Əzraillə üz-üzə qalmışam. Ona deyirəm ki, sənin dediyin olmayacaq. Özüm bildiyimi edəcəyəm.
"Bakupost" Musavat.com-a istinadən xəbər verir ki, bunu "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri, 77 yaşlı Murad Rzayev deyib.
Sənətçi 80 illik yubileyinə hazırlaşdığını və bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdiyini bildirib.
Murad Rzayev hələ də kirayədə yaşadığını, öz mənzilinin olmadığını deyib:
"Adam deməyə utanır, amma illərdir kirayədə qalıram. Bakının elə yeri olmadı ki, orada kirayə qalmayım. Deyəsən, kirayələrdən torpağın altına gedəcəyəm. Ağdamda nə gözəl evlərim var idi. Mənə orada ev versələr, gedib yaşayacağam".
O, şagirdi, müğənni Tacir Şahmalıoğlu ilə münasibətindən də danışıb, müğənninin yaxın günlərdə əməliyyat olunduğunu eşitdiyini bildirib:
"Allah onu ondan da pis günə salacaq. Müəllimin üzünə ağ olan adam elə olmalıdır da. Nə isə, Allahın işinə qarışmayaq. Mənim "Bayatı-Şiraz" muğamımı nə qədər adam oxudu. Amma heç biri özünü Tacir kimi aparmadı. Bu muğamı ondan da gözəl oxuyan olub. Tacir bu muğamımla tanındı, üzə çıxdı. Mən xəstələnib xəstəxanada yatırdım. Həmin vaxt Tacir bu muğamı oxudu. Dedilər ki, bunu kim yazıb? Tacir muğamı öz adına çıxardı, bildirdi ki, ona məxsusdur.
Axırda məcbur olub bir neçə fakt topladım ki, bəlkə, utanar. Elə bilirdi ki, mən öləcəyəm və rahatlıqla muğamı öz adına çıxaracaq. Amma ölmədim, yaşadım və onu rüsvay etdim. İndi bundan sonra yüz şey olsa da, Tacirlə barışmaram. Mənim qəlbim ondan qırılıb. Allah hər kəsi öz əməlinə görə cəzalandırır.
Qardaşı öldü, iki dəfə yasına getdim. Amma mənim 42 yaşında oğlum rəhmətə getdi, Tacir onun yasına gəlmədi. Eybi yox, incimirəm də. Mən öz mədəniyyətimi göstərdim, o da öz mədəniyyətini göstərdi. Sənət adamlarının hamısı bu vəziyyəti bilir".