Azərbaycanlı rejissor Səidə Haqverdiyeva Türkiyədə keçirilən "Gümüş karyera" beynəlxalq mükafatına layiq görülüb.
Bakupost.az xəbər verir ki, Ankarada keçirilən mükafatlandırma mərasimində Türkiyənin dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media nümayəndələri, ictimai-siyasi xadimlər, sənət adamları və diplomatik korpus üzvləri iştirak ediblər.
Bildirilib ki, artıq dördüncü dəfədir baş tutan tədbirdə Azərbaycanı teatr və kino rejissoru Səidə Haqverdiyeva təmsil edib. O, kino və teatr sahəsində milli-mənəvi dəyərlərin sənət vasitəsilə təbliği, həmçinin Qarabağ müharibəsinin ağrılarını və insan talelərini əks etdirən "Köhnə çamadanlar" filminin beynəlxalq təqdimatına görə "Gümüş karyera" mükafatına layiq görülüb.
Səidə Haqverdiyeva çıxışında mükafatı yalnız şəxsi yaradıcılığının deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin və qadın sənətkarlarının uğuru kimi qiymətləndirib.