"Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyinin sədri Xanım Əhmədzadə həyata keçirdikləri layihə haqqında məlumat verib.
O bildirib ki, ölkəmizdə məişət zorakılığı hallarının qarşısının alınması, ailə mühitinin qorunub saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilir:
"Son illər ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılır. Məişət zorakılığına qarşı mübarizə dünyanın hər yerində olduğu kimi bizim ölkədə də mürəkkəb bir problemdir. Çünki əksər hallarda bu zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, insanlar sağlamlıqlarını itirirlər, hətta intihara cəhd edirlər. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Bizim İctimai Birliyin apardığı sorğular və araşdırmalar nəticəsində belə qənaətə gəlirik ki, hüquqi müstəvidə məişət zorakılığına qarşı güclü mübarizə aparılmasına baxmayaraq cəmiyyətdə bu zorakılıq hallarının artması müşahidə olunur. Bu sahədə yaranmış informasiya azlığını və ictimaiyyətin fikirlərini ifadə etmək istəklərini nəzərə alaraq, təşkilatımız məişət zorakılığına qarşı mübarizə haqqında cəmiyyəti məlumatlandırmaq və təşəbbüslərini öyrənmək məqsədi ilə ictimai müzakirələr keçirir.
Bizim İctimai Birlik hazırda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” adlı layihəni icra edir. Tədbirlərimiz Bakı şəhərində həyata keçirilir. Layihə 1 sentyabr tarixindən start götürüb, icra müddəti 3 aydır. Layihənin məqsədi dövlətin məişət zorakılığına qarşı mübarizə sahəsində çoxistiqamətli proqramları və hüquqi aktları haqqında ictimai müzakirələr keçirməkdən ibarətdir. Vətəndaşların ictimai müzakirələrə, dinləmələrə, debatlara qatılması dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin inkişafına, əhalinin öz dövlətinə inamının və güvəninin artmasına, vətəndaş məmnunluğunun güclənməsinə müsbət təsirini göstərir".