Hər ilin aprelin 25-i dünyada Azad Sahibkarlıq Günü kimi qeyd edilir.
Azərbaycanda keçirilən islahatlar nəticəsində ölkədə son illər sahibkarlıq sahəsi də xeyli inkişaf edib. 2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 1 milyon 680 mini keçib. Bu rəqəm, son 10 ildə ölkədə sahibkarlıq subyektlərinin sayının 2,5 dəfədən çox artdığını göstərir. Ölkəmizdəki sahibkarlıq subyektlərinin əksəriyyətini mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, fəaliyyətdə olan sahibkarların 99,6 faizi KOB subyektləridir. Onların da 96,8 faizi mikro, 2 faizi kiçik və 0,8 faizi orta sahibkarlıq subyektləridir. Bu isə o deməkdir ki, Azərbaycanda iri sahibkarlıq subyektləri olduqca azdır, cəmi 0,4 faiz. Dünya üzrə isə bu göstərici orta hesabla 1 faiz civarındadır.
Milli Məclisin deputatı Vüqar Bayramov Bakupost.az-a bildirib ki, iri sahibkarlıq subyektlərinin az olması Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinin prioritet istiqamət olması ilə bağlıdır: “Ümumiyyətlə, dünyanın əksər ölkələrində kiçik və orta sahibkarlıq ümumi sahibkarlığın daha çox hissəsini təşkil edir. Əslində hər bir dövlət kiçik və orta sahibkarların sayının çox olmasında maraqlıdır. Demək olar ki, hər bir ölkənin siyasəti kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, bu istiqamətdə təşviq və dəstək tədbirlərinin genişləndirilməsidir. Çünki sahibkarlığın məhz bu kateqoriyaları məşğulluğun təmin edilməsi baxımından daha vacibdir”.
Deputat deyir ki, adətən iri sahibkarların müflis olması məşğulluğa daha çox neqativ təsir göstərir:
“Ona görə Azərbaycanda da kiçik və orta sahibkarlar daha böyük paya malikdirlər. Həm də kiçik sahibkarlıq subyektlərini yaratmaq daha asandır. Bu sahədə tələblər daha yüngül və əlverişlidir”.
Vüqar Bayramov qeyd edir ki, iri sahibkarlıq subyektlərilə bağlı pozitiv məqam ilk dəfə olaraq 2025-ci ildə onlar arasında qadın sahibkarın qeydiyyata alınmasıdır:
“Bu Azərbaycanda yenilik sayıla biləcək bir hadisədir. Ölkəmizdə prioritet istiqamət kiçik və orta sahibkarlığın dəstəklənməsidir”.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda iri sahibkarlıq subyektlərinin ümumi müəssisələr içində payı 1 faizdən də azdır və belə vəziyyətin yaranması bir neçə səbəbdən qaynaqlanır.
Onun fikrincə, birinci səbəb iqtisadiyyatın strukturu ilə bağlıdır:
“ÜDM-in 35-40 faizi neft-qaz sektorunun payına düşür. Bu sektorda isə SOCAR və bir neçə xarici nəhəng var. Qalan sahələr, kənd təsərrüfatı, ticarət, xidmət, tikinti əsasən xırda və orta biznesdən ibarətdir. Sənaye istehsalı zəifdir. Maşınqayırma, kimya, elektronika, əczaçılıq kimi böyük kapital və texnologiya tələb edən sahələr inkişaf etməyib. İri şirkət adətən iri sənayedə yaranır. Bizdə o sənaye yoxdur, ona görə iri şirkət də yoxdur”.
Ekspertin sözlərinə görə, kapitala çıxışın çətinlikləri də prosesdə öz sözünü deyir:
“İri biznes yaratmaq üçün yüz milyonlarla manat uzunmüddətli, ucuz kredit lazımdır. Banklar isə 18-25 faizlə, 2-3 illik kredit verir. Girov tələbləri çox sərtdir. Fond bazarı işləmir, şirkətlər səhm buraxıb pul yığa bilmir. Xarici investor da riskə görə gəlmir. Nəticədə sahibkarın istehsalı böyütməyə maliyyəsi olmur”.
