiyəyə gedib-gəlmək, universitetləri gəzmək, Xocalı soyqırımını ağlaya-ağlaya danışmaq, bütün salonu ağlatmaq…

Amerikadan, Kanadadan qadınları Azərbaycana dəvət etmək… Elələri olub ki, düşmən kimi gəlib, dost kimi gediblər”.


Telli Pənahqızı: “Anam o dünyaya doğma evinin qapısını açmaq həsrəti ilə getdi”

Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı çıxışında Tənzilə Rüstəmxanlı ilə uzun illərə söykənən mübarizə yolunu xatırladıb.

“Biz hələ böyük Qarabağ savaşı başlamazdan əvvəl köçkünlərimizin, qaçqınlarımızın yanında idik. Türkiyədə idik. Hər yerdə Tənzilə xanım danışırdı.

Deyirdik ki, dünya belə getməyəcək. Günlərin birində bizi də masa arxasına dəvət edəcəklər. Çünki biz bu millətin övladlarıyıq, biz bu torpağın yiyəsiyik.

Tənzilə xanım, sənin kitabının çox gözəl adı var. Amma bu, təkcə bir ailənin taleyi deyil. Sən bizim hamımızın taleyini yazmısan. Yüz minlərlə insanın yaşadığı ağrını, acını yazmısan”.

Telli Pənahqızı anasının doğma yurda həsrətindən danışaraq tədbir iştirakçıları ilə təsirli xatirəsini bölüşüb:

“Mənim anam o həsrətlə dünyadan getdi. Deyirdi ki, kaş bircə dəfə gedəydim, qapımızı açıb içəri girəydim.

Bizim Vedidə Aşağı məhəllə deyilən yer var idi. Bütün evlər elə bil qol-boyun olmuşdu. Bir evin divarı o biri evin də divarı sayılırdı.

İnsanların bir-birinə münasibəti, köməyi, yardımı, torpaq sevgisi elə bil hamıda eyni idi.

Hamının həyəti, bağçası, evi-eşiyi, malı-heyvanı var idi. Hər kəsin ürəyində bir yurd sevgisi yaşayırdı. O yurd sevgisi bizi birləşdirirdi”.

Telli Pənahqızı kitabın təkcə Tənzilə Rüstəmxanlının ailəsinin deyil, Qərbi Azərbaycandan deportasiya edilmiş bütün soydaşların taleyini əks etdirdiyini bildirib:

“Mən kitabın adına ona görə təkrar qayıdıram ki, bu təkcə sənin taleyin deyil. Bu, Azərbaycanın qərbində yaşayan biz türklərin hamısının taleyidir.

Sənin bu kitabın həm də bizim taleyimizdir. Hər birimizin taleyidir.

Burada oturan Qərbi azərbaycanlıların hər birinə desən ki, torpağın haqqında, evin haqqında yazı yaz, məhz belə başlayar: mənim soyum, mənim köküm, mən haradan gəlmişəm və hara gedirəm?

Bu böyük mücadilənin içində sən vaxt tapıb bu kitabı yazmısansa, mən sənə təşəkkür edirəm”.

O, Qərbi Azərbaycanla bağlı xatirələrin gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb:

“Bizim gənclərin, uşaqların bu xatirələrə çox böyük ehtiyacı var.

Çünki gənclərin çox böyük əksəriyyəti elə bilir ki, Qərbi Azərbaycan bir sözdür, bir kəlmədir. Amma orada yaşayan insanların həyatından xəbərləri yoxdur.

Amma o torpaq, oradakı ağaclar, dağlar, yaylaqlar hələ də öz adlarını, ünvanlarını gözləyir.

Biz yazmasaq, bizdən sonra gələnlər bunları bilməyəcəklər. Onlar artıq başqa bir yerin sakinləridir. Bizim isə yaddaşımızda bu talelər yaşayır”.

Telli Pənahqızı uşaqlıq illərində Qərbi Azərbaycanın Əricə yaylağında gördüyü qədim abidələri də xatırladıb:

“Yadıma gəlir, biz Əricə yaylağına qalxırdıq. Hər daşın üstündə bir işarə var idi. Böyük qoç heykəlləri vardı, qəbirlər vardı, hündür başdaşları vardı.

Mən sonra onları filmdə də gördüm, çəkmişdilər.

Başdaşlarının üstündə ancaq rəqəmləri görürdük, yazılar ərəb əlifbası ilə idi. Oxuya bilmirdik.

O yaylaqlarda artıq ev yox idi. Bir-iki kəlləfa qalmışdı. Sökülüb-dağılmış evlərin yerləri görünürdü.

Uşaqlar bəzən o yerlərdən nələrsə tapıb gətirirdilər. Amma biz onların üzərində nə yazıldığını bilmirdik. Bunların hamısı bizim tariximizdir”.


Məlahət Qurbanova: “Bu əsərə film çəkilsin”

Məlahət Qurbanova çıxışında kitabda təsvir edilən hadisələrin ona yaxından tanış olduğunu bildirib.

“Bu əsərdə olanların hamısı mənə o qədər yaxından tanışdır ki… Çünki Tənzilə xanımın öz dilindən eşitmişəm.

O həmin faciələri, həmin hadisələri danışarkən ağlamışıq, döyünmüşük. Bəzən çox böyük hisslərə qapılmışıq ki, niyə belə oldu, nədən belə oldu?

Tənzilə xanım, çox sağ olun. Bu əsər təkcə Qərbi azərbaycanlıların deyil, hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır.

Bir nəsil, bir kök üç dəfə köçkün həyatına məhkum olubsa, bunu sözlə ifadə etmək çox çətindir”.

O, çıxışının sonunda kitabın ekranlaşdırılmasını təklif edib və Sabir Rüstəmxanlının bu işdə iştirakının faydalı olacağını bildirib.


Əntiqə Qonaq: “Altı yaşlı Cəmil də bizimlə cəbhəyə gedirdi”

Jurnalist, kitabın redaktoru Əntiqə Qonaq çıxışında kitabın hadisələrinin olduqca canlı təsvir edildiyini bildirib:

“Kitabı oxuyanda elə bil filmə baxırsan. Hadisələr o qədər canlı təsvir olunub ki, insan özünü onların içində hiss edir”.

O, Tənzilə Rüstəmxanlı ilə 1990-cı illərdən başlayan dostluğunu xatırladaraq maraqlı hadisə danışıb:

“Mən əminliklə deyə bilərəm ki, Tənzilə xanım həm gözəl anadır, həm yaxşı həyat yoldaşıdır, həm sadiq dostdur, həm vətənpərvər insandır, həm də türk sevdalısıdır.

Nədən deyirəm bunu?

1990-cı ildə Cəmilin neçə yaşı vardı? Altı yaşı.

Biz Tərtər tərəfə, cəbhəyə gedəndə Cəmil də bizimlə gedirdi. Mən onda subay idim, övladım yox idi. Bəlkə də övlad qorxusunu o qədər hiss edə bilməzdim.

Cəmil bizimlə gedirdi. Soruşanda da deyirdi ki, mən də əsgər olacağam.

Biz gedib-gəlirdik. Orada hər şey ola bilərdi. Top atılırdı, “Qrad” atılırdı, mülki əhali təhlükə altında idi. Biz o alovun içində idik. Hər şey ola bilərdi. Allaha şükür ki, olmadı.

Amma Tənzilə xanım həm ana ola bildi, həm vətənpərvər ola bildi, həm də gözəl rəhbər ola bildi”.

Tənzilə Rüstəmxanlı: “Mən bu kitabı Şahnisə nənəmə mənəvi borc kimi yazdım”

Tədbirin sonunda kitabın müəllifi, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı çıxış edərək əsərin yaranma tarixçəsindən, ailəsinin yaşadığı faciələrdən və xüsusilə Şahnisə nənəsinin taleyindən danışıb.

“Bizi nənəmiz tərbiyələmişdi, o böyütmüşdü. Çox qəribə taleyi var idi. Kitabda bəzi nüansları yazmışam.

Çox bədbəxt, çox hüzünlü bir nəslin övladı idi. Türkiyədə böyük bir nəsli var idi, amma burada qərib düşmüşdü.

O, bütün ömrünü Türkiyə sevdasıyla yaşamışdı. Bacılarını, qardaşlarını xatırlayırdı. Bizə onların adlarını verirdi. Hər birimizdə doğmalarından birini görmək istəyirdi”.

Tənzilə Rüstəmxanlı nənəsi ilə atası arasındakı bağlılıqdan da danışıb:

“Mən nənəmlə atam arasında elə bir bağ görmüşdüm ki, həmişə deyirdim, atam kimi oğul tanımıram, nənəm kimi də ana.

Sonra anladım ki, bu qadın atasına, qardaşlarına, bütün nəslinə olan sevgisini oğluna vermişdi. Onların hamısını onda görürdü.

Bir dəfə nənəm xəstə idi. Anam gəlib onun ayaqlarını ovuşdurmaq istədi. Dizini yerə qoymuşdu ki, nənəmin ayaqlarını ovuşdursun.

Atam əli ilə işarə edib dedi ki, sən anamın ayağını incidərsən.

Özü diz çökdü, anasının ayaqlarını ovuşdurdu”.

Tənzilə Rüstəmxanlı kitabın yazılması ideyasının necə yarandığını da açıqlayıb:

“Mən Sabir bəyə dedim ki, sənin o qədər gözəl qələmin var, nə olar, bir dəfə mənim nənəmin hekayəsini qələmə al.

Mən düşündüm ki, bizim tariximizdə nə qədər belə hekayələr var. Nə qədər travmalar, nə qədər köçlər, nə qədər faciələr yaşanıb.

Mən bunu özümə mənəvi borc bildim. Şahnisə nənəmin qarşısında borc bildim ki, onun hekayəsini paylaşım”.

O, ailəsinin müxtəlif dövrlərdə yaşadığı köçlərdən danışıb:

“Mənim böyük bacımla böyük qardaşım Zaqatalada dünyaya gəlib. Mən, ortancıl qardaşım və ondan kiçik qardaşım Amasyada dünyaya gəlmişik. Kiçik bacım yenə Zaqatalada dünyaya gəlib.

Baxın, bir nəslin ən yaxın tarixində üç dəfə məcburi köç var. Gedib, gəlib, yenə gedib.

Anam 1948-ci ildə köçməyə məcbur olunub. Atası güllələnib. Anası, Seyid qızı Zəhra bəyim sürgünə göndərilib. Uşaqlar ayrı-ayrı yerlərdə yetimxanalara verilib.

Sonra böyük xalam bu uşaqları bir-bir axtarıb tapmağa, toplamağa başlayıb.

Bax, belə ağrılar yaşamış bir nəslin hekayəsidir bu”.

Təqdimat mərasimində səslənən fikirləri birləşdirən əsas məqam “Soy ağacım – sonsuz acım” kitabının bir ailənin keçmişindən daha böyük tarixi yaddaşı əks etdirməsi oldu.

Əsərdəki ayrılıqlar, sürgünlər, bir-birindən uzaq düşmüş ailələr və doğma yurd həsrəti tədbirdə çıxış edənlərin şəxsi xatirələrində də öz əksini tapdı.

Beləcə, Şahnisə nənənin Türkiyədən başlayıb Qərbi Azərbaycanda davam edən həsrət hekayəsi bir nəslin taleyindən çıxaraq minlərlə ailənin ortaq yaddaşına qovuşdu.

Bir ailənin tarixi yazıldı, amma o tarixdə bütöv bir xalq öz taleyini gördü.

Azər
Baku Post

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar