Ru
13:13 / 10 Oktyabr 2022

Zamanın 29 il dayandığı məkan...

16305
Artıq iki ildir ki, Qarabağ işğaldan azad olunub. Bu iki il müddətində işğaldan azad olunmuş bölgələrə saysız-hesabsız media-turlar təşkil olunur. Medianın İnkişafı Agentliyi (MEDİA) və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Füzuli, Hadrut və Şuşaya təşkil olunan media-turun məqsədi isə qaranlıqdan aydınlığa çıxan şəhərlərimizdə yaradılan yeni nəsil Rəqəmsal və İdarəetmə Mərkəzləri ilə tanışlıq məqsədi daşıyırdı.


Füzuli şəhərinə daxil olarkən daşı-divarı uçan, bir vaxtlar içindən gur işıqlar gələn, indi isə keçmişi qaranlığa qərq olan evlərin xarabalıqları qarşılayır adamı. Düşmənin cəhənnəm yerinə çevirdiyi bu torpaqlardan artıq işıq gəlir. Yenidənqurma işlərinin sürətlə davam etdiyi ərazilərdə inşasını gözləyən evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli görünür.


Bu torpaqlarda yeni bir həyat işığı yandırmaq isə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin öhdəsinə düşüb. Təməli ötən ilin oktyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva tərəfindən qoyulan Füzuli, Hadrut Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzləri, eləcə də 2022-ci ilin mayın 10-da istismara verilən Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha da sürətləndirəcək. Azad torpaqlarda inşası davam edən və yekunlaşan yeni nəsil yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Hadrutda inşası davam edən qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi isə xüsusilə əhəmiyyətli yarımstansiyadır. Şükürbəyli, Hadrut və Şuşa yarımstansiyaları arasında yaradılan Hadrut qovşaq yarımstansiyası Hadrut qəsəbəsində, eləcə də Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qurulacaq infrastrukturun elektrik enerjisinə olan təlabatını qarşılayacaq. Bu da o deməkdir ki, azad Qarabağda icrasına başlanılan “Ağıllı kənd və şəhər” layihəsinin tamamlanması sürətlənəcək.




Rəqəmsal İdarəetmə Mərkəzlərindən şəhərlərə, kəndlərə ötürülən işıq dayanıqlı və fasiləsiz olacaq.


“Ağıllı şəhər”lər artıq futuristik fantaziyalar deyil, davamlı gələcəyin qurulması üçün zəruri olan ən mühüm həyati reallıqlarımızdan biridir.


Füzuli, Hadrut və Şuşada tikilən Rəqəmsal İdarəetmə Mərkəzləri “Ağıllı şəhər” və kəndlərdə "ağıllı işıqlandırma"nı həyata keçirəcək. Məlum məsələdir ki, yüksək enerji xərcləri işıqlandırma sistemlərinin əhəmiyyətini daha da artırır. Smart Lighting sistemləri ilə lüzumsuz istehlakın qarşısı alınır və işıqlandırma səviyyələri gün işığına görə avtomatik tənzimlənir və beləliklə, enerjiyə qənaət edilir. "Ağıllı ışıqlandırma"nın daha bir üstünlüyü isə ətraf mühit və canlı orqanizmləri elektromaqnit sahə şüalanmasının mənfi təsirlərindən qismən qorumasıdır.

Ermənilərin işğal etdiyi torpaqlarda həyata keçirtdikləri yeganə hərəkət ancaq yıxıb talamaq olub. Bu torpaqlarda zaman 29 il geri qalıb. Hadrutdan keçərkən də, Şuşada olarkən də bu reallıq daha aydın hiss etdirir özünü. Füzulidə, Cəbrayılda, Ağdamda isə zaman tamamilə dayanıb. Bu yerlərdə mənzərə qiyamət tablosunu xatırladır.


30 ildir dünyaya “Qarabağ bizimdir” deyib car çəkən ermənilər bu yerlərdə gələcək qura bilməyiblər. Çünki torpağın əsl sahibləri olmadıqlarını özləri də bilirdi. Biz bu gün Qarabağa yaratmaq, qurmaq, köklərimizi yenidən o torpaqlara bərkitmək üçün qayıtmışıq. Biz o torpaqlara təkcə binalar inşa etmək üçün deyil, gələcək inşa etmək üçün qayıtmışıq. Əcdadlarımızın qoyduğu izləri davam etdirmək üçün qayıtmışıq. Evlərə işıq, torpağa nəfəs olmaq üçün qayıtmışıq.


Bütün dünyanın 30 ilə yaxın seyr etdiyi viran, əsrin gerisində qalan, qaranlığın hökm sürdüyü torpaqlara yenidən işıq gətirdik. "Qarabağın işıqlı günləri başlayıb" desək, tam yerinə düşər. Bu işıq bizim təkcə bu günümüzü deyil, həm də gələcəyimizi aydınaladacaq işıqdır. Dünyaya sübut etdik ki, torpaq “bizimdir” deyənlərin deyil, “bizim olduğunu sübut edənlərin” Vətənidir.




Günel Musa
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər