Xəbər verdiyimiz kimi, ötən gün Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Bakupost.az -a açıqlamasında bildirib ki, uşaqların fərdi inkişafı və sosiallaşmasında bağçaların əhəmiyyətli böyükdür. Məktəbəqədər təhsil müəssisələri həmçinin körpələrin təlim tərbiyəsində də mühüm rol oynayır:
“Danılmaz həqiqətdir ki, uşaqların dünyagörüşünün inkişafında, danışıq, nitq, davranış vərdişlərinin formalaşmasında bağçalar xüsusi rola malikdir. Eyni zamanda, uşaqların məktəbə hazırlıq dövrü də məhz bağçadan başlayır. Bu səbəbdən də bağçaların inkişafına, təlim-tərbiyə işlərinin daha da yüksəldilməsinə nail olmaq lazımdır. Hesab edirəm ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi sözügedən müəssisələrdə təlim-tərbiyə və məktəblərə hazırlıq prosesinin uyğun səviyyədə təşkil olunmasına şərait yaradacaq”.
Millət vəkili Etibar Əliyev bildirib ki, ötən dövrlərdən etibarən məktəbəqədər təhsilə olan ehtiyacın yerli icra hakimiyyətləri tərəfindən düzgün qiymətləndirilməməsi, təmirə və yenidənqurmaya ehtiyacı olan mövcud bağçaların müasir tələblərə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməməsi narahatlıq doğururdu:
“Uşaqların bu müəssisələrə qəbulu zamanı ciddi qanun pozuntularına və neqativ hallara yol verilirdi. Övladının aidiyəti üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı müraciət edən valideynlərə demək olar ki, hər bir halda imtina cavabı verilirdi. İnanıram ki, bağçalara nəzarətin yenidən Təhsil Nazirliyinə verilməsi ilə bu kimi neqativ hallar aradan qalxacaq”.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, hər il Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən bağçalara elektron qəbul sisteminin qurulması vədi verilirdi. Ancaq uzun zaman keçməsinə baxmayaraq məsələ ilə bağlı heç bir müvafiq tədbirlər görülmürdü:
“Hətta Təhsil Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinə bağçalara elektron qəbul sisteminin qurulmasına köməklik etməyə hazır olduğunu bildirmişdi. İcra Hakimiyyəti isə nazirliyin köməyindən imtina edib sistemi qısa müddət ərzində özləri tərəfindən quracağı vədi verilmişdi. Ancaq xeyli müddət keçməsinə baxmayaraq, dəfələrlə məsələ qaldırılmasına rəğmən İcra hakimiyyəti bu elektron qəbul sistemini qurmadı və ya qurmaq istəmədi. Görünür bağçalara elektron qəbul sisteminin qurulması İcra Hakimiyyətinə sərf etmirdi. Elektron hökumətin inkişafına cavabdeh qurum da dövlətin rəqəmsal resurslarından effektiv istifadəyə yetərincə diqqət yetirmədi”.
O. Gündüz qeyd edib ki, Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında çox mühüm bir sərəncam imzalayıb. Müvafiq sərəncamla uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxarılaraq yenidən Təhsil Nazirliyinə verilib:
“Bağçalara nəzarətin yenidən Təhsil Nazirliyinə verilməsi təhsil sisteminin ilk pilləsi olan məktəbəqədər təhsil müəssisələrində vəziyyətin yaxşılaşmasına, təlim-tərbiyə işinin lazımi səviyyədə qurulmasına gətirib çıxaracaq. Ümid edirəm və inanıram ki, Təhsil Nazirliti elektron qəbul sistemini bağçalara daha effektiv formada tətbiq edə biləcək”.
Millət vəkili Məlahət İbrahimqızı deyib ki, bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsi sözügedən müəssisələrdə mövcud olan neqativ halları aradan qaldıracaq:
“Dünyanın əksər inkişaf etmiş ölkələrində məktəbəqədər təhsil müəssisələri əsasən dövlətin təhsil siyasətini həyata keçirən müvafiq qurum Təhsil Nazirliyi tabeçiliyində fəaliyyət göstərir. Bu müəssisələrdə təlim-tərbiyə işinə nəzarət və birbaşa cavabdeh qurum da Təhsil Nazirliyidir. Artıq Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra Azərbaycanda da məktəbəqədər təhsil müəsissələrinə nəzarət işi Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək”.
M.İbrahimqızı əlavə edirb ki, bu gün paytaxt və bölgələrdə yeni məktəbəqədər təhsil müəssisələrinin açılmasına da böyük ehtiyac var. Eyni zamanda, bağçalarda çalışan müəllim, tərbiyəçi və texniki işçilərin maaşı da artırılmalıdır.
Sevinc
BakuPost