“Əhalinin siyahıyaalınması bütün ölkələr üçün vacib, universal bir prosesdir və dünyanın əksər ölkələrində həyata keçirilir. Burada BMT-nin tövsiyələri də nəzərə alınır”.
"Bakupost" xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri, sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, hətta əhalinin siyahıyaalınması zamanı istifadə olunan sualların tərtibinə qədər BMT-nin müvafiq qurumlarının təklif və tövsiyələri mövcuddur:
“Bu tövsiyələr sualların xarakter və əhatə dairəsini müəyyənləşdirir. Bu, həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlıdır. Həmin məqsədlərin əsas prinsiplərindən biri “heç kəsi kənarda qoymamaq”dır. Əslində, bu prinsipdən və BMT-nin tövsiyələrindən asılı olmayaraq da əhalinin siyahıyaalınması hər bir dövlət üçün prioritet məsələdir. Çünki bunun nəticəsində ölkənin demək olar ki, bütün mənzərəsi ortaya çıxır. Sosial, iqtisadi və demoqrafik göstəricilər müəyyənləşdirilir, bir növ ölkənin real sosial xəritəsi formalaşır”.
Alim bildirib ki, əhali siyahıyaalınması vasitəsilə müxtəlif tendensiyalar izlənilir, hansı proseslərin baş verdiyi müəyyənləşdirilir. Ü.Şəfiyevin fikrincə, əhalinin müxtəlif təbəqələri üzrə cins-yaş tərkibi, şəhər-kənd əhalisinin göstəriciləri, mövcud problemlər və onların qarşısının alınması imkanları araşdırılır:
“Bu tədqiqatlar və statistik qiymətləndirmələr ölkənin real vəziyyətini aydınlaşdırmağa, mövcud mənzərəni dəqiq müəyyənləşdirməyə və öyrənməyə xidmət edir. Nəticədə həm müsbət, həm də mənfi tendensiyalar üzə çıxır və dövlət həmin məlumatlar əsasında müvafiq qərarlar verir”.
Sosioloqun qənaətinə görə, eyni zamanda, iqtisadi və sosial göstəricilər kompleks şəkildə təhlil olunur. Məsələn, gənclərin sayının artıb-artmadığı, yeni doğulan uşaqların sayında hansı dəyişikliklərin baş verdiyi, eləcə də yaşlı əhalinin ümumi əhali içərisində payının nə qədər olduğu araşdırılır: “Yəni bütün göstəricilər və parametrlər üzrə geniş tədqiqat aparılır. Bunun nəticəsində əslində ölkənin sosial xəritəsi ərsəyə gəlir. Yəni real vəziyyət öyrənildikdən sonra daha düzgün qərarlar qəbul edilir. Bununla yanaşı, yaxın, orta və uzunmüddətli perspektivlər üzrə proqnozlar vermək, gələcəyə yönəlik yanaşmalar formalaşdırmaq mümkün olur”.
Kafedra müdiri bildirib ki, əhalinin siyahıyaalınması, bir qayda olaraq, BMT-nin tövsiyələrinə uyğun şəkildə hər on ildən bir həyata keçirilir.
Onun sözlərinə görə, bu proses bir deyil, müxtəlif metodlarla aparılır və məlumatlar fərqli üsullarla dəqiqləşdirilir. Məsələn, fərdi sorğular vasitəsilə vətəndaşlarla birbaşa ünsiyyət qurulur, sosioloji müşahidə metodlarından istifadə edilir:
“Toplanan məlumatların daha da dəqiqləşdirilməsi üçün əlavə müşahidələr aparılır, müxtəlif sənəd mənbələri və statistik məlumatlardan istifadə olunur. Yəni burada vahid tədqiqat metodu yoxdur. Əhali siyahıyaalınması universal tədqiqat prosesidir və real nəticələrin əldə olunması üçün fərqli metodlardan yararlanılır”.
Ü.Şəfiyev bildirib ki, bunun üçün geniş işçi qüvvəsinə ehtiyac yaranır: “Siyahıyaalmanın həyata keçirilməsi minlərlə əməkdaşın cəlb olunmasını tələb edir. Müasir dövrdə informasiya texnologiyalarından, müxtəlif sorğu və tədqiqat metodlarından, süni intellekt texnologiyalarından və digər innovativ həllərdən istifadə etməklə daha dəqiq nəticələr əldə etmək mümkündür. Lakin bunun üçün ilk növbədə əhalinin maarifləndirilməsi vacibdir. Sosial çarxlar vasitəsi ilə vətəndaşlara izah edilməlidir ki, bu, dövlət və ölkə üçün mühüm əhəmiyyət daşıyan bir tədbirdir və hər kəs bu prosesdə iştirak etməlidir”.
Onun fikrincə, ilk addım məhz məlumatlandırma və maarifləndirmə olmalıdır. Kafedra müdiri söyləyib ki, sosial şəbəkələr, televiziya və digər media platformaları vasitəsilə vətəndaşlara bu prosesin mahiyyəti və əhəmiyyəti çatdırılmalıdır:
“Çünki siyahıyaalma əhalinin real vəziyyətini müəyyənləşdirmək, real və potensial problemləri üzə çıxarmaq, eyni zamanda müsbət tendensiyaları müəyyən etmək məqsədi daşıyır. Ona görə də hər bir vətəndaş bu dövlət əhəmiyyətli tədbirin həyata keçirilməsinə öz töhfəsini verməlidir. Ən azı sorğulara dəqiq və düzgün cavablar verilməlidir”.
Qeyd edək ki, Azərbaycanda 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.