Mərkəz sədri hesab edir ki, rəqabət mühitinin zəif olması da iri sahibkarlıq fəaliyyətinin çiçəklənməsini ləngidən amillərdəndir:
“Bir çox sahələrdə bazara giriş qeyri-rəsmi əngəllərlə bağlıdır. Gömrük, lisenziya, yoxlamalar, iri dövlət sifarişlərinə çıxış məhduddur. Tanışlıq, "day-day" sistemi olmayan sahibkar böyüyə bilmir. Böyüyəndə də ya pay verməlidir, ya da sıxışdırılır. Bu şəraitdə çox adam risk edib iri şirkət qurmaq istəmir, "balaca ol, rahat ol" prinsipi ilə yaşayır”.
A.Nəsirlinin fikrincə, vergi və inzibatçılıq yükü də sahibkarı iri müəssisə yaratmaqdan yayındırır:
“İri müəssisə kimi qeydiyyata düşən kimi yoxlamaların sayı artır, vergi yükü ağırlaşır, hesabat çoxalır. Ona görə bizneslər süni şəkildə parçalanır. Bir holdinq əvəzinə 20-30 xırda MMC yaradırlar ki, sadələşdirilmiş vergi ilə işləsinlər, yoxlamadan yayınsınlar. Statistikada onlar xırda görünür, amma əslində bir şirkətdir. Bu da "iri yoxdur" görüntüsü yaradır”.
İqtisadçı iri şirkətləri idarə etmək üçün peşəkar kadrların azlığını da promlemin kəskinliyinin başlıca amillərindən biri hesab edir:
“Burada insan kapitalı və idarəetmə də öz sözünü deyir. İri şirkəti idarə etmək üçün peşəkar menecer, maliyyəçi, hüquqşünas, mühəndis komandası lazımdır. Bizdə belə kadrlar azdır. Sahibkarların çoxu biznesi ailə üsulu ilə idarə edir, kənar adamı rəhbərliyə buraxmır. Nəticədə şirkət müəyyən həddən sonra böyümür, çünki bir adamın idarə edə biləcəyi limit var”.
A.Nəsirli deyir ki, dünya bazarlarına çıxmaq üçün də iri şirkətlərin çəkisi artmalıdır:
“İri şirkətlər məhsuldarlığı artırır, ixrac edir, texnologiya gətirir, minlərlə iş yeri açır, büdcəyə böyük vergi verir. Cənubi Koreya, Türkiyə, Almaniya məhz iri şirkətlər hesabına inkişaf edib. Xırda biznes çevikdir, amma dünya bazarına çıxa bilmir. Təkcə xırda və orta bizneslə rəqabətə davamlı iqtisadiyyat qurmaq çətindir. İri şirkət olmayanda Azərbaycandakı kimi ölkə asanlıqla xarici şirkətlərin bazarına çevrilir”.
İri şirkətlərinin çəkisinin artırılması üçün hansı addımların atılmasına gəldikdə, ekspert ilk növbədə əlverişli maliyyə çıxışı əldə etməyi daha vacib bildi:
“Dövlət fondları 5-7 faizlə, 10-15 illik güzəştli kredit verməlidir. Fond birjası canlandırılmalıdır ki, şirkət səhm satıb pul yığa bilsin. İkincisi, rəqabət mühiti təmizlənməlidir. Qanun hamıya eyni işləməlidir, dövlət sifarişləri şəffaf tenderlə verilməlidir. Üçüncüsü, vergi stimulu lazımdır. İri şirkətə böyüdükcə cəza yox, güzəşt olmalıdır. Məsələn, ixrac edən, texnologiya gətirən, 500-dən çox iş yeri açan şirkətə 5 il mənfəət vergisi sıfırlansın. Dördüncüsü, sənaye siyasəti lazımdır. Dövlət prioritet sahələr seçməlidir: aqrar emal, kimya, maşınqayırma, İT, əczaçılıq. Həmin sahələrdə iri layihələrə torpaq, infrastruktur, kadr dəstəyi verməlidir. Beşincisi, korporativ idarəetmə mədəniyyəti yaradılmalıdır. Sahibkar başa düşməlidir ki, şirkəti peşəkarlara tapşırıb özü strateji məsələlərlə məşğul olsa, biznes daha tez böyüyər.
Qısası, iri biznesin az olması təbii proses deyil, sistem problemlərinin nəticəsidir. Onların payını artırmaq lazımdır, amma süni yolla, məmur şirkəti yaratmaqla yox. Normal bazar, ucuz pul, ədalətli rəqabət olsa, iri şirkətlər özü yaranacaq. Əks halda iqtisadiyyat xırda dükanlar səviyyəsində qalacaq və hər böhranda silkələnəcək”.
Rüfət Sultan, BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.