“Baləli ilə Mehman Əhmədlinin Kəramət Böyükçöl yanlışı – Adam dəhşətə gəlir” – VİDEO
772
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 17-ci buraxılışının yazılı variantını təqdim edir.
Novruz... Tətil... Bakı...
– Salam, dəyərli tamaşaçılar! Hamınızı keçmiş bayramlar münasibəti ilə təbrik edirəm. Biz uzun bir Novruz tətilindəyik. Hələ də tətilimiz başa çatmayıb. Heç problemlərimiz də bitməyib. Bayramdan bayrama qalır problemlərimiz. Lakin xoş alqışlarımızdan da geri qalmırıq. Təbii, bayram alqışlarını bir-birimizdən əsirgəməməliyik. Bu bayramda ən çox yadımda qalan çərşənbə tonqalları oldu. Artıq hər yerdə rəsmi tədbirlərdə görünən taxtadan quraşdırılmış piramidaşəkilli tonqallar yandırırlar. Halbuki əvvəllər Novruz tonqallarını elə düzəldirdilər ki, üstündən tullanmaq mümkün olurdu. Bu tonqallardan tullanmaq mümkün deyil. Bir də mağazalarda tonqal satıldığını gördüm. Taxtalardan düzəldilmiş içi boş, taxta tonqallar, üstündə də qiyməti... Biz alverə çox həssasıq. 90-cı illərdə də sovetlər dağılan kimi dərhal alverə başladıq.
Bir də tətildə Bakı şəhərini boş görəndə bir balaca həyəcanlandım. Yadıma pandemiyanın ağır dövrləri düşdü. Bir də müharibəyə yaxın şəhərlərin boşalması. Amma Novruz tətilində insanların rayonlara getməsini, təbiətlə ünsiyyətdə olmasını bir az da təbii qarşılayıram. Bildiyim qədər, turizm bölgələrində otellərdə, evlərdə yer yoxmuş. Hətta balaca evləri də çox baha qiymətə kirayəyə veriblər. Burada da alver məsləsi bir daha ortaya çıxır.
Demək, xalqın imkanlı təbəqəsi də müəyyən statistika təşkil edir və buna sevinməliyik. Lakin bütün haıllarda Mirzə Ələkbər Sabirin şeiri aktuallığını qoruyur:
Ey pulluların səfası Novruz,
Varlıların aşinası Novruz.
Bir millətin eyd ikən sən,
Oldun füqəra əzası Novruz.
İranla sülh bağlamaq məsələsi...
– Təəssüf ki, İranla müharibə çox uzun çəkdi və nə qədər davam edəcəyi məlum deyil. Hər dəfə yeni vəziyyətlər ortaya çıxır, mütəxəssislər, xüsusilə türk mütəxəssislər geniş izahatlar verirlər. Buna görə bu haqda geniş danışmaq istəmirəm, sadəcə bir yazıçı kimi müşahidə etdiyim bəzi situasiyaları və gəldiyim bəzi nəticələri bölüşmək istətəyirəm.
Məncə, ABŞ-İran müharibəsi bitsə də, İsrail-İran müharibəsi bitməyəcək. Çünki ikinci münaqişənin dərin tarixi kökləri var. Bu, “Tövrat”dan və “Quran”dan qaynaqlanır. Mən birbaşa səmavi kitabları günahlandırmıram, sadəcə siyasi sistemlər müxtəlif dövrlərdə həmin kitabları öz məqsədlərinə uyğun interpretasiya ediblər. Mən “Tövrat”ı ilk dəfə oxuyanda oradakı iqrçiliyi açıq-aydın gördüm və dərhal da başa düşürdüm ki, Musa dövründə bu fikirlər tarixi zərurətdən doğmuşdu. “Tövrat”da yəhudi xalqı birmənalı şəkildə ən üstün xalq kimi təqdim olunur. Eyni zamanda, “Quran”da hamımızın bildiyi bir kafir anlayışı var ki, əsasən həqiqətə qarşı çıxanlar haqqında işlənsə də, həm də müsəlman olmayanları ifadə edir. Hər iki kitab poetik üslubdadır, ona görə çoxyozumludur. Zaman-zaman dövlətlər və ideologiyalar bu vəziyyətdən öz xeyrinə istifadə edib. Üstəlik, İsrailin əsas qanunlarında İsrail dövlətinin toxunulmazlığı və mövcudluğu məsələsi, İran konstitusiyasında isə məzlum müsəlmanlara kömək məsələsi ciddi ehkam kimi qoyulur. İsrail dövləti buradan çıxış edib ərazi iddialarına düşür, İran isə özündə hansısa dövlətin daxili işlərinə qarışmaq haqqını görür. Beləliklə, qarşıdurma qaçılmaz bir gerçəkliyə çevrilir. Yadınızdadırsa, SSRİ də bütün müdaxilələrə əzilənlərə kömək adını qoyurdu və özünə yalançı xilaskarlq missiya yükləyirdi.
Ümumilikdə bütün xalqların böyük imperiya xülyaları var və bu, çox zaman o xalqalrın başına bəlalar gətirir. Eyni ilə Böyük Ermənistan ideologiyasının erməni xalqına otuz ildən sonra da olsa, sarsıdıcı məğlubiyyət yaşatdığı kimi...
Sözü gedən məsələdə bircə ciddi fərq var var: yəhudilər “Tövrat”dan və əsaas qanunlardan çıxış edərək İsrail kimi inkişaf etmiş, hüququ və dünyəvi dövlət qurdular, farslar isə İran kimi mürtəce, dünyadan təcrid olunmuş, hüquq və azalıqlar işləməyən bir diktatura... Xırda bir müqayisə aparaq. 19-cu əsrin əvvəllərində Azərbaycan iki yerə bölündü, əsas hissəsi İranda qaldı, az hissəsi Rusiyaya birləşdirildi. Çar və sovet zülmünün altında belə bir cümhuriyyət, bir müstəqil respublika qura bildik, güneydəki soydaşlarımızın isə öz dillərində iptidai təhsil almaq haqqı belə yoxdur. Məncə, nə demək istədiyimi anladınız.
Elarizin dil inqilabı...
– Müğənni Elarizin “Novruz” sözünün “Bahar” sözü ilə əvəz edilməsi təklifini oxuyanda hiss elədim ki, Azərbaycan üçün darıxır. Görünür, maddi sıxıntısı yoxdur, toylardan ürəyi istəyən qədər qazanır. Boş qalanda da düşünür nə edim, nə danışım... Və belə unikal fikirlər gəlir ağlına. Mən Elariz bəyə məsləhət görürəm ki, belə təkliflərlə çıxış edəndə, mütləq mütəxəssislərlə məsləhətləşsin. Onda ən azı “Bahar” sözünün də fars dilindən gəldiyini öyrənər.
Zaman-zaman səslənən fars və ərəb mənşəli sözlərin əvəz edilməsi təklifləri Atatürkün dil inqilabının Azərbaycandakı əks-sədası kimi qiymətləndirilə bilər. Lakin Türkiyədə inzibati yolla həyata keçirlən bu dəyişiklərin hamısı özünü doğrultmadı. İctimai düşüncəyə oturanı da oldu, oturmayanı da. Ona görə bu məsələyə bir az həssas yanaşmaq lazımdır. Bir sözü dəyişmək üçün onun fars və ya ərəb mənşəli olması kifayət deyil. Əgər bunu əsas götürüb hərəkət eləsək, sözlər bir yana, adamların yarıdan çoxu adsız və soyadsız qalar. Elə Elariz adı da ərəb dilindəki “el-ariz” sözündədir, mənası “sonradan yaranan, keçici xassəyə malik” deməkdir. Ümid edirəm, sözün hərfi mənası Elariz bəyin sənətinə aid olmaz.
Ərəb sözləri dindən gəlirsə, fars sözləri ədəbiyyatdan gəlir. Nizami başda olmaqla bizim bir çox böyük sənətkarımız fars dilində yazıb. Üstəlik, Nəsimidən, Füzulidən Seyid Əzimə, Cavidə, Hadiyə, Sabirə qədər böyük şairlərimiz fars-ərəb sözlərindən, izafətlərdən gen-bol istifadə ediblər. Ona görə bir çox sözlər dilimizdə vətəndaşlıq qazanıb. Düşüncəmizə, ruhumuza işləyib. Bu sözlərdən biri də Novruzdur. Bu söz bayram adı kimi işlənməyib, şeirlərə, poemalara, hekayələrə, romanlara, filmlərə, tamaşalara mövzu olub. Milli kimliyimizin ayrılmaz hissəsinə çevrilib.
Həm də “Bahar bayramı” ifadəsi “Novuz”la adekvat deyil.
Meyxanaçı Baləlinin müsahibəsi...
– Gəlin birinci aydınlaşdıraq ki, mən niyə meyxanadan danışıram. Bəzən deyirlər, məşhurlaşmaq, tamaşaçı tutmaq üçün edirsiniz. Halbuki bu da qüsur deyil. İctimai maraq kəsb edən hər şey bizim mövzumuz ola bilər və olmalıdır. Bəzi tanıdığım ədəbiyyat adamları mənim buradakı çıxışımdan danışırlar, təqdir edirlər, mən isə düşünürəm: bunları sizin üçün danışmamışam, çünki siz dediklərimi məndən yaxşı bilirsiniz. Mirzə Cəlil necə deyirdi: “Sözünü o kəslərə de ki, sənə qulaq vermək istəmirlər”. Mən indi bu çıxışa baxmayanlar üçün danışıram. Mənə baxmayıb gedib Baləliyə qulaq asanlar üçün. Çünki başlıca məqsədlərimizdən biri, bu auditoriyadakı ağıllı insanları qəflət yuxusundan ayıldıb, doğru istiqamətə yönəltməkdir.
