Ru
17:56 / 30 İyun 2022

“Zaurun verilişi dayandırılıb, kanal cəzalandırılmalıdır” - Qalmaqallı məsələnin qanuni tərəfi

5065
“Zaur Kamalın hərəkəti həm hüquqi, həm də etik baxımdan məsuliyyət yaradır. Ona görə ki, tərbiyəsiz yanaşma sərgiləyib və hüquq pozuntusudur”.


Bunu Bakupost.az -a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli aparıcı Zaur Kamalın Afşin Azəri adlı müğənni efirdən uzalaşdırması ilə bağlı danışarkən deyib.


Hüquqşünas bildirib ki, hüquq bu davranışları yolverilməz hesab edir:




“Audivizual Şura rəsmisi bildirib ki, bu, tərbiyə məsələsidir, hüquq məsələsi deyil. Amma yəqin ki, Audiovizual Şuranın təzə qanunu oxumağa hələ vaxtı olmayıb. Çünki yeni Media Haqqında Qanunun 14.1.7-ci maddəsi birbaşa tələb qoyub ki, şərəf və ləyaqətin alçaldılmasına, işguzar nüfuzun ləkələnməsinə jurnalist yol verə bilməz. Birmənalı olaraq açıq şəkildə şəxsin həmin verilişdə nüfuzu zədələnir, onun şəxsiyyətini aşağılayan bir davranış sərgilənir. Bu da konkret olaraq Media Haqqında Qanunun 14.1.7-ci maddəsi baxımından yolverilməyən hərəkətdir. Audiovizual Şura əgər bu qanunu özü də oxuyub qəbul etsəydi, böyük ehtimalla bununla bağlı yanlış fikir bildirməzdi”.


Ə.Məmmədli bu məsələdə jurnalistikanın etik prinsiplərinin pozulması faktının olduğunu diqqətə çatdırıb:


“İkinci önəmli məqam, bunun etik tərəfidir. Burada da ciddi şəkildə jurnalistikanın etik prinsiplərinin pozulması var. Azərbaycan Mətbuat Şurasının qəbul etdiyi jurnalistin peşə, əxlaq, davranış qaydalarının 3.1-ci maddəsi deyir ki, jurnalistlər hər hansı bir formada cinsinə, iqinə, peşəsinə, millətinə, dininə, ya da yaşadığı, anadan olduğu yerə görə kimisə nə pisləməli, nə də bu hissəni qabartmalıdır. Halbuki onun cənubdan olan kimi qabardılaraq təqdim olunması etik davranış deyil. Açıq şəkildə diskriminativ yanaşmadır”.


Hüquqşünas əlavə edib ki, həmin müğənni məhkəmə qaydasında aparıcıya yönəlik tədbir görə bilər:


“Üçüncü önəmli məqam, jurnalistin peşə, əxlaq, davranış qaydalarının 3.2-ci maddəsidir, orada qeyd olunur ki, jurnalist hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsiyyət toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmalıdır. Burada hər ikisi pozulub. Ona görə də müğənni məhkəmə qaydasında Zaur Kamala yönəlik tədbir görə bilər. Amma etik baxımdan bu, yolverilməz, jurnalist prinspiplərinə ziddir. Bununla bağlı Mətbuat Şurası, Audiovizual Şura da öz mövqeyini bildirməlidir. Audiovizual Şura həm də bununla bağlı öhdəlik daşıyır ki, bu standartlarda olmayan yayımla bağlı tədbir görsün. Ona görə həmin verilişin müvəqqəti dayandırılması, yaxud buna görə kanalın cəzalandırılması məsələsinə də baxılmalıdır. Çünki hüquq bunu tələb edir. Hüququ tətbiq etməkdən qorxanlar sakit qalırsa, bu başqa məsələdir. Hüquq bu davranışları yolverilməz sayır”.


Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov burada qanun pozuntusu faktının olmadığını deyib.




Fərid
Baku Post
Şərhlər
  • t.ədalət

    Ələsgər müəllim,Zaur Kamal jurnalist deyil,aktyordur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər