Azərbaycanda 18 yaşadək nikaha girən qızların sayı artıb

  • 03 Dek 2019 22:18
  • 244 Baxış
 Azərbaycanda 18 yaşadək nikaha girən qızların sayı artıb
Azərbaycanda son iki il ərzində 18 yaşadək rəsmi nikah bağlayan qızların sayının yenidən artması tendensiyası müşahidə edilir.

BakuPost-un
Trend-ə istinadən məlumatına görə, 2016-cı ildə Azərbaycanda nikahları rəsmi qeydə alınmış 18 yaşadək qızların sayı 3121, 2017-ci ildə 317, 2018-ci ildə 338 olub.

Son illər ərzində yaşı 18-dək olan oğlanların rəsmi nikah bağlanması halı az olsa da, ötən il ilk dəfə olaraq, bu yaşda olan heç bir oğlan rəsmi nikaha daxil olmayıb.

Qeyd edək ki, 2017-ci ildə nikahları rəsmi qeydə alınmış oğlanların sayı 1 nəfər, 2016-cı ildə 3 nəfər olub.

Nikahları rəsmi qeydə alınmış 18 yaşadək qızların sayı daha çox 2008-ci ildə olub. Həmin ildə 5544 nikaha daxil olmuş qızın yaşı 18-dək olub. Yaşı 18-dək evlənən oğlanların sayının ən çox qeydə alındığı il isə 50 nəfər olmaqla, 2006-cı ildə olub.

2011-ci ildən sonra 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır.

Xatırladaq ki, Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.