Ru
12:51 / 01 Oktyabr 2025

Azərbaycanda ilk 1000 MVt-lıq HESQ-in yerləşdirimə sxemi Kiyevdə təqdim edildi - FOTO

Azərbaycanda ilk 1000 MVt-lıq HESQ-in yerləşdirimə sxemi Kiyevdə təqdim edildi - FOTO
Eye

Sentyabrın 29-da Ukrayna Milli Elmlər Akademiyasında “Azərbaycan - Ukrayna: Hidroakkumulyasiya elektrik stansiyalarının (HESQ) tikintisində və bərpa olunan energetikanın səmərəli inkişafında yeni tərəfdaşlıq imkanları” mövzusunda beynəlxalq Dəyirmi masa keçirilib. Dəyirmi masada Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik, Ali Radanın deputatı Sergey Naqornyak, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev (onlayn formatda), Azərbaycanın Ukraynadakı səfirliyinin müşavirləri Fərid Babayev və Rövşən Hüseynzadə də iştirak ediblər.

Bakupost.az xəbər verir ki, “Azərbaycan–Ukrayna Energetika Assosiasiyası”nın təşkil etdiyi Dəyirmi masada hər iki ölkənin aparıcı energetika şirkətləri, elmi dairələrin nümayəndələri, ekspertlər, mütəxəssislər, eləcə də Ukrayna və Azərbaycan Milli Elmlər Akademiyalarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanda ilk dəfə inşa olunması nəzərdə tutulan 1000 MVt gücündə hidroakkumulyasiya elektrik stansiyasının (HESQ) yerləşdirmə sxemi təqdim edilib. Layihənin dəyəri təqribən 1,8 milyard ABŞ dolları təşkil edir və Mingəçevir su anbarından aşağı hovuz kimi istifadəsi planlaşdırılır. HESQ ölkənin enerji sistemində günəş və külək enerjisinin effektiv inteqrasiyası üçün baza rolunu oynaya bilər.

Layihənin elmi əsasları ukraynalı mütəxəssislər tərəfindən, dünya səviyyəli alim, “Azərbaycan–Ukrayna Energetika Assosiasiyası”nın fəxri sədri professor Yuri Landaunun rəhbərliyi ilə hazırlanıb. Onun elmi fəaliyyəti Ukrayna, Vyetnam, Laos, Efiopiya və digər ölkələrdə geniş enerji layihələrinin həyata keçirilməsində tətbiq olunub.

Qeyd olunub ki, Azərbaycanda HESQ-lərin tikintisi proqramı Ukrayna ilə əməkdaşlığı yeni strateji mərhələyə qaldıra və “Azərbaycan 2030” milli inkişaf strategiyası çərçivəsində bərpa olunan enerjinin tətbiqinə güclü dəstək ola bilər. Layihə həmçinin Azərbaycanın qabaqcıl enerji texnologiyaları üzrə regional liderliyini möhkəmləndirəcək, Avropa enerji bazarında mövqelərini gücləndirəcək və azad olunacaq qaz həcmlərinin Avropaya ixracını təmin edəcək.

Hazırda Ukraynada bir neçə HESQ-in tikintisi davam edir. Bu layihələrdə yerli avadanlıq payı ən azı 70% təşkil edir. Onların arasında Avropanın ən iri HESQ-i – Dnestr HESQ də mövcuddur. Azərbaycanla əməkdaşlıq Ukrayna maşınqayırma müəssisələrinə iri ixrac müqavilələri qazandıra bilər.

Professor Yuri Landau vurğulayıb ki, dünyada hazırda günəş və külək energetikasında əsl bum yaşanır: “ABŞ, Çin, Aİ ölkələri, Norveç, Avstraliya və digər dövlətlər fəal şəkildə hidroakkumulyasiya stansiyaları tikirlər. Çünki qeyri-sabit bərpa olunan enerjidən yalnız balanslaşdırıcı güclərlə səmərəli istifadə mümkündür və onların arasında HESQ-lər ən effektiv hesab olunur”.

Assosiasiyanın Ukrayna tərəfindən həmsədri Petr Romanov isə bildirib ki, Azərbaycan bu cür layihələr üçün böyük potensiala malikdir:

“HESQ-lərin sistemli şəkildə tikintisi günəş və külək generasiyası ilə birgə həyata keçirilsə, ölkə demək olar ki, tamamilə bərpa olunan enerjiyə keçə bilər. Bu, iqtisadi artım, ekoloji vəziyyətin yaxşılaşması və qənaət olunan qazın ixracının artması ilə nəticələnəcək”.

Görüşdə Azərbaycanın Energetika Nazirliyinə və “Azərenerji”yə müraciət edərək Mingəçevir su anbarında ilk HESQ-in birgə tikintisinin müzakirəsi, Şəmkir SES-in rekonstruksiyası, yeni HESQ-lərin inşası, həmçinin birgə KES və GES layihələrinin həyata keçirilməsi perspektivlərinin dəyərləndirilməsi barədə qərar qəbul olunub.


Azərbaycanda ilk 1000 MVt-lıq HESQ-in yerləşdirimə sxemi Kiyevdə təqdim edildi - FOTO
Azərbaycanda ilk 1000 MVt-lıq HESQ-in yerləşdirimə sxemi Kiyevdə təqdim edildi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar