Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 153 ölkə arasında bir pillə irəliləyərək 91.27 MB/s sürətlə 80-ci yerdə qərarlaşıb. Rəqəmlər müsbət dinamikanı göstərsə də, gündəlik istifadəçilərin təcrübəsi bu artımla üst-üstə düşmür. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə vətəndaşlar həm internetin sürətindən, həm də qiymətindən narazılıqlarını bildirirlər.
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov statistik göstəricilərlə real istifadəçi təcrübəsi arasında fərq olması təbii olduğunu bildirib.
Onun sözlərinə görə, açıq mənbələrdə təqdim olunan sürət nəticələri ölkə üzrə orta göstəricini əks etdirir:
“Bu isə əsasən yüksək sürətli fiber-optik infrastrukturun olduğu ərazilərin nəticələrinə əsaslanır. Lakin bütün istifadəçilər eyni texnoloji şəraitdə deyil. Son illərdə Azərbaycanda xüsusilə böyük şəhərlərdə internet infrastrukturu ciddi şəkildə inkişaf edib. Fiber-optik şəbəkələrin genişlənməsi nəticəsində yüksək sürətlər əldə olunur. Amma regionlarda və ya köhnə xətlər üzərində xidmət alan istifadəçilər bu artımı eyni səviyyədə hiss etmir”.
İstifadəçilərin “internet hələ də yavaşdır” şikayətlərinin əsas səbəblərinə gəldikdə isə, mütəxəssis bildirib ki, burada bir neçə texniki və praktiki faktor var:
“İnfrastruktur fərqləri: Hər yerdə fiber-optik şəbəkə mövcud deyil;
Şəbəkə yüklənməsi: Pik saatlarda sürət azalır;
Daxili şəbəkə problemləri: Router, Vayfay siqnalı və istifadəçi avadanlıqları;
Paketlərin real performansı: Təklif olunan maksimum sürət hər zaman stabil şəkildə təmin olunmur.
Bu faktorlar istifadəçi təcrübəsinə birbaşa təsir edir.