ABŞ Prezidenti Donald Trampın İranla bağlı çağırışları fonunda NATO daxilində ciddi fikir ayrılıqları yaranıb. Alyans ölkələri açıq şəkildə Vaşinqtona hərbi dəstək verməkdən çəkinir, amma eyni zamanda qəti “yox” deməyə də tələsmirlər.
NATO-nun Baş katibi Mark Ruttenin “Hörmüz boğazının açılması ilə bağlı məsləhətləşmələr aparılır” açıqlaması isə diqqətləri yenidən bu istiqamətə yönəldib. Bu bəyanat Alyansın əvvəlki ehtiyatlı mövqeyindən geri çəkilə biləcəyi ilə bağlı sualları daha da artırıb.
Mövzu ilə bağlı
Bakupost.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bütün bu müzakirələrə baxmayaraq, NATO-nun mövqeyində ciddi dəyişiklik gözlənilmir:
Ekspertin sözlərinə görə, Alyans uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, bəzi kritik məsələlərdə vahid mövqe ortaya qoya bilmir:
“Baş katibin açıqlaması onu göstərir ki, NATO hələ də tərəddüd içindədir. İran məsələsində təşkilat prosesə hazır deyil. ABŞ Prezidentinin çağırışına baxmayaraq, Alyans üzvlərinin böyük hissəsi bu prosesə qoşulmaq niyyətində deyil”.
Üzeyir Cəfərov bildirir ki, Mark Rutte vəziyyətin risklərini anlayır, lakin üzv ölkələr arasında konsensus yaratmaqda çətinlik çəkir:
“Rutte başa düşür ki, bu cür parçalanmış mövqe gələcəkdə NATO-nun özünü sual altına qoya bilər. Amma o, müttəfiqləri razı salmaqda acizdir. Ona görə də ‘məsləhətləşmələr aparılır’ kimi diplomatik ifadələrlə vəziyyəti yumşaltmağa çalışır”.
Ekspert hesab edir ki, Hörmüz boğazı ilə bağlı səslənən fikirlər daha çox siyasi mesaj xarakteri daşıyır:
“Bu müzakirələrə baxmayaraq, NATO-nun bölgəyə hərbi gəmilər göndərəcəyi və Hörmüzdə aktiv əməliyyatlara başlayacağı inandırıcı görünmür. Qurum çox güman ki, yenə də neytral mövqeyini qoruyacaq”.
Hazırkı vəziyyət göstərir ki, İran məsələsi NATO daxilində mövqelərin nə qədər fərqli olduğunu üzə çıxarıb. ABŞ-ın sərt xəttinə baxmayaraq, Avropa ölkələri daha ehtiyatlı davranmağa üstünlük verir.
Bu isə bir daha sual yaradır: NATO vahid hərbi-siyasi blok kimi çıxış edə biləcək, yoxsa bu cür böhranlar Alyans daxilindəki çatları daha da dərinləşdirəcək?
Rüfət Sultan, BakuPost