Baləli və Mehman Əhmədli ilə bağlı isə sadəcə iki nüansı demək istəyirəm. Baləli yazıçı Kəramət Böyükçölü tənqid edərək belə bir söz işlədir: “Günah müxalif fikirli insanları efirə çağıranlardadır”. Adam hələ bilmir ki, meyxana məhz müxalif, alternativ peşə kimi, andeqraund kimi yaranıb. Efirə buraxılmayanların tribunasıdır. Eyni zamanda ciddi sənət yox, subkulturadır. İkinci, özünü söz adamı sayan bir yaradıcı gəncin beyni necə kəsafət püskürə bilər ki, müxalif düşüncəyə öz aləmində efir qadağası qoysun. Bu nə zeyniyyətdir? Bu nə geri düşüncəlilikdir?
Mehman Əhmədli isə Kəramətə zəng edib. Təbii ki, bunların zənglərin qara kurtkalı, “Kurtlar vadisi” ahəngində, “razborka” niyyətli zənglərdir. Yəqin, müəyyən hədə-qorxu tonu da varmış. Kəramət mədəni şəkildə bildirib ki, onu narahat eləsə, aiddiyyatı qurumlara müraciət edəcək. Və Mehman Əhmədli bu cavabı söyləməklə Kəramətdən polisə işləyən adam obrazı yaratmağa çalışır. Yaxşı, adam nə etməldir? Bəlkə, Rəşad Dağlı kimi bıçaq götürüb söhbətə gəlməlidir? Meyxanaçıların çoxu bu cür kriminal əhvallıdır və dedikləri meyxanalarla da yeniyetmə və gənclər arasında bu duyğunu alovlandırırlar. Eyni zamnada, kriminal aləmə simpatiya bəsləyənlərdən tamaşaçı yığmağa çalışırlar.
Adam fikirləşəndə ki, bu zehniyyətin yüz minlərlə, bəzən milyonlarla tamaşaçısı var, dəhşətə gəlir. Meyxana ölkədə epidemiya səviyyəsindədir. Mən inzibati təzyiqin əleyhinəyəm, sadəcə daha yaxşı alternativlə bu cəfəngiyatın qarşısı alınmalıdır.
Məmur kimi geyinən müğənnilər...
– Demək, bir neçə gün öncə sosial şəbəkə hesabımda belə bir şəkil paylaşdım, şəkil geniş müzakirəyə səbəb oldu. Məni təqdir edənlər də oldu, lakin daha çox tənqidə tuş gəldim və bu haqda efirdə danışmaq qərarı verdim. İndi siz ekranda o fotonu görürsünüz. Gözlərim zəifdir. İlk baxanda elə bildim ya nazirlərdir, ya da icra başçıları. Bəlkə, ayrı-ayrı çəkdirsələr, bu qədər diqqət çəkməzdi. Fikir verin, kostyumların və qalstukların rəngi də eynidir. Duruşları da eynidir. Mən bu adamların sənətinə bir söz demirəm. Amma əminəm, bu standart geyim, standart düşüncənin məhsuludur. Bu geyimdə sənətkar heç vaxt ciddi yenilik edə bilməz. Çünkü düşüncəsi yeniliyə qapalıdır.
Fikirlərimi kiminsə geyiminə qarışmaq kimi qəbul etmək olmaz. Bunlar Azərbaycanın sənət simalarıdır. Öz qohumunun toyuna, ad gününə nə geyinsələr, bizi maraqlandırmaz, lakin gözlənilməz qonaq kimi evimizin içinə gəlirlərsə, sənətimizi təmsil etmək missiyasını öz üzərlərinə götürüblərsə, səhnə çıxışlarındakı bütün detallar müzakirəyə açıqdır. İllah da birbaşa və dolayısı ilə sənətlə əlaqəsi olan detallar.
Siz heç vaxt görə bilməzsiniz ki, Mənsum İbrahimov və ya bu fotodakı istənilən bir sənətkar Azərbaycanın hansısa tale yüklü məsələsinə münasibət bildirsin. Sizcə bu nə ilə bağlıdır? Mən cavab verirəm. Bu kostyumlarla. Bu kostyumları onlara geyindirən, bu qalstukları bağlayan şərtlər, onların nə danışıb, nə danışmayacağına da qərar verir.
Nə Mənsum müəllim, nə Təyyar bəy muğamda heç vaxt yenilik edə bilməzlər. “Bu Mənsum yoludur – bu Təyyar yoludur” heç bir vaxt deyilməyəcək. Səbəb, yenə deyirəm, bu geyimdə və bu geyimi şərtləndirən düşüncədədir.
Bir-iki ciddi kitab oxusunlar, bir-iki imicmeykerlə söhbət etsinlər, orijinal olmağa və orijinal oxumağa çalışsınlar. Birdən deyirlər, bəs nə geyinsinlər? Mən nə bilim? İşimi-gücümü atıb onlara stil yaradası deyiləm ki! Zəhmət çəksinlər, pul xərcləsinlər, öz çıxışlarına, səhnə performanslarına uyğun geyimlər tapsınlar.