Ru
20:05 / 27 Sentyabr 2026

“Azərbaycan artıq yalnız investisiya qəbul edən ölkə deyil” – Forumun əsas mesajları

“Azərbaycan artıq yalnız investisiya qəbul edən ölkə deyil” –  Forumun əsas mesajları
Eye

Bakıda Prezident İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, eləcə də biznes liderlərini bir araya gətirib.

İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə təşkil olunan tədbir “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Forumun ilk günündə qlobal iqtisadi gündəmin aktual məsələləri, Azərbaycanın investisiya imkanları, regional və beynəlxalq bağlantıların inkişafı, müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Panel sessiyalarında sənaye platformaları və azad iqtisadi zonalar, Orta Dəhliz, süni intellekt, innovasiya və rəqəmsal transformasiya, Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlığı, kapital bazarları, regional enerji bağlantıları və yaşıl keçid, beynəlxalq maliyyə əməkdaşlığı, aqrobiznes, kritik xammal və qlobal iqtisadi təhlükəsizlik kimi mövzulara diqqət yetirilib.

Prezident İlham Əliyev forumda çıxışı zamanı Azərbaycanın investisiya imkanlarından danışıb. Dövlət başçısı ölkənin iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən aparıcı beynəlxalq şirkətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.


"Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır. Beləliklə, bütün bunlara əsaslanaraq biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalıyıq.

Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik.
Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpa olunan enerjidir. Bizim çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 gigavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı 5 il ərzində Azərbaycanın hər yerində bərpa olunan enerji mənbələri olacaq", - Prezident bildirib.

Qeyd edək ki, forum çərçivəsində ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı ümumilikdə 23 sənəd imzalanıb.

Milli Məclisin komitə sədri Azər Əmiraslanov hesab edir ki, investisiya forumunun əhəmiyyəti yalnız ölkəyə yeni kapital cəlb olunması ilə məhdudlaşmır. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi imkanları və regiondakı mövqeyi son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Bu baxımdan ölkə artıq özünü yalnız investisiya qəbul edən tərəf kimi deyil, regional investisiya platforması kimi də təqdim edir:

"Cənab Prezident ölkəmizin etibarlı investisiya, biznes tərəfdaşı kimi mövqeyini açıq şəkildə nümayiş etdirdi. Burada qeyd olunan əsas məqam ondan ibarətdir ki, Azərbaycan tək özünün iqtisadi vəziyyətini təhlil etmir, iqtisadi prioritetlərini müəyyən etmir. İlham Əliyev xüsusilə vurğuladı ki, biz qlobal iqtisadiyyatda baş verən trendləri izləyirik, təhlil edirik və bundan çıxış edərək öz iqtisadi siyasətimizdə, o cümlədən investisiya siyasətimizdə müəyyən korrektələr edirik. Həm investisiya camiəsinə, o cümlədən biznes ictimaiyyətinə konkret mesajlar verildi ki, Azərbaycanın iqtisadi vəziyyəti sabitdir, ödəniş qabiliyyəti ən yüksək səviyyədədir.

Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin forumda Azərbaycanın dövlətçilik tarixini xatırlatması da ölkənin iqtisadi və siyasi imkanlarının təqdimatı baxımından diqqət çəkən məqamlardan biri olub. O hesab edir ki, bu məqam Azərbaycanın yalnız iqtisadi deyil, həm də tarixi və siyasi potensialının vurğulanması baxımından əhəmiyyətlidir:

"Biz müsəlman dünyasında, Şərq aləmində ilk demokratik Cümhuriyyəti qurmuşuq. Bu o deməkdir ki, müstəqil dövlətçilik tarixi olan demokratik Cümhuriyyət quran dövlətin həm iqtisadiyyatda, həm investisiya siyasətində, geosiyasətdə də çox ciddi uğurları tamamilə təbiidir".

Əmiraslanov investisiya imkanlarının genişlənməsində regional siyasi vəziyyətin də mühüm rol oynadığını bildirib:

"Regionda sülh artıq gündəmdədir. Biz bunun bir addımlığındayıq. Yəni de-yure - bunun rəsmiləşdirilməsi məqamı gəlir və cənab Prezident bu məqama da toxundu ki, artıq yeni bir şəraitdə investisiyalar üçün geniş imkanlar yaranır. Digər tərəfdən, Cənubi Qafqazda çox dərinləşmiş iqtisadi inteqrasiya modelinin qurulması mümkündür və belə bir şəraitdə təbii ki, xarici kapitalın da məhz regiona, o cümlədən də ölkəmizə cəlb edilməsi tamamilə real görünür.

Digər vacib məqam ölkəmizin sabitliyə malik olmasıdır və bu sabitlik hər bir investor üçün əlverişli mühit formalaşdırmış olur. Ölkəmiz təhlükəsizlik zonasıdır və hər bir investor, birinci növbədə, hansısa iqtisadi güzəştlərdən, investisiya təşviqlərindən də əvvəl məhz təhlükəsiz, sabit mühit axtarır. Harada ki qeyri-müəyyənlik var, etimad mühiti yoxdur, o halda təbii ki, investor investisiya yatırmağa risk etmir".

Milli vəkili Vüqar Bayramov forum zamanı Azərbaycanın maliyyə imkanları ilə bağlı səsləndirilən göstəricilərə diqqət çəkib. O bildirib ki, Prezident İlham Əliyevin çıxışında ölkənin valyuta ehtiyatlarının xarici borcu 20 dəfə üstələməsi ilə bağlı qeyd də investorlar üçün mühüm göstəricilərdən biridir:

"2026-cı il valyuta ehtiyatlarımızın artması baxımından vacib illərdən biridir. 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollar idisə bu ilin bu göstərici artıq 90 milyard dollardan çoxdur.
Azərbaycan strateji valyuta ehtiyatları ümumi daxili məhsuldan (ÜDM) çox olan azsaylı dövlətlərdən biridir. Belə ki, Azərbaycanın valyuta ehtiyatları illik ÜDM-i 12 faiz üstələyir. Bu göstəriciyə görə Azərbaycanda dünyada ən yaxşı onluğa daxildir. Bu eyni zamanda ölkə iqtisadiyyatında möhkəm təhlükəsizlik yastığının formalaşmasından xəbər verir.
Hazırda Dövlət Neft Fondunun 73 milyard dollar aktivləri var. 2025-ci ilin sonunda 11,5 milyard dollar olan Mərkəzi Bankın ehtiyatları isə 2026-cı ildə 15,3 milyard dollaradək yüksəlib. 2026-cı ilin geridə qalan aylarında nəzərdə tutulan fiskal öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, valyuta ehtiyatlarındakı artım sistemli iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.

Göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanıqlı iqtisadi inkişaf hədəflərini nəzərə alınmaqla daha strateji müddətdə iqtisadi təhlükəsizliyin davamlı qorunmasına imkan yaradır".

Lalə,
BakuPost

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqamətində hazırlanıb.



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar