Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı ilk baxışdan enerji məsələlərinə həsr olunmuş məruzə təsiri bağışlasa da, əslində daha geniş məna daşıyırdı. Bu çıxış Azərbaycanın son 30 ildə keçdiyi yolun, əldə etdiyi nəticələrin və qarşıdakı strateji hədəflərin təqdimatı idi.
Çıxışın ən diqqətçəkən məqamlarından biri enerji məsələsinə münasibətdə dünyada baş verən dəyişikliklərin vurğulanması oldu. Son illər neft və qaz sənayesinə qarşı aparılan siyasi və ideoloji kampaniyalar fonunda Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, dünya hələ uzun müddət faydalı qazıntılar olmadan yaşaya bilməyəcək. Bu, əslində son dövrlərdə formalaşan yeni beynəlxalq yanaşmanın ifadəsi idi.
Təsadüfi deyil ki, Prezident Donald Trampa enerji siyasətini yenidən praqmatik məcraya qaytardığına görə təşəkkür etdi. Bu fikir həm də onu göstərir ki, qlobal siyasətdə ideoloji şüarlardan daha çox milli maraqlar və real iqtisadi ehtiyaclar ön plana çıxmağa başlayır.
İlham Əliyevin çıxışının əsas tezislərindən biri Azərbaycanın təbii sərvətlərdən necə istifadə etməsi ilə bağlı idi. Uzun illər bir çox ölkələr üçün “resurs lənəti” hesab olunan neft və qaz gəlirləri Azərbaycanda fərqli nəticə verdi. Enerji layihələrindən əldə olunan vəsaitlər yolların, məktəblərin, xəstəxanaların tikintisinə, sosial infrastrukturun yaradılmasına, iqtisadiyyatın inkişafına və ən əsası güclü ordunun formalaşdırılmasına yönəldildi.
Prezidentin müqayisəsi təsadüfi deyildi. Bir tərəfdə ərazisinin 20 faizi işğal altında olan, yoxsulluğun 50 faizdən çox olduğu, elektrik enerjisi və qaz idxal edən Azərbaycan vardı. Digər tərəfdə isə ərazi bütövlüyünü bərpa etmiş, yoxsulluğu minimum səviyyəyə endirmiş, xarici borcu ən aşağı göstəricilərdən biri olan və beynəlxalq investor kimi çıxış edən Azərbaycan dayanır.
Əslində dövlət başçısı bu müqayisə ilə bir mesaj verirdi: enerji sərvətinin özü deyil, onun necə idarə olunması önəmlidir.
Çıxışın digər mühüm istiqaməti Azərbaycanın artıq yalnız enerji istehsalçısı deyil, həm də regional və qlobal təhlükəsizlik faktoruna çevrilməsi idi. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. TANAP və TAP layihələri Avropanın enerji xəritəsini dəyişdirib. Bir çox Avropa ölkəsi enerji təhlükəsizliyini Azərbaycanla əməkdaşlıq olmadan təsəvvür etmir.
Diqqət çəkən başqa bir məqam isə Prezidentin enerji məsələsini nəqliyyat və geosiyasətlə birgə təqdim etməsi oldu. Zəngəzur dəhlizinin Şərq-Qərb marşrutunun yeni qolu kimi təqdim edilməsi göstərir ki, Bakı artıq özünü yalnız enerji təchizatçısı kimi deyil, Avrasiyanın əsas logistika və ticarət mərkəzlərindən biri kimi görür.
Bu kontekstdə Ağ evdə imzalanmış sənədə istinad da təsadüfi deyildi. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq təkcə neft və qazla ölçülmür. Ölkə həm də yeni nəqliyyat marşrutlarının, ticarət yollarının və regional əməkdaşlıq platformalarının vacib iştirakçısına çevrilib.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın enerji siyasətinin diplomatiya ilə vəhdətdə təqdim olunması idi. Dünya okeanlarına çıxışı olmayan bir ölkənin enerji resurslarını dünya bazarlarına çıxarması yalnız boru kəmərləri çəkməklə mümkün deyil. Bunun üçün onilliklər boyu etibarlı tərəfdaşlıq münasibətləri qurmaq, qonşularla və region ölkələri ilə əməkdaşlıq yaratmaq lazım idi.
Bu baxımdan çıxışın əsas nəticəsi belə ifadə oluna bilər: Azərbaycan son 30 ildə enerji ölkəsindən daha böyük bir statusa yüksəlib. Bu gün Bakı təkcə neft və qaz ixrac etmir, həm də enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, regional əməkdaşlıq və geosiyasi sabitlik məsələlərində söz sahibi olan mərkəzlərdən birinə çevrilib.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı da məhz bu reallığın dünyaya təqdimatı idi.
Hilal,