Azərbaycan əsgərinin Şəki kəndinə sızmasında boşluqlar olub və bunun nəticələri də olacaq. Bunu yalnız rəsmi araşdırma başa çatdıqdan sonra ətraflı müzakirə edə bilərik.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 7-də parlamentdə hökumət saatında deyib.
O bildirib ki, Azərbaycan əsgəri ilə bağlı ətraflı məlumat da istintaq hərəkətləri başa çatdıqdan sonra verilə bilər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Ermənistan sərhədini keçdiyi və Zəngəzurun Şəki kəndində saxlanıldığı haqda Ermənistan rəsmi qurumları 1 oktyabrda məlumat yayıb. Onun bir erməni evinə girdiyi, orada dincəldiyi, ev yiyəsi olan qadının ona hücum etdiyi, nəticədə qadına ayağından atəş açdığı, polisə isə müqavimət göstərmədən təslim olduğu deyilir.
2 oktyabrda isə N.Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Musayevin 26 sentyabrda hərbi hissəni özbaşına tərk etdiyi iddiaları da yayılıb. Şəki kəndi sərhəddən 20 km məsafədə yerləşir. Bir “düşmən” əsgərinin sərhədi keçə və 20 km dərinliyə qədər gedə bilməsi, üstəlik, yalnız evə girdikdən sonra aşkarlanması müzakirələrə səbəb olub.