Bankların əksəriyyəti dollar alışını dayandırıb.
Bu barədə BakiPost.az-a iqtisadçı ekspert Vüqar
Bayramov məlumat verib. Onun sözlərinə görə, bankların dollar alışından imtina
etməsinin əsas səbəbi inzibati yol ilə dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda
dollar tələbini azatlmaqdır: "Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir
ki, bu, valyuta artıqlığı ilə bağlıdır. Banklara nəzarət edən qurumlar bu
istiqamətdə heç bir göstərişin verilmədiyini bildirirlər. Sadəcə əksər
bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə
doğurur. Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması
da nəzəri və praktiki baxımdan mümkün deyil.
Digər tərəfdən, əgər banklarda dollar artıqlığı
varsa, o zaman vətəndaşlara niyə dollar satmırlar?
Dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki
valyuta artıqlığı bir az azalsın - sadə iqtisadi məntiq bunu deyir. Bankların
dollar alışından imtina etmə səbəbi inzibati yol ilə dollarlaşmanın qarşısını
almaq və vətəndaşlarda dollar tələbini azatlmaqdır. Vətəndaş aldığı dolları
sata bilmirsə dollar ilə yığımlarını azalda bilər. Bu, səmərəli yoldurmu? Təbii
ki, yox. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada
bilər və nəticədə bu bir neçə gün davam edərsə, dollar ilə yanaşı manatın da "qara
bazarı” yaranacaq. Bu halda vətəndaşlar "qara bazar”a dollar almaq deyil, həm də
dollar satmaq üçün gedəcək. Deməli, dollar alış qadağası qalarsa "qara
bazar”dakıların "əl-qolları” genişlənəcək, valyuta əməliyyatları tamamən
banklardan qapalı və qaranlıq otaqlara köçəcək. Maraqlıdır, ölkəyə gələn
turistlər dollarını necə dəyişəcək? Belə çıxır ki, hotellərdə "qara bazar” ilə
bağlı xüsusi məlumatlandırma kursları olmalıdır ki, tursitlər bilsinlər ki
haradan manat ala bilərlər. Bu zarafata bənzəsə də əksər bankların dollar
almadığı şəraitdə xeyli real görsənir”.
Vüqar Bayramov qeyd edib ki, dollar artıqlığı olduğu
təqdirdə ən sadə məntiqlə sabahkı hərracda banklar dollar almayıb, əksinə
dollar satmalıdırlar: "Deməli, dollar təklif etməlidirlər. Hərrac qaydalarına əsasən
isə dollar təklifi tələbini üstələdiyi halda dolların kursu düşməli, manatın
kursu möhkəmlənməlidir. Bu, belə olacaqmı? Əksər bankların izah edilməsi çətin
olan qərarları əsasında nə isə demək mümkün deyil. Sabahı gözləyək. Amma belə
olmayacaqsa, deməli, banklarda dollar artıqlığı yoxdur. Valyuta bazarına nəzarət
edən qurumların təkziblərinə baxmayaraq dollar alışından imtina bütün hallarda
inzibati yollar ilə həyata keçirilir”.
Sevinc Yasinqızı
Bakı Post