“Qazaxıstandan gələn taxıl qatarı Rusiyanın, Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək Ermənistana çatıb”.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan sosial şəbəkə hesabında yazıb.
“Gecə yarısı Tavuş vilayətinin Ayrum stansiyasında biz Qazaxıstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbayevlə birlikdə Qazaxıstan buğdası daşıyan qatarı qarşıladıq.
Qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana gəlib və təxminən min ton buğda gətirib”, - Xudatyan bildirib.
Qeyd edək ki, 4 noyabrda Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan etmişdi ki, Rusiya taxılı Azərbaycandan keçən dəmir yolu vasitəsilə Ermənistana daşınır. 6 noyabr gecəsi isə məlum olub ki, Rusiya taxılının ilk partiyası 30 ildən sonra ilk dəfə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılıb.