10:45 / 29 Yanvar 2026
Azərbaycanlı idmançı döyüşdən əvvəl rəqibinin komanda yoldaşını yamsıladı – VİDEO
1080
Azərbaycanlı MMA döyüşçüsü Rəfael Ataman Fiziyev sosial mediada diqqət çəkən video paylaşıb. O, “Instagram” profilində UFC-nin son tanıtım videosunda gülməli şəkildə parodiya edən bir görüntü nümayiş etdirib.
Orijinal videoda həyəcanlı görünən braziliyalı döyüşçü Jan Silva UFC çempionluğu kəməri ilə üz-üzə gələrkən qışqırır. Video bu anın həyəcanını nümayiş etdirir.
Fiziyevin hazırladığı versiyada isə emosional ton qorunur, amma kontekst tamamilə dəyişir. Yüngül çəkidə (70 kq) döyüşən idmançı eyni duyğuları göstərir, lakin qarşısındakı çempion kəməri əvəzinə şirniyyatlarla dolu nimçədir. Bu, onun hazırkı vəziyyətinə ironik yanaşması kimi qiymətləndirilir. Sürətlə yayılan video izləyicilər və həmkarları arasında rezonans yaradıb. Braziliyalı döyüşçü Jan Silva onu təlqin edən videonu gülərək şərh edib.
Fiziyev paylaşımın şərhində, “Jan Silva bu hissin necə olduğunu çox yaxşı bilir”, – yazıb.
Parodiya videonun aktuallığı Fiziyevin hazırlıq mərhələsi ilə bağlıdır. Döyüşçü növbəti matçına hazırlaşır və bu dövrdə çəkini azaltmaq üçün ciddi qidalanma məhdudiyyətləri və pəhriz tətbiq olunur. Video, bu məhdudiyyətlər zamanı qarşısına çıxan “məğlubedilməz cazibə”ni simvolizə edir.
Həmçinin, parodiyanın maraqlı tərəfi rəqabət kontekstidir. Fiziyevin “UFC 325”də qarşılaşacağı Maurisio Raffi Jan Silvanın “Fighting Nerds”dəki komanda yoldaşıdır. Azərbaycanlı döyüşçü braziliyalı rəqibi ilə bu şənbə (yanvarın 31-də) Avstraliyanın Sindey şəhərində keçiriləcək döyüşdə qarşı-qarşıya gələcək. Beləliklə, Fiziyevin paylaşdığı video həm rəqabəti, həm yumoru, həm də böyük MMA gecəsinə hazırlıq prosesini tərənnüm edir.
Fateh, BakuPost