Türkiyənin İstanbul sahillərində Azərbaycan və Türkiyə bayraqları ilə üzən iki tankerdən təcili yardım çağırışı gəlib.
Bakupost.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama yayıb. Hadisə saat 11:50 radələrində baş verib və dərhal əraziyə xilasetmə və təcili yardım qrupları göndərilib.
Bildirilib ki, “Kəlbəcər” adlı 141 metr uzunluğunda tanker ilə “Alatəpə” adlı 115 metr uzunluğunda tanker Mərmərə dənizində Floriya sahillərində toqquşublar. Hər iki gəmi sahilə yaxın olduğundan dərhal Türkiyə Sahil Mühafizə Xidmətinin quru və dəniz xilasetmə qrupları, o cümlədən 9 yedək gəmisi hadisə yerinə göndərilib.
Xilasetmə əməliyyatları davam edir. Hələlik ziyan və ya itkilər barədə açıqlama verilməyib.
Bəzi mənbələr hadisənin pis hava şəraiti və fırtına ilə əlaqəli ola biləcəyini qeyd edir. Xilasetmə əməliyyatları davam etdiyindən bölgədə nəqliyyat təhlükəsizliyi və gəmilərin hərəkəti müvəqqəti məhdudlaşdırıla bilər.
Cavid, BakuPost